"....Maşın bazarında SIXINTI YAŞANDI"

Elməddin Muradlı: "Avtosalonlar Azərbaycanın daxilindəki avtomobilləri alıb-satmaqla məşğuldur"


"92 markalı benzininin bahalaşmasından sonra maşın bazarında müəyyən bir dövr üçün sıxıntı yaşandı".

Bu barədə Sherg.az-a maşın bazarındakı hazırkı durumu şərh edərkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, məlum bahalaşmadan sonra benzinlə işləyən avtomobillərin qiyməti bir az "oynadı":

"Bu pross bir neçə gün çəkdi. Bilirsiniz ki, Azərbaycanda "Avro -5" standartı tətbiq olunduqdan sonra Avropa ölkələrindən ölkəmizə gətirilən avtomaşınların sayında kəskin azalma müşahidə olundu. Bundan əlavə son günlər Almaniya, Böyük Britaniya və digər ölkələrin avtomobil sənayeçiləri müzakirələr aparırlar və müxtəlif bəyanatlar verirlər. Dizel mühərrikli avtomobillərin istismardan yığışdırılmasını təklif edirlər. Hətta bununla bağlı müəyyən qərarlar da qəbul olunub. Bu mənada düşünürəm ki, dizel mühərrikli avtomobillərin qiyməti o qədər də artmayacaq. Bu avtomaşınlar Avropa ölkələrindən yığışdırılsa, onlar Azərbaycan kimi ölkələrə gətiriləcək. Bazarda da dövriyyə olmadığına görə, qiymətlər sabit qalacaq. Hətta qiymətlər ucuzlaşa bilər. Hazırda avtomobil bazarında ikinci, üçüncü əl avtomobillər dövr edir".

Xaricdən o qədər də avtomaşın gətirilmədiyini deyən ekspert söyləyib ki, bəzi avtosalonlar Azərbaycanın daxilindəki avtomobilləri alıb-satmaqla məşğuldur:

"Onlar elan saytları vasitəsilə işlərini çox asanlıqla görürlər. İnsanlar satmaq istədikləri avtomobillərini elan saytlarına yerləşdirirlər. Avtosalon işçiləri də bəyəndikləri maşın olduqda müştəri kimi çıxış edib, onu alır. Müəyyən bir kosmetik dəyişiklik etməklə bir az abıra salıb salonda satışa qoyur. Yeni avtomobillərə maraq yoxdur. Doğrudur, Bakıda "Land Cruiser", "Porsche" və "Mercedes" ən son modelləri Azərbaycanda var. Onlara maraq azalmayıb. İmkanlı adamlar yenə də təzə avtomobilləri alıb, satır. Hətta hər il maşın dəyişən adamlar var. Bu mənada "bazar ölüb" desək, o qədər də inandırıcı olmaz. Adama sual verərlər ki, bəs bu qədər maşın haradandır ? Alıcılıq qabiliyyəti hər kəsdə olmasa da müəyyən bir təbəqədə var. 

Azərbaycanda avtomobil bazarının bu vəziyyətə düşməsindən başqa ölkələr -Çin, Hindistan faydalanacaq. O ölkələrin avtomobilləri Azərbaycanda daha ox alınıb-satılacaq. Keyfiyyət məsələsi ürəkaçan olmasa da, "Prado"nun Yapon markasını ala bilməsə də "Kitay" variantını alacaq. O cümlədən də başqa avtomobillərin - Hyundai, "Nissan" "Mercedes"in Çin variantları yavaş-yavaş Azərbaycana gəlir. Hətta "Gelandewagen” kimi tandığımız avtomobilin də Çin variantı artıq Bakıda var. Bu ölkələrin avtomobilləri Azərbaycan bazarına ayaq açmağa başlayacaq".

Ayyət ƏHMƏD