Cümşüd Nuriyev: “Çox təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkə hələ də bizə ikili standartlarla yanaşır”
"Güc tətbiqi ilə bağlı təhdidlər yolverilməzdir və sülh prosesinə zərbə vurur”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşündən sonra
keçirdiyi mətbuat konfransında deyib. Lavrov bildirib ki, ATƏT-in Minsk formatına alternativ yoxdur:
"Minsk Qrupunun həmsədrləri fəaliyyətsiz deyillər. Rusiya tərəfi Ermənistan və Azərbaycan prezidentlərinin həmsədrlərin iştirakı ilə imzaladıqları sənədlərə uyğun olaraq Qarabağ münaqişəsinin qarşılıqlı məqbul sayılacaq həll yollarının axtarılmasının tərəfdarıdır”. XİN rəhbəri vurğulayıb ki, Dağlıq Qarabağ ətrafındakı emosional gərginlik aradan qaldırılmalıdır. Xatırladaq ki, Lavrov-Nalbandyan görüşü zamanı, yəni Rusiya xarici işlər nazirinin "sülhdən” danışdığı ərəfədə erməni silahlıları növbəti təxribata əl atıblar. Milli ordumuzun mövqelərinə sızmağa cəhd edən düşmənin diversiya qrupu Azərbaycan əsgərləri tərəfindən məhv edilib. Nəticədə ermənilər xeyli itki verərək geri çəkilib.
Lavrovun bəyanatları ilə bağlı "Şərq”ə danışan siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib ki, Ermənistanın aktivləşməsinin arxasında Moskvanın maraqları durur. Çünki Azərbaycanın sərbəst və müstəqil siyasət yürütməsi Kremli narahat edir. Ona görə də Moskva çalışır ki, rəsmi İrəvanın əli ilə bizə "təzyiq” göstərsin. Nalbandyan peşəkar siyasətçi deyil.
Əslində elə Sarkisyanın özünə uyğun siyasətçidir. Lavrov erməni həmkarına hansı planı verəcəksə, Ermənistan həmin xətt üzrə hərəkət edəcək. Son günlər təmas xəttində atəşkəs mütəmadi pozulur, düşmən tərəf diversiya təxribatına əl atır. Ancaq fikir verirsizsə, atəşkəsin pozulması halları sadəcə Qarabağ cəbhəsində deyil. Bütün sərhəd boyu erməni hərbi birləşmələri milli ordumuzun qüvvələrini təxribata çəkməyə çalışır. Bu şəkildə KTMT-ni prosesə cəlb etməyə, Azərbaycana təzyiq göstərməyə cəhd edirlər.
Şübhəsiz ki, belə bir şey baş tutmayacaq. Amma bütün hallarda diqqətli olmalı, soyuq başla hərəkət etməliyik. Unutmamalıyıq ki, Lavrov erməni əsillidir. O, Rusiyanın xarici siyasətini yürütməklə bərabər həm də erməni maraqlarına xidmət edir”. Politoloq deyib ki, Lavrovun o cür danışmağa ixtiyarı yoxdur: "Beynəlxalq hüquqa görə hər bir dövlət öz ərazi bütövlüyünü bərpa edə bilər. Lavrov bu prinsipi pozaraq Azərbaycanın daxili işinə qarışır. Azərbaycanın öz ərazi bütövlüyünü hansı yolla bərpa edəcəyi nə Lavrovun, nə də başqasının işidir. Lavrov çox vaxt erməni kimi çıxış edir. Onun sözləri tövsiyə xarakterli yox, əmr formasında olur. Çox təəssüf ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkə hələ də bizə ikili standartlarla yanaşır”.
İsmayıl