Körpələri infeksion viruslardan necə qoruyaq ? - Pediatrdan tövsiyə




Uşaqların yay aylarında virus infeksiyalarına tutulmaması üçün analar mütləq təmizliyə riayət etməlidir”.

Bunu "Sherg.az”a son günlər uşaqlar arasında qızdırma, qusma hallarının kəskin artması ilə bağlı danışarkən pediatr Kəmalə Əmrahova deyib. 

O bildirib ki, yay fəsli ilə əlaqədar olaraq uşaqları insanların sıx olduğu yerlərdən, dəniz, hovuz kimi məkanlardan bir müddət uzaq tutmaq lazımdır:

"Xəstəliyin müşahidə olunduğu müddətdə uşaqların başqaları ilə təmasda olmamasına diqqət etməliyik. Virus infeksiyası müxtəlif vasitələrlə yayıla bilir və 1 həftəyə qədər uşaqlarda qızdırma müşahidə olunur. 3 gün ərzində gözləməliyik ki, qızdırma aşağı enirmi. Əgər yenə bu hal davam edərsə, mütləq tədbir görmək lazımdır. Uşaqlar bu müddətdə yağlı yeməklərdən uzaq olmalı, bu cür hazırlanmış yeməkləri azaldılmalıdır. Xüsusilə, ağartı məhsulları, süd və qatıq kimi faydalı qidalara yer vermək lazımdır”.

K.Əmrahova deyib ki, xəstəliyin daha da irəliləməsi üçün 3 gün sağalma müşahidə olunmazsa, həkimə müraciət edib, dərman preparatları ilə müalicəyə başlamaq olar:

"Əgər boğaz infeksiyası varsa, həkim məsləhəti ilə müalicəni davam etdirmək lazımdır. Əks halda körpəyə çoxlu maye vermək və qeyd etdiyimiz prosedurları həyata keçirmək kifayətdir. Əsas məsələ isə uşaqların gigiyenik qaydalarına riayət etmək lazımdır.

Körpələri dənizkənarı bölgələrə, çimərliklərə aparmaq, dəniz suyuna salmaq olmaz. İki yaşından aşağı uşaqlarda su vasitəsilə burun-boğaz, göz, qulaq və ya sidik yolu infeksiyası yarana bilər. Xüsusilə, qız uşaqlarında çirkli su vasitəsilə sidik yolu infeksiyası, oğlanlarda isə göz, qulaq və burun-boğaz infeksiyaları bədənə daxil olur”.

Qeyd edək ki, məlumata görə, bu simptomlar uşağın həyatı üçün adətən təhlükə təşkil eləmir. Yüngül infeksiyalar olur, 3-4 gün müddətində uşaqda qızdırma və ya digər simptomlar müşahidə edilir, sonra isə müalicə tələb etmədən çıxıb gedir.

Aysel Aslan