"MAQATE "Metsamor"un böyük təhlükə olduğunu müzakirəyə çıxarmır"




"Ermənistandakı "Metsamor” atom elektrik stansiyasının mövcudluğu region üçün çox böyük təhlükədir”.

Bunu Sherg.az-a millət vəkili Məlahət İbrahimqızı deyib. 

O bildirib ki, bu gün Şimali Koreyada olan nüvə silahları ilə bağlı dünyanın müxtəlif dövlətləri, xüsusilə, Amerika Birləşmiş Ştatları öz narahatlığını bildirir:

"Bununla bağlı sanksiyalar qəbul edirlər. Təəssüf ki, həmin beynəlxalq təşkilatlar hətta MAQATE özü belə köhnə texnologiyalar əsasında qurulmuş Metsamor AES-in region üçün nə qədər böyük təhlükə olduğunu ciddi müzakirə obyektinə çıxarmırlar.

Bir neçə il əvvəl mətbuatda dərc etmişdilər ki, Avstraliyanın hansısa şirkəti gəlib,"Metsamor”da yeni qurğuların genişləndirilməsi ilə bağlı tender udub.

Söhbət tək köhnə texnologiyalar əsasında qurulmuş AES-dən deyil, həm də ciddi seysmoloji cəhətdən aktiv region olmağından gedir. Ermənistanda çox böyük balla müşahidə olunan zəlzələ baş verdi. O zaman Ermənistanın ərazisində əsas zərər çəkən erməni xalqı oldu. Biz hələ "Çernobıl” fəlakətlərindən onun acısından, Yaponiyada baş verən zəlzələ ilə bağlı olan fəlakəti hələ unutmamışıq. Həmin insanlar hələ yaşayırlar. Onların ağır problemləri qalmaqdadır. Bu günə qədər "Çernobıl” fəlakətləri ciddi problem kimi qalmaqdadır”.

M.İbrahimqızı bildirib ki, buna görə Azərbaycan rəsmiləri və millət vəkilləri beynəlxalq təşkilatlarda olarkən bu məsələni gündəmə gətirməli, daim səsləndirməlidir:

"Nə qədər ki, bununla bağlı ciddi qərarlar qəbul olunmayıb, işlərimiz davam etdirməliyik. Çünki region kiçikdir. Digər tərəfdən də tək biz Cənubi Qafqazı düşünmürük. Ermənistan sərhədində olan böyük dövlətlər - İran, Türkiyə, Orta Doğu - böyük bir ərazi ciddi təhlükədədir. Ona görə də ciddi təhlükədə olan "Metsamor” haqqında təhlükəni həmkarlarımızla bir yerdə beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətinə çatdırmalıyıq”.

Qeyd edək ki, Avronest Plenar sessiyasında iştirak edən Milli Məclisin deputatı Fərəc Quliyev Avronest PA-nın iştirakçılarının diqqətinə Ermənistanda yerləşən "Metsamor” atom elektrik stansiyasının bütün region üçün böyük təhlükə mənbəyi olduğunu bildirib.

Ayyət Əhməd