Lavrov İrəvanın cığallığına göz yumur

Ermənistanın danışıqlar prosesini pozması Kremldən gələn sifarişdir




Hər zaman olduğu kimi Ermənistan xarici işlər naziri Edvard Nalbandyan növbəti dəfə Azərbaycan tərəfini haqsız olaraq ittiham edib. Nalbandyan Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında həyasızcasına Azərbaycanı Qarabağın həlli yollarına maneə yaratmaqda suçlayıb:

"Ermənistan bundan sonra da Rusiya və həmsədrlərlə birgə konfliktin sülh yolu ilə həllinə yönəlmiş fəaliyyətini davam etdirmək niyyətindədir. Azərbaycanın tam konstruktiv olmayan mövqeyinə rəğmən danışıqları davam etdirmək lazımdır, danışıqlara alternativ yoxdur”. Belə çıxır ki, Ermənistanın XİN rəhbəri "münaqişənin həlli istiqamətində müzakirələr apardıq” deyərkən sadəcə Azərbaycanı ittiham etməklə məşğul olub. Ekspertlərə görə, Ermənistan tərəfinin bu cür açıqlaması və danışıqlar zamanı cəbhə xəttində təxribata əl atması, gərginliyi artırması düşmən ölkənin sülhdən və dialoqdan nə qədər uzaq olduğunu bir daha təsdiqləyir.

Prosesi "Şərq”ə şərh edən politoloq Vasif Əfəndiyev deyib ki, Sergey Lavrov Rusiya Prezidenti Putinin məlum bəyanatına köklənərək, Bakı və İrəvana səfərə başlamışdı. 

Ekspertin sözlərinə görə, Lavrovun səfərindən bir neçə gün öncə şəxsən Putin özü faktiki olaraq Qarabağ münaqişəsinin həlli variantını görmədiyini bildirmişdi: 

"Putin bunu tərəflərin ortaq qərara gələ bilməməsi səbəbi ilə izah etmişdi. Minsk Qrupunun həmsədr ölkəsinin rəhbərinin bu sayaq bəyanat verməsi nə deməkdir?! Əslində belə bəyanatları diletant və təcrübəsiz siyasətçilər verir. Lakin Putin barədə bunları demək olmaz. Deməli, cəsarətli və bir o qədər də həyasız bəyanatın arxasında başqa səbəblər var. Bu da yalnız münaqişənin həllinə maneçilik törətmək məqsədi ilə edilir. Qarabağın işğaldan azad olunması istiqamətində aparılan danışıqlar zamanı, xüsusən, mövqelərin biri-birinə yaxınlaşması dövründə sülh prosesi Ermənistan tərəfindən kobud müdaxilələrlə pozulur. Görünür, Ermənistan tərəfinin münaqişənin həllinə meyilli olduğunu sezən Rusiya tərəfi açıq mətnlə münaqişənin həlli variantının olmamasını dilə gətirir və İrəvandan bu cür davranmağı tələb edir. Başqa çıxış yolu qalmayan Ermənistan XİN rəhbəri Nalbandyan dövrəyə girməyə məcbur olur.

 Nalbandyanın heç bir əsas olmadan Azərbaycanı sülh prosesini pozmaqda ittiham etməsi nə qədər gülünc görünsə də, həyasızlığın son həddi kimi dəyərləndirilməlidir. İşğala məruz qalan bir ölkəni bilərəkdən sülh prosesini əngəlləməkdə ittiham etmək siyasi cığallıqdır”. Analitik bildirib ki, Lavrov Rusiyanın "ideal planını” qəbul etməməyimizi Nalbandyanın dili ilə bəyan edir: "XİN nümayəndəsinin məqsədi Azərbaycanı aktiv hərbi əməliyyatlar aparmaqdan çəkindirməkdir. Lavrovun regiona səfəri öncəsi 5 rayonun müəyyən ağır şərtlər daxilində qaytarılması versiyası dövriyyəyə buraxılmışdı. Ola bilər ki, Lavrov irəli sürdükləri təklifi qəbul etdirməyə çalışıb, lakin Azərbaycan tərəfi dövlət müstəqilliyimizin itirilməsinə səbəb ola biləcək avantürist razılaşmaya qol qoymayıb”.

İsmayıl