Azərbaycanlıların belə kütləvi şəkildə qaçaq yolu ilə, özü də yük maşınında Avropaya qaçması çox təəccüblüdür
Türkiyədən qaçaq şəkildə Avropaya getmək istəyən azərbaycanlılar saxlanılıb. Çorum şəhərində şübhəli yük maşını aşkarlanıb. Maşının yük yerində azərbaycanlıların çoxluq təşkil etdiyi 200 qaçqın olub. Polis bildirib ki, yük yerindən düşənlər qaçmağa başlayıb, lakin onların bir hissəsi saxlanılıb. Hazırda digər qaçan qaçqınlar və sürücü axtarılır.
Məlum olub ki, həmin şəxslər Avropaya mühacirət etmək üçün yük maşınına külli miqdarda pul ödəyiblər. Polisin məlumatına görə, qaçqınlar maşına Azərbaycanın paytaxtı Bakı şəhərində yığılıb və Türkiyə üzərindən gizli olaraq, Avropaya keçməyi planlaşdırıblar.
Onların arasında hamilə qadın da olub, o, dərhal xəstəxanaya yerləşdirilib.
İlkin istintaqda məlum olub ki, təxminən 200-ə yaxın azərbaycanlı və əfqan 1000 dollar qarşılığında Bakıdan yola düşüb. Faktla bağlı polis araşdırmalara başlayıb. Hadisəni "Şərq”ə şərh edən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay deyib ki, indiyə kimi azərbaycanlı soydaşlarımıza aid belə bir hadisə ilə rastlaşmayıb. Onun sözlərinə görə, azərbaycanlıların belə kütləvi şəkildə qaçaq yolu ilə, özü də yük maşınında Avropaya qaçması çox təəccüblüdür:
"Dəqiq araşdırmaq lazımdır. Ola bilsin, 1-2 nəfər onların tərkibində azərbaycanlıların sayı iddia edildiyi kimi çox deyil. 200 adam inandırıcı gəlmir. Azərbaycanın gömrük postlarından hazırda bir "paçka” dollar çıxartmaq belə mümkün deyil. Bu boyda yük maşını, içi adamlar dolu gömrükdən necə keçib?! Belə kütləvi və riskli axın adətən Afrikadan, ya da Asiyanın Əfqanıstan, Suriya və İraq kimi xaoslu ölkələrindən olur. Yük maşınında bu qədər camaatı uzun yola çıxarmaq çox təhlükəlidir. 2 il əvvəl Avstriyada tələbə oğlum belə bir hadisəni görüb şəklini çəkib yollamışdı. Yük maşınına insanları doldurub, Avstriyaya, Vena yaxınlığına qədər gəlib yolun kənarında maşını qoyub qaçmışdılar. İnsanlar səhərə kimi maşının bağlı yük yerində qaldıqları üçün havasızlıqdan məhv olmuşdular”. Ekspert bildirib ki, Bakıdan İstanbula kondisionerli və hər şəraitli avtobus təklif etsək, çox adam razılaşmayacaq, çünki uzun yol getməyi sevən azdır. Yük maşınında bu qədər riskli və əziyyətli məsafəni qət etməyə razılıq verən şəxslər intihara yaxın psixoloji haldadırlar. Amma yenə deyirəm ki, Azərbaycandan belə kütləvi qaçış inandırıcı deyil, buna zəmin yoxdur”.
Gömrük Komitəsi: "Miqrantların Bakıdan Avropaya qanunsuz daşınması barədə xəbər doğru deyil”
Bir sıra kütləvi informasiya vasitələrində Türkiyədə fəaliyyət göstərən media orqanlarına istinadən qonşu ölkənin Çorum əyalətinin Osmancıq bölgəsində polis tərəfindən yük yerində Avropaya mühacirət etmək istəyən miqrantların olduğu nəqliyyat vasitəsinin saxlanıldığı, nəqliyyat vasitəsinin qoşqusunda aşkar edilən Azərbaycan vətəndaşları və əfqanlardan ibarət 200-dən artıq miqrantın Bakıda pul müqabilində nəqliyyat vasitəsinə mindirilərək qeyri-qanuni yollarla Avropaya daşındığı barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Bu barədə "APA-Economics”ə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata əsasən, komitədə aparılan araşdırma zamanı məlum olub ki, yayılan xəbərə əlavə edilən videoda görüntüləri əksini tapan miqrantların daşındığı 34 DH 9435 dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi Azərbaycanın gömrük ərazisinə ümumiyyətlə daxil olmayıb: "Həmin nəqliyyat vasitəsinin 34 EL 322 dövlət nömrə nişanlı qoşqusu isə sadəcə 1 dəfə, 2010-cu ildə Azərbaycan ərazisində olub”. "Üstəlik hadisə ilə bağlı Türkiyədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin hazırladığı daha ətraflı reportajlarda jurnalistlərə müsahibə verən miqrantlar nəqliyyat vasitəsindəki insanların əfqan, tacik, türkmən və özbəklərdən ibarət olduğunu bildirir, xəbərdə Azərbaycan və ya azərbaycanlılardan ümumiyyətlə bəhs olunmur”, - deyə açıqlamada vurğulanıb.
DGK bir daha media qurumları və nümayən dələrinə komitənin fəaliyyət sahələrinə aid olan məlumatların rəsmi mövqe öyrənməklə hazırlanmasını və yayımlanmasını tövsiyə edir.
İsmayıl