Ötənlərdə mətbuatda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin "Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri” başlıqlı məqaləsi işıq üzü görüb. Məqalədə müxtəlif istiqamətlərə toxunan Administrasiya rəhbəri vurğulayıb ki, idarəetmə islahatları ayrı-ayrı dövlət orqanlarının əsasnamələrinə yenidən baxılmasını və onların ciddi şəkildə ekspertizadan keçirilməsini tələb edir. Akademikin qənaətincə, öz fəaliyyətini siyasi müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük itkilərə yol aça bilər:
"Bu baxımdan Prezident İlham Əliyev yerli sahibkarlarla görüşü zamanı dövlət məmurlarının vahid komanda şəklində çalışmasının vacibliyini heç də təsadüfən söyləməmişdir. Azərbaycanın gözəl gələcəyi var. Azərbaycanda sabitlik var. Azərbaycanda gözəl insan potensialı var, çox peşəkar insanlar var. Əlbəttə, siyasi iradə də var. Əgər biz hamımız hərə öz yerində bu istiqamətdə vahid bir komanda kimi çalışsaq, əminəm ki, yaxın zamanlarda Azərbaycanda sahibkarların qarşısında heç bir problem olmayacaqdır”.
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadə də qeyd edib ki, istedadlı, yüksək təhsilli, üzərinə düşən məsuliyyətin öhdəsindən yaxşı səviyyədə gələn kadrlar – xüsusilə, gənclər idarəçilikdə önə çəkilməlidir:
"Vaxtaşırı cəmiyyətin istedadlı mütəxəssislərinin idarəetməyə cəlb olunması, onların potensialından istifadə edilməsi müsbət nəticələr verib. Daim mövcud olan bu proses aprelin 11-də keçirilən prezident seçkilərindən sonra da davam etdiriləcək. Cənab prezidentin ölkə başçısı olduğu yeni yeddi il müddətində Azərbaycanın inkişafında çox əhəmiyyətli dövr olacaq. Bu illərdə mütləq müasir təfəkkürlü, milli düşüncəli, hazırlıqlı gənclərlə komanda formalaşdırmaq lazımdır. Ona görə, gənclərin və orta yaşlı kadrların irəli çəkilməsi gələcəyimizin təmin olunması üçün əsas şərtlərdən biri hesab edilə bilər.
Azərbaycanda istedadlı, hazırlıqlı kadrlar kifayət qədər çoxdur. Bu şəxslərin potensialından uğurla istifadə edildiyi əvvəlki illərin təcrübəsində də sübut olundu. Vurğuladığımız siyasət bundan sonra da davam etdiriləcək”.
Aysel Aslan