Qarabağda vəziyyət təhlükəli olaraq qalır
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son ağır toqquşmaların ardınca Cənubi Qafqazdakı münaqişənin dondurulmuş saxlanılmasının böyük təhlükə olduğunu əksəriyyət etiraf etməkdədir. Rəsmi Bakı illər boyu "status-kvo”nun saxlanmasının riskli olduğunu bəyan etsə də, aparıcı güclər məsələnin ciddiliyini ağıllarına gətirmirdilər.
Lakin 2-5 aprel döyüşləri göstərdi ki, Rusiya baş naziri Dmitri Medvedyevin dediklərinin əksinə olaraq, münaqişənin dondurulmuş saxlanılması çıxış yolu deyil, əksinə, növbəti faciələrə aparan yoldur. Əməliyyatlardan sonra dünyanın böyük hissəsinin qənaəti budur ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi yeganə həll variantıdır. Diplomatik səviyyədə danışıqları dalandan çıxarmaq lazımdır. Aprel döyüşlərindən sonra hərbi və diplomatik sahədə böyük üstünlük əldə etmiş Azərbaycanın mövqeyi indi daha uca səslə müdafiə olunmaqdadır. Bəs hazırda hansı proses gedir, Moskvanın moderatorluğu ilə gizli məsləhətləşmələr, danışıqlar, hansısa sənədin müzakirəsi aparılırmı? Məsələyə münasibət bildirən XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib ki, hazırda hər hansı danışıq prosesi getmir: "ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistanda oldular. İlk dəfə olaraq Minsk Qrupu tam tərkibdə Vyanada toplaşdı. Amma nəticə yoxdur”.
Rusiya XİN başçısı Sergey Lavrovun danışıqların bütün komponentərinin hazır olması barədə açıqlamasını şərh edən H.Hacıyev bunları deyib: "Əslində hər şey aydındır. Münaqişənin həlli ilə bağlı ümumi baxış və razılıq var. Bu da yenilənmiş Madrid prinsipləridir. Razılaşdırılmış bu təkliflərin mahiyyəti odur ki, münaqişə mərhələli şəkildə həll edilir. Azərbaycan konstruktiv mövqedən çıxış edərək, münaqişənin mürəkkəbliyini nəzərə alaraq mərhələli həll formasını yeganə mümkün həll yolu kimi görür. "Lavrov təklifləri” deyilən fikirlər var idi və KİV-də geniş yayılmışdı. Bu, yeni bir şey deyil və mahiyyət etibarilə Madrid prinsiplərini özündə ehtiva edir. Sadəcə olaraq, burada konfiqurasiyalar fərqli ola bilər. Yəni ilkin olaraq 5 rayonun boşaldılması, növbəti mərhələdə daha 2 rayonun azad edilməsi və s. Rəsmi Bakı bu əsasda ciddi və hərtərəfli müzakirələrə hazırdır”.
Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, Rusiya münaqişənin həlli ilə bağlı təşəbbüsü öz üzərinə almaq istəyir: "Rusiya Cənubi Qafqaz bölgəsində hökmranlığını nümayiş etdirməyə, qoşunlarını "sülhməramlı” adı altında regiona soxmağa çalışır. Təbii ki, bu istək yolverilməzdir. Çünki beynəlxalq təşkilatlarda həmin məsələ dəfələrlə müzakirə olunub. Əgər hər hansı münaqişə zonasına sülhməramlı qoşun yerləşdirilirsə, beynəlxalq konvensiyaya görə, bu ordu mütləq müxtəlif üzvlərdən ibarət olmalıdır. Sadəcə, bir ölkəni təmsil edən "sülhməramlı qoşun” olmaz. Bu qərarlar 1994-cü il Budapeştdə və Lissabonda keçirilən ATƏT-in sammitində alınıb. Biz həmin müddəanı hər zaman gündəmdə saxlamalıyıq”. Deputatın sözlərinə görə, Rusiyanın Ermənistan üzərində böyük təsir imkanları var: "Ermənistan siyasi, iqtisadi və hərbi cəhətdən Rusiya ilə ən çox bağlı olan ölkədir. Rusiya istənilən zaman öz imkanlarından istifadə edərək Ermənistanı sülhə məcbur edə bilər. Əgər Moskva belə bir təşəbbüsü öz üzərinə götürərsə və bölgəmizdə sülh, sabitlik bərpa olunarsa, Rusiya Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığını iqtisadi maraqlarına uyğun apara bilər. Həm nəqliyyat, həm enerji sahəsində əməkdaşlıq üçün ciddi imkanlar yaranar. Yəni biz Rusiyanın təmsil olunduğu qurumdan sadəcə bir şey tələb edirik - Ermənistanı sülhə məcbur etmək. Bölgədə vəziyyət çox kövrəkdir. Ermənistan öz təxribatlarından əl çəkmir. Əgər düşmən hərbi müstəvidə prosesi davam etdirməyə çalışacaqsa, Azərbaycan tərəfindən çox ciddi zərbələr alacaq”. A.Mollazadə Minsk Qrupunun "donduruculuq” funksiyasından təngə gəldiyini deyib: "Vasitəçilərin regiona səfərləri dünyanın ən gözəl paytaxtlarında 20 ildən artıqdır davam etdirilir və beynəlxalq "turizm” funksiyası daşıyır. Biz Minsk Qrupundan beynəlxalq hüquq normalarına əsaslanan ciddi qərarlar və addımlar gözləyirik”.
İsmayıl