Kremlin şərhi bizi qane edə bilməz

Rus qadınlarının Bakının razılığı olmadan işğal olunmuş ərazilərə gəlməsi qanunsuz addımdır




Rusiya Xarici İşlər Nazirliyi Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın bir müddət əvvəl rusiyalı qadınlarla Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini şərh edib. Moskva bəyan edib ki, bu aksiyanın təşkilatçıları Xarici İşlər Nazirliyinə müraciət etməyiblər, ona görə də onların niyyəti barədə obyektiv fikir yürütmək çətindir: 

"Prinsip etibarilə hesab edirik ki, bu cür tədbirlərin uğur qazanması üçün münaqişə tərəflərinin anlayışı və dəstəyi vacibdir”. Xatırladaq ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Akopyanın işğal olunmuş ərazilərə qanunsuz səfəri ilə bağlı Rusiya XİN qarşısında məsələ qaldıracağını demişdi. XİN rəsmisi bildirmişdi ki, Akopyan humanitar missiyası üçün hədəfləri düzgün seçməyib: 

"Aydındır ki, bu təşəbbüs hazırkı vəziyyətdə, xüsusilə də seçkilər öncəsi Ermənistanın daxili auditoriyasına hesablanıb. Lakin nəzərə almaq lazımdır ki, bu kimi təşəbbüslər Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun gəlmir, münaqişənin həllinə xidmət etmir”.

Kremlin rus qadınların Qarabağa getməsinə münasibətini şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında Moskvanın yanaşmasının qənaətbəxş olmadığını deyib. Onun fikrincə, Rusiya prosesə ikibaşlı yanaşır: 

"Bu nə deməkdir? Necə yəni Qarabağa gedənlərin niyyəti bəlli deyil və onlar XİN-ə müraciət etməyiblər. Məqsədləri nə olursa-olsun, istənilən şəxsin rəsmi Bakının razılığı olmadan işğal olunmuş ərazilərə gəlməsi qanunsuz addımdır. Rus qadınları ermənilərin "dərdlərinə” ağladıqlarını iddia edirlər. Torpaqlarımızı işğal edən qüvvələrin problemləri ilə maraqlanmaq hansı məqsədə qulluq edir?! Məgər rus xalqı, ziyalıları, ictimai xadimləri, QHT nümayəndələri ermənilərin Azərbaycan torpaqlarını işğal etdiklərini bilmirlərmi? 

Düşmənin 35 dinc azərbaycanlını vəhşicəsinə qətlə yetirməsindən xəbərsizdirlərmi? Dağlıq Qarabağda separatçıların qondarma respublikası var və onlar Azərbaycan qanunlarına tabe olmurlar. Əgər rus qadınlar və rəsmilər bunu bilmədiklərini iddia edirlərsə, özlərini çox gülməli vəziyyətdə qoyurlar. Məncə, şimal qonşumuz reallıqları yaxşı bilir. Hesab edirəm ki,

Qarabağa qanunsuz səfər edən hər bir şəxsin məqsədi təxribat törətmək, erməni dəyirmanına su tökməkdir. Sülh istəyən adamlar ilk növbədə təcavüzkar ermənilərə çağırış etməlidir”.

İsmayıl