“Kürdüstan dövləti” saxta seçkinin nəticəsidir

“Ərdoğan ABŞ-la siyasətinə yenidən baxmalıdır”



Şimali İraqın kürd muxtariyyatı bütün etirazlara rəğmən, "müstəqillik” referendumunu keçirtdi. İraq hökuməti isə referendumun qanunsuz olduğunu bəyan etdi. Ölkə parlamenti isə yeni qərar qəbul edib. Qərara əsasən, Kərkükdəki neft yataqları mərkəzi hökumətə təslim ediləcək və referendumda iştirak edən məmurlar vəzifədən uzaqlaşdırılacaq.

Bundan başqa İraq Kərkükə hərbi birləşmə göndərəcək. Qonşu İran və Türkiyə dövlətləri də qanunsuz addımı birmənalı olaraq pislədilər. Qərb ölkələri də ard-arda açıqlamalar verərək referendumla bağlı narahatlıqlarını dilə gətiriblər. BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib ki, referendumdan sonra bölgədə vəziyyət qarışa bilər: "BMT İraqda baş tutan referendumu pisləyir və bundan sonra regionda cərəyan edəcək hadisələrdən narahatlıq hissi keçirir. Biz bu referendumu dəstəkləmirik. Referendum əvəzinə kürdlərin liderilə İraq hökuməti arasında razılaşma imzalansaydı, daha yaxşı olardı”. ABŞ da rəsmi olaraq kürd muxtariyyatının müstəqillik referendumunu dəstəkləməyib.

İsraildən qəribə tapşırıq

İsrailin baş naziri Benyamin Netanyahu "müstəqillik” referendumu barədə ölkəsində qəribə tapşırıq verib. Netanyahu ölkənin məmurlarına və millət vəkillərinə referendum barədə danışmamağı tapşırıb. Onun əmrinə əsasən, İsraildə heç kim kürdlərin referendumuna dəstək verməməlidir. Tapşırığa əsasən ümumiyyətlə bu barədə danışmaq yasaqlanıb.

"Müstəqilliyini kim tanıyacaq? Dünya İsraildən ibarət deyil ki!”

Referendumu pisləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə də xəbərdarlıq edib: "Qanunsuz referendumu İsraildən başqa dəstəkləyən yoxdur. Sənin müstəqilliyini kim tanıyacaq? Dünya İsraildən ibarət deyil ki! Biz sanksiyalar tətbiq edən zaman arada qalacaqlar, yük maşınları getməyincə yemək tapa bilməyəcəklər, İsrail haradan sizə yardım göndərəcək?”. Ərdoğan bildirib ki, İsrail kürdlərə verdiyi dəstəyə yenidən baxmazsa, onlarla da ortaq hərəkət edilməyəcək: "Türkiyəni regionda oyun quran tərəf kimi görməyənlə addım atmağımız mümkün deyil. Son ana qədər Bərzaninin belə səhv edəcəyini ehtimal etmirdik. Verilən qərar Türkiyəyə xəyanətdir. Bərzani bu səhvdən geri dönməzsə, regionu bir məzhəb və tayfa davasına sürükləmək utancı ilə tarixdə qalacaq”.

500 "PKK”çı Kərkükdə xüsusi törənlə qarşılandı

Qondarma müstəqillik referendumundan sonra Bərzaniyə dəstək üçün 500 PKK terrorçusu Kərkükə göndərilib. Xəbərlərə görə, referendum günü və ondan sonra "təhlükəsizliyi” qorumaq üçün gəldikləri iddia edilən PKK terrorçuları Kərkükdə Bərzaninin peşmərgə qüvvələrinə dəstək üçün bölgəyə gəlib. Terrorçuları peşmərgə komandiri törənlə qarşılayıb. Kərkük şəhər mərkəzinin bir çox nöqtəsində üzərində terror təşkilatı PKK-nın lideri Abdullah Öcalanın portretləri və PKK bayraqları asılıb.

"Rusiya hər zamankı kimi ikibaşlı və sürüşkən münasibət bildirib”

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Vasif Əfəndiyev deyib ki, "Kürd muxtariyyatının” yaranması üçün əsas faktor yeni İraqın son iki prezidentinin etnik kürd olması ilə əlaqədardır. Onun sözlərinə görə, İraq prezidentləri Talabani və Fuad Maasumun etnik kürd təəssübkeşliyi və Bərzani ilə birlikdə "Azad Kürdüstan” uğrunda apardıqları silahlı mübarizə məntiqi nəticə olaraq 26 sentyabrda separatçı qərarla yekunlaşdı: 

"Dünya ictimaiyyətinin, lider dövlətlərin və BMT-nin xəbərdarlıqlarına baxmayaraq, Bərzani türkmən torpaqlarında "Kürdüstan dövləti” qurmaq niyyətini gerçəkləşdirmək üçün referendum adlı saxta bir seçki prosesi başlatdı. Beynəlxalq müşahidəçilərin, yerli türkmən və ərəb liderlərinin bəyanatlarına əsasən, bu seçkilər total saxtakarlıq və silahlı təzyiqlər altında keçirilib. Kürd qruplaşmlarının silahlı dəstələrinin bütün seçki məntəqələri qarşısında növbə çəkmələri və ara-sıra qorxu yaratmaq məqsədi güdən atəş açmaları bütün beynəlxalq informasiya mənbələri tərəfindən təsdiq edilib. Türkmən və ərəb məhəllələrində seçki ərəfəsində boykot məqsədilə dükan və digər məişət obyektləri fəaliyyət göstərməyib. İraq Türkmən Cəbhəsinin lideri Erşad Salihi video-müraciət edərək bu özbaşınalığa son qoymağı tələb edib. Baş vermiş olayla ilgili ABŞ,Türkiyə, İraq və İran referendumun nəticələrini tanımadıqları barədə bəyanat veriblər. Digər region dövləti Rusiya hər zamankı kimi ikibaşlı və sürüşkən münasibət bildirib. Bir tərəfdən İraqın bütövlüyünü dəstəklədiyini bəyan edən Rusiya digər tərəfdən millətlərin müqəddəratını təyin etmə hüququndan danışıb. Rusiyanın bəyanatı eyni ilə işğal olunmuş Qarabağla bağlı münasibətdə paralellik təşkil edir”. Ekspertin fikrincə, baş verənlərə baxmayaraq, hazırkı şəraitdə Rusiyanın qondarma Kürdüstana dəstək vermək üçün fiziki imkanları çox məhduddur: "Proseslər Türkiyənin nəzarəti altındadır. Türkiyənin ABŞ-la münasibətlərdə daha yumşaq siyasət sisteminə keçdiyi təqdirdə İraqda hərbi əməliyyatlar aparmaq üçün dəstək ala bilər. Son illərdə Türkiyənin regionda uğursuz siyasi və hərbi gedişlərini mükəmməl bir əməliyyatla itirilmiş imicini bərpa edə bilər. Bundan ötrü isə Ərdoğan ABŞ-la siyasətinə yenidən baxmalıdır”.

İsmayıl