Kreml həmin Kremldir, dəyişməyib

Rusiya Ermənistanı Azərbaycanla eyni formada silahlandırır, gücləndirir



"Azərbaycan Rusiyadan 100 tank alıb. Bu ölkənin "Uralvaqonzavod” Dövlət Konserni Azərbaycanın sifariş verdiyi 100 ədəd T-90S tankının hamısını təhvil verib. Məlumata görə, tankların çatdırılması bir neçə ay əvvəl yekunlaşıb. İndiki mərhələdə istehsalçı müəssisə ehtiyat hissələrin çatdırılmasını davam etdirir”.

Bu barədə UVZ rəsmisi bildirib. Onun sözlərinə görə, Azərbaycan tankçıları qısa müddətdə T-90-ların istismarını mənimsədilər: "Bizdə olan məlumata görə, hətta təlimlərdə yeni tankları tətbiq ediblər”. Qeyd edək ki, T-90S tanklarının Azərbaycana çatdırılması 2013-cü ildə başlanıb. Tanklar ilk dəfə 2013-cü ilin iyun ayında Bakıda keçirilən hərbi paradda nümayiş etdirilib.

Rəsmi Bakı və Moskva arasındakı hərbi əməkdaşlığı dəyərləndirən hərbi ekspert Azad İsazadə "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, ölkəmizin müdafiəsi üçün çox mühüm addımdır: "Amma unutmayaq ki, Moskva Azərbaycanla yanaşı, Ermənistanı da silahlandırır. Çünki Kreml İrəvanın ən nəhəng havadarıdır. Biz də Moskva ilə əməkdaşlıq etməliyik ki, Rusiya Azərbaycanı tam olaraq dəstəkləməsə də, balansı qorusun. Hətta bu yaxınlarda şimal qonşumuzun rəsmilərindən biri qeyd etmişdi ki, biz Azərbaycana silah satanda, Ermənistanın da marağını nəzərə almalıyıq. Bir sözlə, balansı qorumaq istəyirlər. Mənfi cəhət odur ki, Moskva Ermənistanı Azərbaycanla eyni formada silahlandırır, gücləndirir. Bu da Qarabağ münaqişəsinin həllini uzadır. İndiyə qədər Rusiya silahı ermənilərə dəstək verməsə idi, yəqin ki, düşmən ölkə danışıqlarda yumşalacaqdı. Qarabağ problemi öz ədalətli həllini tapacaqdı. Görünür, münaqişənin yaxın vaxtlarda həll olunması Şimal qonşumuzun marağında deyil”.

Ayyət Əhməd