"Lapşini düşünən Rusiya Dilqəmi niyə unudur ? - Saxtakarlıq

Elman Məmmədov: "Rusiya vətəndaşı olan azərbaycanlının əvəzinə bir xristian rus Ermənistanda qeyri-qanuni həbs edilsəydi, Moskva buna laqeyd qalardımı? Lapşinlə bağlı onların canfəşanlığı da bunu sübut etdi"

"Müvafiq konvensiyalara görə, dövlətlər arasında bir-birinin ərazisində həbs olunmuş vətəndaşların dəyişdirilməsi razılaşdırıla bilər”.

Bunu Sherg.az-a Aleksandr Lapşinin Rusiyaya verilməsinin mümkünlüyündən danışarkən millət vəkili Elman Məmmədov deyib. 

O bildirib ki, qarşılıqlı razılaşma əsasında dövlətlər belə mübadilə edə bilər:

"Yalnız Rusiyanın tələbləri əsasında Lapşinin verilməsi həyata keçirilməyəcək. Azərbaycan öz qanunları əsasında məqsədəuyğun hesab edərsə, onu vətəndaşı olduğu dövlətin birinə verə bilər.

Lapşin Azərbaycan dövlətçiliyinə qarşı cinayət törədib. Bu sadə küçə cinayəti, xuliqanlıq deyil, dövlətin təhlükəsizliyi ilə bağlı cinayət əməlidir. Ona görə, hesab etmirəm ki, Azərbaycan Lapşini Rusiyaya verər.

Rusiya vətəndaşlarının qeydinə qalandırsa, Lapşindən əvvəl Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun Dağlıq Qarabağda qeyri-qanuni həbsdə saxlanılmasına münasibət bildirərdi. Dəfələrlə demişəm ki, Rusiya vətəndaşı olan azərbaycanlının əvəzinə bir xristian Rusiya vətəndaşı Ermənistanda qeyri-qanuni həbs edilsəydi, Moskva buna laqeyd qalardımı? Lapşinlə bağlı onların canfəşanlığı da bunu sübut etdi.

Ona görə, hesab edirəm ki, Lapşinin Rusiyaya verilməsi məqsədə uyğun deyil. Rusiya onu öz dövlətinə apararsa, azad edəcək. Rusiya ilə müəyyən razılaşma o zaman ola bilər ki, Dağlıq Qarabağda, doğma torpaqlarında girov saxlanan Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana qaytarılsın”.

Qeyd edək ki, Rusiya Ədliyyə Nazirliyi bloqer Aleksandr Lapşinin müraciəti əsasında onun Rusiyaya verilməsi prosedurası ilə məşğul olmağa hazır olduğunu bəyan edib.

Aysel Aslan