Burada əsasən it və pişiklərə xüsusi qayğı göstəriləcək
Bakının Nizami rayonunun 8-ci kilometr qəsəbəsi, Bəhruz Nuriyev küçəsi 52 və 54 ünvanlarında yaşayan sakinlər sahibsiz itlərdən şikayətlənirlər. Lakin onların şikayətinə baxan yoxdur. Bu barədə "Bizim Yol”a şikayətçilərdən biri Gülnar Məmmədova danışıb.
G.Məmmədova sahibsiz həmin heyvanların insanların üzərinə beş dəfə hücum etdiklərini söyləyib: "Hücuma məruz qalanlar ətrafdakıların köməyi nəticəsində xilas olunublar. Sahibsiz itlərin əlindən nə gecəmiz var, nə də gündüzümüz. Həmişə işə gəlib-gedərkən qorxu içərisində oluram. Gecələr itlərin səsindən yatmaq mümkün deyil. Gündüzlər isə küçəyə çıxmaq olmur. Mənim də üzərimə hücum edib. Həmin an nə edəcəyimi bilmədim. Yerdən daş götürüb itə atmağa başladım. Çətinliklə də olsa canımı qurtara bildim. Çox istərdim ki, Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi bu məsələ ilə bağlı tədbir görsün”.
Şikayətçinin problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinə də müraciəti də bir nəticə verməyib: "Mən həmin idarəyə zəng edib, şikayətimi bildirdim. Telefonun dəstəyini qaldıran xanım mənə dedi ki, bizim əraziyə gəlməyəcəklər. Səbəbini soruşduqda dedi ki, bizim yaşadığımız ərazidə heyvansevənlər çoxdur. Guya idarənin əməkdaşları bizim əraziyə gələndə onları döyürlər. Həmin xanım mənə polisə müraciət etməyi təklif etdi. Mən 24-cü polis bölməsinə zəng etdim. Bölmədən bildirildi ki, polisə yazılı müraciət edim. Mən yazılı müraciət etmək istəmirəm. Polisə deyirəm ki, vətəndaşların həyatı təhlükədədir. İtləri zərərsizləşdirmək lazımdır. Polis isə mənə müraciət etmədən təhlükəli itlərlə bağlı tədbir görməyəcəklərini dedi”.
Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə sakinlərin şikayətinə aydınlıq gətirib: "Əgər quduzluq xəstəliyi kütləvi yayılsaydı, Bakıda Avropa Olimpiya Oyunlarını keçirmək qeyri-mümkün olardı, paytaxta heç kim gəlməzdi. Bəlkə də itlər ac olduqlarına görə sakinlərə hücum edirlər, lakin konkret səbəb deyə bilmərəm”.
Leyla xanım ölkə prezidenti İlham Əliyevin 2007-ci il mayın 31-də Heyvanların qorunması ilə bağlı Avropa Konvensiyasına qoşulmağına imza atdığını da xatırladıb: "Bu Konvensiyaya uyğun olaraq heyvanlarla kobud davranmaq olmaz, küçə heyvanları müəyyən müddətdən bir peyvənd olunmalıdır. Bu işlərlə L.Əlizadə təsisçisi və sədri olduğu "EHM” İB-nin heyvanların qorunması istiqamətində bir sıra işlər gördüklərini bildiriblər: "Bizim təşkilat əvvəllər bir sıra nazirliklərə layihələr təklif etsə də, qəbul edilmədi. Sonradan bizim təşkilat könüllü olaraq üzvləri arasında toplanan vəsaitlər hesabına küçə heyvanlarının bir qismini müxtəlif yerlərə toplayaraq saxlayırıq. O heyvanlara qulluq göstərilir, müayinə etdiririk. Müxtəlif yerlərdə qalan heyvanların çıxarılması da bizim könüllülər vasitəsilə Fövqəladə Hallar Nazirliyi tərəfindən xilas edilir. Hətta bu yaxınlarda bir sakin bizə "facebook” vasitəsilə müraciət edərək pişiyin pəncərədən kondisionerin üzərinə düşdüyünü bildirmişdi. Bizim əməkdaşlar da FHN-lə birgə həmin pişiyi oradan çıxartmışdılar”.
Təşkilat rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (İnternational Dialogue for Environmental Action) İctimai Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə evsiz heyvanlar üçün respublikada böyük mərkəzin tikildiyini də açıqlayıb: "Bu mərkəzdə bütün küçə heyvanları, əsasən it və pişiklər sözügedən mərkəzə toplanacaq və orada saxlanılaraq qayğı göstəriləcək. Yəni İDEA küçə heyvanlarını saxlamağı öz öhdəsinə götürəcək”.
Vüqar Şahinoğlu