KTMT-yə üzvlük məsələsi Azərbaycanın gündəmində deyil

İndiki halda bu kimi təşəbbüslərlə çıxış etmək mənasızdır
"Bakı Rusiya silahlarının tədarükü üzrə yeni müqavilələr imzalamaqda maraqlıdır. Detallar müvafiq qurumlar tərəfindən razılaşdırılacaq”. Bu sözləri Prezident İlham Əliyev "Ria Novosti”yə açıqlamasında deyib. Dövlət başçısı vurğulayıb ki, hərbi texnikanın nomenklaturası məsələsi iki dövlətin müvafiq orqanları arasında razılaşdırılacaq: "Biz, əlbəttə, maraqlıyıq. Rusiya müasir, etibarlı hərbi texnikanın əsas tədarükçülərindəndir və biz onlara tam çıxış əldə edə bilirik”. Prezident bildirib ki, Azərbaycan Rusiya hərbi texnikasının tədarükü ilə bağlı daha əvvəl imzalanan sazişlərin tam reallaşmasını gözləyir: 
"Rusiya silahlarının ən iri alıcılarındanıq. Ötən illərdə imzalanan bəzi müqavilələr hələ reallaşma mərhələsindədir. Daha doğrusu, biz hələ hamısını əldə etməmişik, lakin böyük hissəsini almışıq. Bu səbəbdən hər iki tərəf bu cür əməkdaşlığın davamına ümid edir”. Dövlət başçısı Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması ilə bağlı sualı da cavablandırıb. Bildirib ki, Azərbaycanın bu təşkilata üzv olmaq və ya müşahidəçi statusu daşıması məsələsi hələ qarşıya qoyulmayıb: "Bu məsələ hələ müzakirə mərhələsində deyil”.
Ölkə rəhbərinin Azərbaycan-Rusiya arasındakı əməkdaşlıq və KTMT məsələsi ilə bağlı dediklərini "Şərq”ə şərh edən politoloq İlqar Vəlizadə bildirib ki, ölkəmizin Rusiyanın təşəbbüsü ilə yaradılmış qurumlara üzv olub-olmaması məsələsi daha çox ictimai müstəvidə müzakirə olunur:
 "Ayrı-ayrı siyasi xadimlər, müstəqil ekspertlər bunu zaman-zaman gündəmə gətirib və hansı səbəbə görə mümkün olub-olmamasını izah ediblər. Ancaq indiyə kimi Azərbaycanı təmsil edən hansısa rəsmi şəxs, yaxud xarici işlər naziri bununla bağlı açıqlama verməyib. Məsələnin qeyri-rəsmi müstəvidə gündəmə gəlməsi və müzakirəsi mümkündür. 
Lakin dövlət başçısının da bəyan etdiyi kimi, bu barədə ciddi danışıqlar gözlənilmir. Azərbaycan dövləti bununla bağlı konkret mövqe ona görə ortaya qoymur ki, rəsmi Bakının prioritetləri başqadır. Azərbaycan daha çox ikitərəfli münasibətlərin inkişafında maraqlıdır. KTMT və Avrasiya Birliyi isə bir çox ölkələrin təmsil olunduğu, müəyyən məhdudlaşdırıcı qaydaların yer aldığı qurumlardır. İndiki halda Azərbaycanın həmin təşkilatlarda təmsil olunması maraqlarımıza cavab vermir”.
Analitik bildirib ki, sözügedən təşkilatlarda yer alan ölkələr ilk növbədə xarici siyasət prioritetlərinə yenidən baxmalı, əsasən Türkiyə ilə əməkdaşlığa xüsusi diqqət yetirməlidirlər: 
"Azərbaycan NATO üzvü olan Türkiyə ilə sıx hərbi əməkdaşlığa malikdir. Əgər biz KTMT-yə üzv olsaq, ilk növbədə qardaş ölkə ilə əməkdaşlıq sazişini pozmuş olacağıq. Əlbəttə, nə vaxtsa siyasi vəziyyət və şərtlər dəyişə bilər. O zaman məsələ ilə bağlı konkret fikir bəyan etmək mümkün olacaq. Ancaq indiki halda bu kimi təşəbbüslərlə çıxış etmək mənasızdır”.
İsmayıl