Konvensiya Azərbaycanın maraqlarına cavab verir

Xəzərin statusundan 5 ölkənin hər biri qazandı



Əksər ekspertlər avqustun 12-də Aktauda Xəzərin statusuna dair imzalanan Konvensiyanı irəliyə doğru atılmış ciddi addım hesab edirlər. Çünki bu sazişlə Xəzəryanı dövlətlərin iddiaları hüquqi müstəviyə çıxarılmış olur. Lakin siyasi-hüquqi sənəd olan Konvensiya imzalansa da, bu hələ son hədd deyil.

Hələlik Xəzərin sahil sularına aid müəyyən bölgü aparılıb və bu bölgü ilə sahilyanı dövlətlərin səlahiyyətləri müəyyənləşdirilib. Xəzərin suyunun üzü sahilyanı dövlətlər üçün mühüm rol oynayır. Həm ticarət nəqliyyatı, həm hərbi-dəniz donanmalarının fəaliyyəti üçün Xəzər vazkeçilməzdir. Ancaq Xəzərin dibi üçün müəyyən istiqamətlərdə sənədlər işlənib hazırlanmalıdır. Azərbaycan üçün vacib olan prioritet məsələ Xəzərin dibinin necə bölünməsidir. Çünki Xəzər dənizində ilk neft quyularını qazan, oradakı karbohidrogen yataqlarını mənimsəyən məhz Azərbaycan olub. Ölkəmiz bundan sonra da Xəzərin özünə aid hissəsində bioloji yataqların tədqiqi və onların işlənib hazırlanması ilə məşğul olacaq. Konvensiya ilə bağlı mühüm məqamlardan biri də sənədin 5 dövlət tərəfindən ratifikasiya olunmasıdır. Məsələ ondadır ki, Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfdən sənədin təsdiqlənməsi ilə bağlı demək olar ki, heç bir problem yoxdur. Lakin İrana dair müəyyən tərəddüdlər var. Çünki Həsən Ruhaniyə qarşı İran parlamentində ciddi əks qüvvələr fəaliyyət göstərməkdədir. Bəzi siyasi dairələr həmin deputatların anlaşma əleyhinə səs verəcəklərini iddia edirlər. Lakin əksər analitiklər bunun əksini düşünürlər.

Sabiq dövlət müşaviri Qabil Hüseynli "Şərq”ə açıqlamasında bəyan edib ki, Konvensiyadan ən çox qazanan iki tərəfdən biri Rusiya, digəri isə İrandır. Ona görə də İran parlamentariləri sazişin ratifikasiyasına ciddi müqavimət göstərməyəcəklər: 

"Xəzərin dibinin bölünməməsi və mövcud problemlərin qalması ilk növbədə İranın özünə çətinlik yaradır. Bu baxımdan sözügedən Konvensiya İran üçün çox əlverişlidir. Düzdür, gələcəkdə Xəzərin dibinin bölünməsi ilə bağlı İran və Türkmənistanla bağlı müəyyən problemlər yarana bilər. Lakin indiki şəraitdə İran parlamentində Konvensiyaya qarşı dirəniş olacağını zənn etmirəm. Çox güman ki, Konvensiya İran tərəfindən də tezliklə ratifikasiya olunacaq. 

Çünki iranlılar yaxşı başa düşürlər ki, Xəzərin hüquqi statusu ilə bağlı anlaşma Tehranın strateji maraqlarına uyğun gəlir. Ən əsası isə İranın dini rəhbəri bu görüşdədir. Əgər dini rəhbər icazə verməsəydi, Ruhani Aktau Sammitinə qatılmaz və sənədə imza atmazdı. Ayətullah Xamaneyi anlayır ki, İran və Rusiya arasındakı məsələlər məhz bu Konvensiya vasitəsi ilə tənzimlənəcək”.

İsmayıl