Kommunistlər görünməsə də, işləyirlər

Rauf Qurbanov Karl Marksın yubiley tədbirinə qatılacaq




Ölkədə prezident seçkiləri başa çatdı. Buna baxmayaraq siyasi partiyalar öz fəaliyyətlərini davam etdirməkdədir.

Solçu partiyalar kimi tanınan Azərbaycan Kommunist Partiyası (AKP) və Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədrləri ilə əlaqə saxlayıb gələcək planlarını öyrənməyə çalışdıq.

Prezident seçkiləri zamanı müşahidəçi qismində iştirak etdiklərini deyən Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov müşahidə ilə yanaşı, seçicilərin məntəqələrə gəlmələri ilə bağlı xeyli işlər gördüklərini də bildirib: "Prezident seçkilərində İlham Əliyevin xeyrinə dəstəyimizi bildirdik. Bununla yanaşı, Mərkəzi Komitənin plenium qərarına müvafiq olaraq Respublikanın əksər dairə və məntəqə-seçki komissiyalarında iştirak edib gücümüz müqabilində xeyli işlər görmüşük. Bütün bunları bir vətəndaş olaraq özümüzə borclu kimi qəbul etmişik. Çünki pleniumda bu haqda qərar qəbul olunub. Kommunist Partiya İttifaqı sədrinin birinci müavini Kazbek Taysayev də seçkilərdə müşahidəçi qismində iştirak edirdi. Həmçinin K.Taysayevlə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin tədbiri keçirildi.

Yerlərdə müşavirələr, rayon partiya komitələri ilə mütəmadi görüşlər keçiririk. Aprelin 29-da Mərkəzi Komitənin növbəti katibliyinin iclasıdır. Bütün rayon, şəhər, partiya komitəsinin birinci katibləri Bakı şəhərinə toplaşacaq və gündəlik məsələlər müzakirə olunacaq. Aprelin 14-də Nərimanovun 148-ci ildönümü ilə əlaqədar olaraq Azərbaycan Kommunist Partiyası Yasamal rayonunda yerləşən abidə önünə toplaşdı. Nərimanovun həyat və fəaliyyəti ilə əlaqədar olaraq mənim geniş məruzəm də oldu. Mayın 10-u və 12-də Karl Marksın 200 illik yubileyi ilə əlaqədar olaraq Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Züqanovun dəvəti ilə tədbirə qatılacam. Bütün dünyadan partiya rəhbərləri, Nobel mükafatı laureatları, alimlər, professorlar da bu tədbirə dəvət olunub”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə bildirib ki, prezident seçkiləri başa çatsa da, həyat davam edir: "Hər zamankı kimi öz işimizlə məşğul olacağıq. Növbədə parlament seçkiləri var. Partiyamız hər hansı bir xüsusi tədbirlər planlaşdırmır. Əvvəlki iş rejimində fəaliyyətimiz davam edir”.

Yeganə Bayramova