Markovun Qarabağ açıqlaması Kremlinmi mövqeyidir ? - AKTUAL ŞƏRH






"Nikol Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara hazır deyil”.

Bunu "Sherg.az”a politoloq Elxan Şahinoğlu söyləyib. 

Onun fikrincə, erməni baş nazirin əsas hədəfi hakimiyyətini qorumaqdır:

"Çünki o, zəif baş nazirdir, parlamentdə isə nisbi çoxluğa sahibdir. N.Paşinyan hazırda erkən parlament seçkilərinə getməyə çalışır. Baş nazirin parlamentdə mövqeyi güclənməyənə qədər Qarabağ danışıqlarına maraq göstərməyəcək. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da mətbuat konfranslarının birində açıq söylədi ki, erməni tərəfi danışıqları sonraya saxlayır. Belə məqamda danışıqlar masasına oturmaq, hansısa irəliləyiş əldə etmək mümkün deyil. Azərbaycan da Ermənistandakı seçkilərin nəticələrini gözləmək məcburiyyətindədir. Çünki biz də müəyyən təzyiqləri davam etdiririk. Sonuncu dəfə Naxçıvan istiqamətində ordumuz yeni uğur qazandı, böyük bir ərazini azad etdi”.

E.Şahinoğlu ötən gün Bakıda mətbuat konfransı keçirən Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markovun səsləndirdiyi fikirlərə də toxunub. Onun sözlərinə görə, S.Markovun açıqlaması Kremlin mövqeyi kimi qiymətləndirilməməlidir:

"Bakıya gələn rusiyalı ekspertlərin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edirlər. Bir müddət əvvəl Cocuq Mərcanlı kəndinə də səfər etdilər. Lakin bu ekspertlərin çoxluq təşkil etdiyini deyə bilmərik. Həmin ekspertlərin fikirləri tamamilə Rusiyanın mövqeyini ifadə etmir. Belə olsaydı, rəsmi Moskva münaqişənin həllini sürətləndirər, Ermənistana dəstəyini dayandırardı”.

Qeyd edək ki, Sergey Markovun açıqlamalarına görə, Ermənistanda hakimiyyət uğrunda ciddi mübarizə gedəcək. Politoloq bildirib ki, Nikol Paşinyanın rəqibləri onu Dağlıq Qarabağ məsələsində güzəştlərə getməyə hazır olmaqda ittiham edir. Amma o, bu güzəştlərə hazır deyil. Rusiyalı politoloqun fikrincə, N.Paşinyan əksinə, "vətənpərvərlik eyforiyası”nda maraqlıdır, ona görə də istisna olunmur ki, onun tərəfdarları baş nazirin Dağlıq Qarabağ münaqişəsində mövqeyinin "kəskinliyini” və "qətiyyətliliyini” göstərmək məqsədilə lokal toqquşmalar kimi təxribatlar təşkil etsin.

Aysel Aslan