Layçak Dağlıq Qarabağ problemi ilə tanışdır

ATƏT-in yeni sədrinin münaqişəyə ciddi yanaşacağı gözlənilir


ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq üçün Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırır. Regiona səfər fevral ayının ortalarına planlaşdırılıb. Xatırladaq ki, Slovakiyanın ATƏT-ə sədrlik dövründə əsas prioritetləri regionda həlli uzadılmış münaqişələrin nizamlanması və təşkilat məkanında münaqişələrin qarşısının alınmasına dəstək vermək olacaq. Daha əvvəl bildirilirdi ki, Slovakiya ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəal iştirak etmək niyyətindədir.

Yeni sədrin fəaliyyəti ilə bağlı "Şərq”ə danışan siyasi ekspert Anar İmanov deyib ki, Layçak Dağlıq Qarabağ problemi ilə tanışdır. Ekspert xatırladıb ki, 2011-ci ildə Avropa İttifaqının Xarici Siyasət Xidmətinin "Şərq tərəfdaşlığı” məsələləri üzrə icraçı direktoru olan Layçak Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin sürətlənməsi lazım olduğunu bəyan edib: 

"İl oldu 2019 və artıq Layçak ATƏT-in yeni sədridir. Yanvarın 1-dən ATƏT-ə sədrlik rotasiya əsasında bir il müddətinə İtaliyadan Slovakiyaya keçib. Bu münasibətlə Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak ölkəsinin sədrlik dövrü üçün hədəflərini açıqlayıb. 

Nazir ölkəsinin sədrlik dövrü üçün qarşısına dialoq, etimad və sabitliyin dəstəklənməsi və təşkilatın fəaliyyətinin gücləndirilməsi kimi hədəflər qoyduğunu açıqlayıb. Deyilənə görə, sədrlik 2019-cu ildə diqqətini üç əsas fəaliyyət sahələrinə yönəldəcək. 

Yəni münaqişələrdən əziyyət çəkən insanları ön planda saxlamaq şərti ilə problemlərin çözülməsi, eləcə də vasitəçiliyin həyata keçirilməsi naminə fəaliyyət üçün çalışacaq. Əminəm ki, ATƏT yeni sədrin timsalında Qarabağ probleminə ciddi yanaşacaq və onun həlli üçün əlindən gələni edəcək”. 

Analitikə görə, sülh danışıqları istiqamətində Ermənistanla hansısa qərara gəlmək mümkün olmur: 

"Yaxşı olar ki, təcavüzkar Ermənistana ATƏT səviyyəsində təzyiq olunsun, sanksiyalar tətbiq edilsin. Yalnız bu yolla Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qaytara bilər. Ümid edirik, bu məsələdə cənab Layçakın mövqeyi çox sərt və konkret olacaq. Artıq təcavüzkar ölkəyə güzəşt etməyin zamanı deyil”.

İsmayıl