Azərbaycan Rusiyanın əsas silah ticari tərəfdaşıdır, bundan sonra da belə olacaq
Rusiya Federasiya Şurasının beynəlxalq işlər komitəsinin sədri Konstantin Kosaçev İrəvana səfəri zamanı Azərbaycana silah satışına dair suallarla qarşılaşıb. Kosaçev Rusiyanın Azərbaycana silah satışına dair son məlumatların "2016-cı ilin aprelinə qədər bağlanmış müqavilələrlə” bağlı olduğunu deyib.
Həmçinin, bildirib ki, Rusiya Azərbaycana daha əvvəlki miqyasda silah satmayacaq. Onun sözlərinə görə, silah satışının azaldılması qərarı 2016-cı ilin aprelində baş verən döyüşlərlə bağlıdır: "Rusiya 2016-cı ilin aprelinə qədər imzalanmış müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirir. Biz bunu etməliyik, çünki müqavilənin şərtləri var. Lakin bu situasiya həmin kəskinləşmə ərəfəsinə qədər idi və məndə olan informasiyaya görə daha indiki miqyaslarda həyata keçirilməyəcək”. Ekspertlərə görə, Kosaçevin ermənilərin könlünü almaq üçün İrəvanda verdiyi açıqlama qeyri-real ola bilər. Ancaq bundan sonra Moskvanın münaqişə tərəflərinə silah satışını balanslı həyata keçirəcəyini iddia edənlər də var.
Mövzunu "Şərq”ə dəyərləndirən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə isə deyib ki, Kosaçevin İrəvanda Ermənistanın maraqlarına uyğun açıqlamalar verməsi reallığa söykənmir. Ekspertin sözlərinə görə, Komitə sədrinin ifadələri erməni isterikasının qarşısını almağa yönəlib:
"Azərbaycan Rusiyanın əsas silah ticari tərəfdaşıdır. Rusiyadan 5 milyard dollar məbləğində silah-sursat almışıq. Çox güman ki, silah alış-verişi bundan sonra da davam edəcək. Kosaçevin dedikləri heç bir reallığa söykənmir.
Çünki aprel döyüşlərindən sonra Rusiyanın hərbi sənaye naziri Roqozin və digər rəsmi şəxslər Azərbaycana silah satışını davam etdirəcəklərini bəyan ediblər. Rusiya rəsmiləri yaxşı bilirlər ki, Azərbaycana silah satmayacaqları halda digər ölkələr bu bazara girəcəklər. Prezident İlham Əliyev də Davos Forumunda Rusiya ilə yeni silah ticarəti müqavilələrinin bağlanacağını deyib”.
Analitik bildirib ki, ölkəmizə silah satmağa maraqlı olan tərəf məhz Rusiyadır:
"Moskvaya tətbiq olunan sanksiyalar geniş maliyyə itkisinə səbəb olub. Rusiyanın əsas ixracdan əldə etdiyi valyuta məhz silah satışıdı. Azərbaycan isə bu ölkənin əsas silah alıcısıdır. Əgər Rusiya Azərbaycana silah satmazsa, bu onun özünə ziyan olacaq və maliyyə imkanları zəifləyəcək.
Məncə, Rusiya Ermənistana görə heç vaxt buna getməz. Həm də nəzərə alaq ki, Azərbaycanın rus silahlarına o qədər də böyük ehtiyacı qalmayıb. Azərbaycan kifayət qədər yerli istehsalı stimullaşdırıb. Ölkəmiz Türkiyə, İsrail, Belarus, Çexiya və Pakistandan yeni müasir raket və artilleriya batareyaları alır. Bu baxımdan düşünürəm ki, Kosaçevin sözləri sadəcə erməni cəmiyyətinin sakitləşdirilməsinə xidmət edir. Onsuz da rəsmi İrəvan Rusiyanın qarşısında hansısa şərt qoya bilməz. Ermənistan Moskvanın diktəsi ilə idarə olunur. Rusiya Azərbaycanı silah tərəfdaşı olaraq seçib, Azərbaycan yox”.
İsmayıl