ATƏT sədri: “Biz hazırki situasiyadan istifadə etməliyik. Status-kvo təhlükəsizliyə qarantiya vermir və bu status-kvo dəyişməlidir”
Lavrov iyulun 4-də Yerevanda, sonra Bakıda çox ciddi danışıqlar aparacaq
Elmar Məmmədyarov: “Ortada bir sənəd var . Onun üzərində geniş müzakirələr aparılıb. Ümid edirik ki, müsbət nəticələr ola bilər"
ATƏT sədri: “Biz hazırki situasiyadan istifadə etməliyik. Status-kvo təhlükəsizliyə qarantiya vermir və bu status-kvo dəyişməlidir”
ATƏT sədri: “Biz hazırki situasiyadan istifadə etməliyik. Status-kvo təhlükəsizliyə qarantiya vermir və bu status-kvo dəyişməlidir”
Azərbaycana səfər edən ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Bakı şəhəri Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən N.Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbində şuşalı məcburi köçkünlərlə görüş keçirib. Ştaynmayer öncə məktəblə tanış olub. Məktəbdə ATƏT-in fəaliyyətdə olan sədrinə Şuşanın, o cümlədən Xankəndinin tarixi barədə məlumat verilib, Şuşa və Xankəndinin Şuşa xanları tərəfindən salındığı nəzərinə çatdırılıb. Daha sonra məktəbin həyətində məcburi köçkünlərlə görüş keçirilib.
Azərbaycanlılar ermənilərlə sülh şəraitində yaşamağa hazırdır
"Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, dövlət tərəfindən Şuşa şəhərciyində məcburi köçkünlər üçün hər bir şərait yaradılıb. Ancaq məcburi köçkünlər Şuşaya, doğma torpaqlarına qayıtmaq istəyirlər. Ştaynmayer gənc nəslin də Şuşaya qayıtmaq arzusunda olub-olmaması ilə maraqlanıb. Səfərov bildirib ki, nəinki gənc nəsil, uşaqlar belə Şuşanı arzulayırlar: "Mənim 8 nəvəm var, hər gün məndən soruşurlar ki, Şuşaya nə vaxt gedəcəyik?. Görüşdə çıxış edən məcburi köçkünlər münaqişəyə qədər ermənilərlə mehriban, sülh şəraitində yaşadıqlarını bildiriblər. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edildikdən sonra yenə də Dağlıq Qarabağda azərbaycanlıların ermənilərlə sülh şəraitində yaşamağa hazır olduğunu vurğulayıblar. Görüşdə Ştaynmayerə ermənilərin Dağlıq Qarabağa köçməsinin 150 illiyi münasibətilə 1978-ci ildə Qarabağda ucaldılmış abidənin fotosu da göstərilib. Ştaynmayer görüşdə ATƏT və Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərəcəyini bildirib.
"Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün təşkilinə çalışacağıq”
Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Dağlıq Qarabağın azərbaycanlı icmasının Dağlıq Qarabağın erməni icması ilə davamlı görüşlərinin keçirilməsi barədə təşəbbüsünü dəstəkləyib. Ştaynmayer deyib ki, bu təşəbbüsə erməni tərəfinin münasibəti öyrəniləcək: "Biz icmalar arasında belə görüşün keçirilməsinə çalışacağıq”.
"ATƏT həmişə anlayıb ki, Qarabağ münaqişəsi təhlükəlidir”
Ştaynmayer Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib. ATƏT-in sədri bildirib ki, münaqişənin gələcəyi ilə bağlı heç nə sığorta olunmayıb: "Biz münaqişənin stabilləşməsi ilə bağlı nəticəyə gəlməli, regionda sülh yaratmalıyıq”. O bildirib ki, atəşkəs rejiminin möhkəmlənməsi üçün lazımi tədbirlər görüləcək: "Aprel hadisələrindən sonra bizə kompromis və təkliflər daha çox lazımdır. İstəyirik ki, münaqişə konstruktiv şəkildə həll olunsun. Münaqişəni həll etmək üçün prezidentlərin görüş imkanlarından istifadə etməli, atəşkəsin bərpası və saxlanması üçün ciddi müzakirələr aparmalıyıq. ATƏT həmsədrləri münaqişənin həlli ilə məşğuldurlar və münaqişənin həllini istəyirlər. Bu məsələdə aktiv olmalıyıq. İstəyirik münaqişənin həlli istiqamətində danışıqlar aparılsın və bu, davamlı olsun. Hazırkı irəliləyişlərdən istifadə etməliyik. Yalnız ATƏT deyil, region çərçivəsində də danışıqlar olmalıdır. "Status kvo” qəbuledilməzdir, bunu gözardı etməməliyik. ATƏT-in bölgədə rolu yüksəkdir. Aprel əməliyyatları göstərdi ki, ATƏT-in rolu
vacibdir. Biz ən əsası atəşkəsə nail olmuşuq. Çalışacağıq ki, bunun ardınca həllə nail olaq”. Azərbaycanla münasibətlərə toxunan nazir köhnə alman kəndlərinin bərpası barədə Azərbaycandan məktub aldığını bildirib: "Təşəkkür edirəm ki, Azərbaycan bu kəndlərin bərpası üçün aktivlik göstərir. Biz bu məsələdə birlikdə çalışacağıq”. O, Azərbaycanı Cənubi Qafqaz regionunda güclü oyunçu adlandırıb.
"Status-kvo” belə qalmamalı, danışıqlar yolu ilə dəyişməlidir”
Ştaynmayer bildirib ki, aprel hadisələri zamanı bütün səylər atəşin dayandırılmasına yönəlib: "İndi demək olar ki, atəş yoxdur. Lakin "status-kvo” belə qalmamalıdır. Mən İrəvanda görüşlər keçirmişəm, Bakıda da görüşlər keçirəcəm. Biz çalışmalıyıq ki, münaqişənin həll yollarını tapaq. Aprel hadisələri göstərdi ki, münaqişə çoxlu qurbanlara səbəb olur. Hər tərəf başa düşməlidir ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Biz addım atmasaq, qısa müddətdə ekskalasiya baş verəcək, vəziyyət gərginləşəcək. ATƏT bütün imkanlarından istifadə edəcək ki, gələcək sülhün bünövrəsi yaransın. Əlimizdə müəyyən sənədlər var, biz o sənədlərin əsasında addımlar atmalıyıq. Azərbaycan və Ermənistan da münaqişənin həlli üçün səy göstərməlidir”.
"Status-kvo”nun dəyişməsinin vaxtı çatıb, o, dayanıqlı deyil”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da almaniyalı həmkarı Ştaynmayerlə birgə keçirdiyi konfransda Almaniya ilə Azərbaycan arasında münasibətlərin günü-gündən gücləndiyini deyib: "Son 1 il 5 ay ərzində 4 dəfə Almaniyaya səfər etmişəm. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Avropada Azərbaycanın təqdim etdiyi enerji, nəqliyyat layihələrinə böyük maraq var. Azərbaycan Almaniya mədəniyyət abidələrinin bərpası üçün böyük işlər görür. Aİ-yə strateji tərəfdaşlıq haqqında layihə təqdim etmişik. Düşünürük ki, danışıqlara başlamaq üçün bu ilin payızında mandat veriləcək”. E.Məmmədyarov Dağlıq Qarabağ məsələsinə toxunulduğunu da bildirib: "Biz inanırıq ki, məsələ ilə tam ciddi məşğul olmağımız üçün vaxt çatıb. Bu münaqişə həll olunmalıdır. Addım-addım bu məsələni yerindən tərpətməli və irəliləyişə nail olmalıyıq. Azərbaycan bəyan edib ki, münaqişənin həlli üçün Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarılmalıdır. "Status-kvo”nun dəyişməsinin vaxtı çatıb, o, dayanıqlı deyil”.
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün harada olacağı ilə bağlı sualın cavabında Məmmədyarov deyib ki, Sankt-Peterburqda prezidentlər razılaşıb ki, Rusiya xarici işlər naziri regiona səfər etsin.
"Sergey Lavrov iyulun 4-də Yerevana gedəcək, sonra Bakıya gələcək. Çox ciddi danışıqlar olacaq. Bu danışıqlardan sonra prezidentlər görüşməlidir. Müxtəlif yerlərdə görüş üçün təkliflər var. Biz prezidentlərin Parisdə görüşməsinə etiraz etmirik”.
"Ortada sənəd var, üzərində iş gedir”
Sankt-Peterburqda substantiv danışıqların başladığını deyən nazir bildirib ki, ortada sənəd var və onun üzərində iş gedir: "Bu istiqamətdə işləsək, sülhə nail ola bilərik. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir, bizə yaxın və qonşu ölkədir. Rusiya üçün Cənubi Qafqazda sabitlik önəmlidir. Biz Rusiyadan da, digər ölkələrdən də silah alırıq. Torpaqlarımız işğal altındadır, etnik təmizləmə olub”.
İsmayıl