Tofiq Abbasov:"Niyyət İraq, Suriya, Liviya, İordaniya və Səudiyyə Ərəbistanı parçalamaqdır. Çünki ABŞ, İsrail və müttəfiqlərinə Yaxın Şərqdə dayaq nöqtəsi lazımdır"
"Bəzi qlobal qüvvələrin Yaxın Şərqdə transformasiyalar etmə cəhdi artıq iflasa uğrayıb”.
Bunu "Sherg.az”a Kürdüstan Muxtariyyətində keçirilən referendumla bağlı danışarkən politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, Qərbin proyekti olan və iflasa uğrayan ən bariz nümunə İŞİD-dir:
"Amerika və onun müttəfiqləri İŞİD-in vasitəsi ilə Yaxın Şərqin xəritəsini köklü sürətdə dəyişmək istəyirdilər. Bu plan baş tutmadı. Bəzi bölgə subyektləri və Rusiya prosesə ən çətin məqamda qatılıb, bunun reallaşmasının qarşısını ala bildilər. Kürdüstandakı referendum məsələsi isə ikinci layihə idi. Bunun mahiyyəti odur ki, yeni dövlətlərin yaranmasında təkan, irəliləyiş baş versin. Məqsəd İraq, Suriya, Liviya, İordaniya, hətta Səudiyyə Ərəbistanı kimi "süni dövlətlər”i parçalamaqdır. Əslində həmin dövlətlərin elitasında, idarəçiliyində Qərbin dairələri, "5-ci kolon” funksiyasını yerinə yetirən qüvvələr var idi.
Nəticə olaraq, İŞİD-in qarşısı alındı. Bununla, ikinci layihə - Kürdüstan dövlətinin yaradılması önə çəkildi. Bunun da arxasında Qərb dövlətləri, ABŞ, İsrail və müttəfiqləri durur. Onlara Yaxın Şərqdə dayaq nöqtəsi lazımdır. İsrail artıq təkbaşına Amerikanın planlarını yerinə yetirməkdə güc çatdıra bilmir. Çünki onun özünün ətrafı digər düşmən dövlətlərlə doludur, ağır mübarizə xətti var. İsrail artıq çətinlik çəkir. Ona görə, Qərb və ABŞ Kürdüstan dövlətinin yaradılmasını çoxdan düşünürdü.
Kürdüstanın müstəqilliyini elan etmək üçün dayanıqlı mövqeyi var. Digər tərəfdən bu layihəyə qarşı çıxan ölkələrə nəzər saldıqda balaca bir Kürdüstanın çox dumanlı proseslərə yol açdığını görürük. Referendumun nəticələri açıqlanmamışdan artıq Qərbdən xəbər yayıldı ki, çoxluq "hə” deyib. Ancaq Kürdüstanın daxilində də onun müstəqilliyinə qarşı çıxan qüvvələr də var. Burada əsasən Tələbaninin dəstəsini misal göstərmək olar. Bu çox böyük nəsildir. Bərzani və Tələbani nəsli arasında açıq mübarizə gedir”.
Türkiyənin referendumun nəticəsinə uyğun hansı addımı atacağına gəldikdə isə politoloq xatırladıb ki, Kürdüstan formal olaraq İraq ərazisidir, Türkiyə ona görə, qoşun yeritmək istəsə mərkəzi dövlətlə razılaşdırmalıdır:
"Qonşu dövlətlərlə də Türkiyə bunu razılaşdırmalıdır. Əlahiddə şəkildə böyük əməliyyat həyata keçiriləcəksə, bu ciddiyyətin yüksəlməsindən xəbər verir. Türkiyə məqsədini də müəyyən etməlidir. Tək Türkiyə deyil, İran da Kürdüstanla sərhəddə hərbi manevrlər etdi.
Məsud Bərzanin həm daxildə, həm də İraq Kürdüstanının ətrafında problemləri artıb. Ona görə, böyük riskləri olduğunu anlayırdı, özünə arxayın olduğunu deməzdim. Qərb isə çox böyük maraqla məsələyə yanaşır ki, Yaxın Şərqin siyasi mənzərəsi dəyişsin, yeni dövlətlər peyda olsun”.
Qeyd edək ki, ötən gün keçirilən referendumla əlaqədar Türkiyə və İran Kürdüstanla, İraqın şimalı hissəsində olan sərhədlərini bağlayıb.
Aysel Aslan