"Manatı üzən məzənnəyə buraxsaq, dollar 2 manat bariyerini aşacaq"

Fuad İbrahimov:"Bunu etsək, ilk növbədə ərzaq məhsullarının qiyməti qalxacaq"

"Dünya birjalarında neftin qiymətinin aşağı düşməsi kəskin şəkildə manatın məzənnəsinə təsir etməyəcək”.

Bunu Sherg.az-a iqtisadçı Fuad İbrahimov deyib. O bildirib ki, ötən il neftin qiyməti bundan da aşağı olub:

"O halda hökumətin manatın məzənnəsini balansda saxlama qabiliyyətini gördük. Yəni həmin çərçivədən çıxmasına imkan vermədilər. Bu, Mərkəzi Bankın əlində olan son alətdir ki, manatın məzənnəsinə təsir edir. Sözügedən iqtisadi aləti Azərbaycan icad etməyib, iqtisadiyyatda mövcuddur. Lakin metodu tətbiq etməklə iqtisadiyyatın inkişafına deyil, kiçilməsinə yol açılır. Biz manata məhdudiyyət yaradırıq. Bununla da dollara olan tələbatı azaldırıq. Beləliklə, makroiqtisadi səviyyədə inkişafı tormozlaşdırırıq. Problemlər yaranır. Məsələn, banklarda nağdlaşmanın qarşısını hər hansı faiz, vergi dərəcəsi ilə almaq kimi addımlar atılır. Bunlar əslində bariyerlər yaradır.

İqtisadiyyat tənəzzül dövrü yaşayanda yumşaldıcı, elastik əmsallardan istifadə etmək lazımdır. Düzdür, yaxşı olardı ki, manatın bu gün həqiqi məzənnəsini bərqərar edək. Ancaq nəzərə almalıyıq ki, xüsusilə, ərzaq məhsullarında idxalın həcmi yüksək olduğu üçün manatın məzənnəsini buraxmağımız məqsədə uyğun olmazdı. Bunu etsək, ilk növbədə ərzaq məhsullarının qiyməti qalxacaq. Çünki bu proseslərin hamısı bir-birindən asılıdır. Belə olduğu halda demirəm ki, Mərkəzi Bankın (MB) bugünkü siyasəti institusional dəyərlərə cavab verir, amma bu, mövcud vəziyyətimizə uyğun ən optimal variantdır. İndiki siyasəti saxlamaqla, neftin qiymətinin nə vaxtsa qalxacağını gözləmək düzgün deyil. Sürətli şəkildə qeyri-neft sektorunun inkişafına dair sərəncamlar verilib, proses hərəkətə gətirilməlidir”.

F.İbrahimov düşünür ki, ilin sonuna qədər hökumət manatın məzənnəsini saxlaya biləcək:

"Nəticədə dolların məzənnəsi 2 manata yüksəlməsin. Ancaq bunu müəyyənləşdirmək üçün konkret iqtisadi tədqiqat metodları var. Bunları aparmışıq. Nəticələrə görə, dolların dəyəri əslində 2 manatdan çox yüksəkdir. Əgər manatı şəffaf şəkildə üzən məzənnəyə buraxsaq, dollar 2 manat bariyerini çox asanlıqla keçəcək”.

Aysel Aslan