Küçəyə atılmış körpələrin ANASI: " Kirayə haqqını ödəyə bilmədiyi üçün evdən çıxmalı oldum və... "





Bərdədə küçəyə atılmış iki körpənin anası tapılıb
.
Bu barədə «Sherg.az»a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva məlumat verdi. Birlik sədri qeyd etdi ki, aldığı informasiyaya görə, rayon hüquq-mühafizə orqanları tərəfindən körpələrin anasının şəxsiyyəti aşkarlanıb. Ana körpələrdən imtina etməsini maddi durumunun ağırlığı ilə izah edib. Dediyinə görə, kirayə qaldığı mənzilin haqqını ödəyə bilmədiyi üçün evdən çıxmalı olub. Bu səbəbdən də körpələri küçədə qoymağa məcbur olub.

«Lakin biz anaya heç bir halda haqq qazandlırmırıq. Maddi durumun ağırlığı anaya körpələri taleyin ümidinə buraxmağa heç bir haqq vermir. Eyni zamanda biz təkcə ananın qınaq obyektinə çevrilməsinin də əleyhinəyik. Bu körpələrin dünyaya gəlməsində iştirak etmiş ata da var. Ata da aşkarlanmalı və o da körpələrin təminatı üçün məsuliyyət daşımalıdır. Həm də körpələrin hər ikisinin eyni atanın övladı olub-olmadığı da müəyyənləşməlidir. Bu məsələlərlə hüquq-mühafizə orqanları məşğul olacaq».
K.Ağayeva həmçinin bildirdi ki, körpələrin birliyin sığınacağına yerləşdirilməsi üçün aidiyyətli qurumlara məlumat verib:

- Biz Bərdə rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamışıq və bildirmişik ki, körpələri birliyin sığınacağına qəbul etməyə hazırıq. İcra Hakimiyyətindən də bildirdilər ki, lazım gələrsə, körpələr sığınacağa gətiriləcək. Hazırda körpələr xəstəxanadadır.

Xatırladaq ki, sözügedən hadisə srağagün Bərdə rayonunda baş verib. Rayonda dəmirçi işləyən şəxs yol kənarında iki körpə görüb. Körpələrin kimsəsiz olması dəmirçinin diqqətini çəkib və o, polisə məlumat verib. Körpələr Rayon Xəstəxanasına yerləşdirilib. İlkin ehtimal bundan ibarət idi ki, körpələr ana tərəfindən atılıb. Aşkarlanan zaman körpələr baxımsız vəziyyətdə olublar. Oğlan uşağının 8 aylıq, qızın isə yaş yarımlıq olduğu ehtimal edilir.

Məlahət Rzayeva