Maliyyə yoxdur, oxumaq istəyəni ruhdan salırlar

“Təəssüf ki, bu imkanı da abituriyentlərin əlindən alırlar”
“Şagirdlər gedirdi və çox az pul ödəməklə özünü yoxlayırdı ki, o, qəbul prosesinə hazırdı, ya yox”


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 9-cu siniflər üzrə sınaq imtahanlarının keçirilməsi üçün maddi imkanların olmadığını vurğulayıb. Onun sözlərinə görə, sınaq imtahanları yazılı deyil, yalnız onlayn formada keçiriləcək.

Bundan əlavə, M.Abbaszadə bildirib ki, 9-cu siniflər üzrə yazılı sınaq imtahanlarının keçirilməsinə nə şagirdlər, nə də qurum hazırdır: "Hazırda sınaq imtahanlarını keçirmək üçün maddi imkanlarımız yoxdur. Şagirdlər isə öyrəşiblər ki, sınaq imtahanı verəndən sonra təcili cavabları alsınlar. Amma onlayn formada keçirilən sınaq imtahanlarının nəticələri iki həftə ərzində yoxlanılaraq təqdim olunacaq”.

Sınaq imtahanlarının abituriyentlər üçün vacib bir həlqə olduğunu deyən, təhsil üzrə ekspert Nabatəli Qulamoğlu bu imtahanların ləğvinin düzgün olmadığını söyləyib: 

"Artıq dövlət qurumları müəssisələr və təşkilatlar qarşısında maliyyə vəsaitləri ilə bağlı ciddi tələb qoyublar. Müəssisələrin nə qədər pul xərcləməli olduqları bildirilir. Ümumiyyətlə, dövlət büdcəsinə qənaət etmək istəyirlər. Amma bilmirlər ki, hansı yolla qənaət eləsinlər. Hesab edirəm ki, Azərbaycanda imtahanların bir neçəsi birləşdirilməlidir. Məsələn, sınaq, buraxılış, qəbul və monitorinq imtahanlarını birləşdirmək məqsədəuyğun olardı. Konkret olaraq söhbət sınaq imtahanlarından gedirsə, bu imtahanlar birmərhələli idi. Şagirdlər gedirdi və çox az pul ödəməklə özünü yoxlayırdı ki, o, qəbul prosesinə hazırdı, ya yox. Təəssüf ki, bu imkanı da abituriyentlərin əlindən alırlar. Güman edirəm ki, bu, təhsilin həlqəsində müəyyən bir qırıqlıqdır. Amma ola bilərdi ki, monitorinq imtahanlarını ləğv eləsinlər və sınaq imtahanlarını aparsınlar. Yaxud sınaq imtahanında xərclənən maliyyənin çox cüzi bir hissəsini abituriyentlər alsınlar. Düşünürəm ki, sınaq imtahanı qəbul prosesinə hazırlıq üçün çox vacib bir amildir və bunu ləğv eləmək düzgün deyil”.

Yeganə Bayramova