Lavrov Moskvadan Qarabağ mesajı verdi

“Biz ağlımıza belə gətirmirik ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar qızğın fazaya keçəcək”




Bu günlərdə Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşüb. Məlumata görə, mətbuata qapalı keçirilən danışıqlardan sonra birgə mətbuat konfransı keçirilib. S.Lavrov görüşdə Dağlıq Qarabağ probleminə dair müzakirələr aparıldığını açıqlayıb.

O, Rusiyanın ATƏT-in Minsk Qrupu çərçivəsində sözügedən münaqişənin istisnasız olaraq sülh yolu ilə həll olunmasında səylərini bundan sonra da davam etdirəcəyini deyib. Ermənistan XİN rəhbəri isə Kremlin münaqişənin tənzimlənməsinə dair böyük səylər göstərdiyini bildirib, buna görə təşəkkür edib. O, həmçinin rəsmi İrəvanın problemin sülh yolu ilə həllində səylərini davam etdirdiyini söyləyib. Rusiyalı diplomat qeyd edib ki, ölkəsi münaqişənin qızğın fazaya keçməyəcəyinə ümid edir: "Biz ağlımıza belə gətirmirik ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar qızğın fazaya keçəcək. Rusiya həmsədr ölkə kimi münaqişənin həlli ilə bağlı səylərini bundan sonra da davam etdirəcək”.
Görüşü şərh edən politoloq Qabil Hüseynli "Şərq”ə bildirib ki, Lavrovun mesajı siyasi təzyiq və təhdiddən başqa bir şey deyil: "Heç kimə sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsinin yaranmasında Moskvanın böyük rolu olub. Hazırda Azərbaycan və Rusiya arasında Dağlıq Qarabağın hüdudlarından kənarda işğal edilmiş və Azərbaycana məxsusluğu hər hansı bir mübahisə doğurmayan torpaqların geriyə qaytarılması istiqamətində iş gedir. Şimal qonşumuz bu yöndə müxtəlif səpkili bəyanatlar verir. Hətta ötən günlərdə Putinin İrəvana gedəcəyi və həmin məsələlərə dair danışıqlar aparacağı iddia olunur. Doğrudur, Azərbaycan tərəfi məlum varianta hələ ki razılıq vermir. Lakin düşünürəm ki, ölkəmiz 7 rayonun qaytarılması məsələsində Moskva ilə danışıqlara gedib, konsensus əldə edə bilər”.
Bununla yanaşı, ekspert düşünür ki, Kremlin mövqeyini anlamaq çox çətindir: "Baxın, 7 rayonun qaytarılması gündəmə gəlir. Bu, Putinin adı ilə bağlanır. Lavrov isə buna zidd fikirlər səsləndirir. Bir sözlə, Kreml nala, mıxa vurur”.
Analitikin qənaətincə, son zamanlar Azərbaycan ordusunun güclü təlimlər keçirməsi Ermənistanı qorxuya salıb: "Gecə təlimlərinin baş tutması, Azərbaycan şahinlərinin Türkiyə ilə birgə təlimlər təşkil etməsi qarşı tərəfdə vahimə hissi yaradıb. Buna görə də Moskva aranı sakitləşdirmək məqsədilə öz XİN rəhbərinin dili ilə bəyanatlar verib, məsələnin yalnız dinc yolla çözülə biləcəyini iddia edir. Düzdür, biz də müharibə istəmirik. Bununla yanaşı, "bütün vasitələr tükənəndən sonra müharibə variantına gedilə bilər” kimi fikirlər irəli sürülür”.
Siyasi təhlilçi hesab edir ki, danışıqlar prosesini konstruktiv qurmaq mümkün olmur: "Separatçı ölkə ipə-sapa yatmır. Lavrovun açıqlaması növbəti ümumi bəyanatlardan biridir və konkretlikdən uzaqdır. Bütün bunlar deməyə əsas verir ki, şimal qonşumuzun siyasi platformaya çevrilmiş mövqeyi formalaşsa da, bunu həyata keçirməkdə tərəddüd edir. Rusiya görür ki, Qərb münaqişədə vasitəçiliyi ələ almağa çalışır. Onda fəallaşmağa başlayır. Moskva aktiv olmazsa, Cənubi Qafqaz uğrunda mübarizəyə ABŞ və Avropa Birliyi ölkələri atılacaqlar. Bu da Kremlin maraqlarına müvafiq olmayacaq. Moskva problemin həllinə dair birmənalı mövqe ortaya qoymalıdır”.
Analitik onu da əlavə edib ki, Moskva münaqişədə status-kvonu saxlamaqla bölgədəki strateji maraqlarını reallaşdırmağa çalışır: "Dağlıq Qarabağ problemi bütün Cənubi Qafqazın Rusiyanın nəzarəti altında qalmasına imkan verən vasitələrdən birincisidir. Bu səbəbdən şimal qonşumuz münaqişəni dondurub. Rusiya böyük dövlətdir. Ermənilərə ayaq verən və dayaq duran ölkə Rusiyadır. Düşmənlərimiz bizə qarşı Moskvanın pulsuz verdiyi silahlarla döyüşür. İşğalçı ölkənin ərazisində şimal qonşumuzun hərbi bazaları yerləşdirilib. Bu bazalarla isə bədnamları əmin edir ki, bazalara görə Azərbaycan onlara hücum edə bilməz”.

Ayyət Əhməd