Liderlərin davranışlarında siyasi mesajlar olur

Ekspert bildirib ki, siyasətçilər bəzən diplomatik görüşlərdə əl, ayaq, mimikaları ilə öz sözlərini deyirlər



Ötən gün Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kreslodan qalxarkən xoşagəlməz halla qarşılaşıb. Lakin Ərdoğan kreslonun yıxılmasına elə də əhəmiyyət verməyib və ayağa qalxaraq Rusiya Prezidenti ilə görüşüb.

Daha sonra mühafizəçilər kreslonu yerdən qaldırıblar. Rusiya və Türkiyə prezidentləri isə sammiti davam etdiriblər. Hadisə sosial şəbəkədə geniş müzakirə olunub. Bir qisim Putinin Ərdoğanın kreslosuna toxunduğunu iddia edərək Kreml rəhbərini türkiyəli həmkarının kreslosunu siyasi mesaj olaraq qəsdən yıxmaqda ittiham etdi. Digərləri isə hadisənin sadəcə təsadüf olduğunu bildiriblər. Ancaq bəzi ekspertlər deyiblər ki, siyasətçilərin bu və ya digər şəkildə müəyyən hərəkətlərlə siyasi jestləri olur. 


Maraq doğuran məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu deyib ki, bu, adi bir hadisə kimi dəyərləndirilsə də, arxasında diplomatik mesaj dayandığı ehtimal edilir: 


"Unutmaq olmaz ki, jestlər və belə hadisələr siyasi arenada böyük mənalar kəsb edir. Məsələn, Ankara terrorunun ardınca Azərbaycan Prezidentinin Türkiyəyə səfəri hər iki ölkənin mediasında geniş işıqlandırıldı. İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə istifadə etdiyi jestlər, biri-birlərilə qucaqlaşıb, iki əllə görüşmələri Azərbaycanın daim Türkiyənin yanında olmasına işarə kimi başa düşüldü. Yaxud, ABŞ Prezidenti Barak Obamanın Kubaya səfəri və səfər çərçivəsində həmkarı Raul Kastro ilə görüşü dünyanın diqqət mərkəzində oldu.


 Görüşdə Kastronun Obamanı çiyninə toxunmasına icazə verməməsi sosial şəbəkələr də daxil olmaqla bir çox yerdə müzakirə edildi. Raul Kastro Obamanın bu hərəkətinə onun əlini tutub yuxarı qaldırmaqla cavab verdi. Təhlilçilər hesab edir ki, bu, ABŞ-la Kuba arasında heç də səmimi əlaqələrin hökm sürmədiyinə mesaj oldu”.


 Ekspert bildirib ki, siyasətçilər bəzən diplomatik görüşlərdə əl, ayaq, mimikaları ilə öz sözlərini deyirlər: "Bəzən onların acıqlı olması, bəzən isə gülərüz davranması öncədən planlaşdırılır. Bu baxımdan, Ərdoğanın kürsüsünün aşmasında da belə məqamlar axtarmaq mümkündür. Lakin bundan çıxış edərək dəqiq təhlillər aparmaq yanlış olardı”.

İsmayıl