"Kütlənin Paşinyana inamı azaldıqca yenidən küçələrə çıxırlar" - Politoloq





"Ermənistanda inqilab yolu ilə hakimiyyəti ələ keçirən Nikol Paşinyan xalqa verdiyi heç bir vədi yerinə yetirməyib, praktiki addımlar atmayıb”

Bunu "Sherg.az”a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, bütün inqilablar emosionallıqla müşahidə olunur. Toplum əvvəlki rejimdən bezdiyi üçün yeni simanın ətrafında cəm olur. Hətta ilk vaxtlar proseslər "şəxsiyyətə pərəstiş”ə qədər gedib çıxır. Yəni insanlar kütlə psixologiyası ilə hərəkət edirlər. Ancaq bir müddət keçəndən sonra isti başlar soyuyur və xalq dəstək verdiyi adamın əsl üzünü və nəyə qadir olduğunu aydın şəkildə görür: 

"Paşinyanın düşünülməmiş ifadələri və davranışları ilə nə qədər naşı olduğunu sübuta yetirib. Üstəlik Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qeyri-konstruktiv açıqlamalar verib və Rusiya ilə münasibətləri korlayıb. Ermənilər uzağı görə bilmədilər və illuziyalara qapıldılar, lakin Paşinyan onların ümidlərini puç etdi”. 

Analitik bildirib ki, Paşinyan qısa müddət ərzində xalqa verdiyi vədləri tutmalı, ölkəni iqtisadi cəhətdən dirçəltməli, əhalinin rifahını qaldırmalıdır. Amma bunları etmək üçün dövlətin xəzinəsi dolu olmalıdır: 

"Ermənistanın xəzinəsi tamamilə boşdur. Kütlənin Paşinyana inamı azaldıqca insanlar etiraz şüarları ilə yenidən küçələrə çıxırlar. Hələlik, aksiyaların miqyası kiçikdir, ancaq bu gedişlə etirazların sıraları genişlənə bilər. Hətta qarşısı alınmaz mitinqlərə çevrilər. Xalqın narazılığına səbəb olan amillərdən biri də Paşinyan və onun komandasının sabiq siyasi qüvvələrlə apardığı mübarizədir. Tərəflərin bir-birini mənasız ittiham etməsi də kütlənin etirazını artırır. Ona görə də Ermənistanda getdikcə anti-Paşinyan meyilləri güclənir”.

İsmayıl