Kommunist Partiyası da parçalandı

Rauf Qurbanov isə deyir ki, saxta qurultay olub




Yayılan məlumatlara görə, mart ayının əvvəlində Azərbaycan Kommunist Partiyasının 38-ci qurultayı keçirilib və sədr müavini Gülnisə Məhsimova quruma yeni rəhbər seçilib. Partiya sədri Rauf Qurbanov isə bir qrup tərəfdarı ilə AKP-dən çıxarılıb. Buna səbəb kimi onların partiyada bölücü və fraksiyaçı fəaliyyətləri göstərilib.

Qurultay barədə mətbuata açıqlama verən G.Məhsimova da bəyan edib ki, həqiqi AKP-də Rauf Qurbanov adlı sədr yoxdur. O, partiyanın 2013-cü il 14 iyul tarixli plenumunun qərarı ilə yol verdiyi ciddi nöqsanlara, həmkarları arasında nüfuz və etimadı itirdiyinə görə sədr vəzifəsindən qovulub. G.Məhsimova özünü "partiya sədri” kimi qələmə verən R.Qurbanovun iqtidar-müxalifət görüşündə kommunistlər adından çıxış etməsinə də etirazını bildirib. Barəsində yayılan ittihamlara münasibət bildirən Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov deyib ki, martın 1-də Xətai rayonunda Kommunist Partiyası adından keçirilən 38-ci "qurultay” təxribatdır və heç bir hüquqi əsası yoxdur. R.Qurbanovun sözlərinə görə, bu cür hallar partiya daxilində pozuculuq, ədavət yaratmaq məqsədi daşıyır: "Həmin adam partiyada daxili pozuculuq fəaliyyəti ilə məşğul olduğuna, nizamnamə tələblərini ciddi şəkildə pozduğuna görə 2014-cü ildən qurumdan xaric olunub. İndi belə bir adamın "qurultay” keçirməsi həqiqəti özündə əks etdirmir”. AKP sədri qeyd edib ki, partiya sıralarından qovulan bir şəxs, üç-beş adamı başına toplayaraq, xeyir-şər mərasimləri üçün nəzərdə tutulmuş zalların birində yığıncaq keçirib və buna "qurultay” statusu verməyə çalışıb: "Onların saxta qurultayla guya məni partiyadan qovması gülünc iddiadır. Dərc olunmuş məlumatdan və sərgilənən foto görüntülərdən aydın olur ki, özü səviyyədə bir neçə insanı başına toplayan şəxsin "qurultayı” saxtadır və heç bir mahiyyəti yoxdur”.

İsmayıl