Media maarifləndirmə missiyasından uzaq düşüb

Belə mənzərənin yaranmasında cəmiyyətlə yanaşı, KİV-in də müəyyən suçu var


Hər bir toplum üçün maariflənmə xüsusi əhəmiyyət kəsb edir. Çünki cəmiyyətlərin inkişafı, rifahı və dünyaya inteqrasiyası insanların maariflənməsi ilə sıx bağlıdır. Məlumdur ki, müasir dövrdə maarifləndirmə prosesini həyata keçirməyin ən optimal və təsirli variantı media orqanları, yəni telekanallar, qəzetlər və internet saytları hesab olunur. Elə KİV-in üç əsas funksiyasından biri də maarifləndirmədir, əlbəttə ki, nəzəriyyədə... Təəssüflər olsun ki, son dövrlər bəzi media qurumları maarifləndirmə istiqamətindən daha çox, digər funksiyalara, yəni məlumatlandırma və əyləndirməyə daha böyük diqqət ayırır.

Əslində digər istiqamətlərlə bağlı da müəyyən problemlər var. Amma mətbuatın ən ciddi axsaxlığı məhz maarifləndirmə sahəsi ilə bağlıdır. Görəsən, mediamız maarifləndirmə sahəsinə niyə maraq göstərmir? Bu problemin həlli yolları varmı? Ümumiyyətlə, müasir dövrdə mətbuatın üzərinə maarifləndirmə tələbini qoymaq doğrudurmu?

Məsələyə münasibət bildirən ekspertlərin fikirləri heç də birmənalı deyil. Maarifləndirməni media üçün önəmli funksiya hesab edənlərlə yanaşı, informasiya verməyin və əyləndirməyin cəmiyyətin, yəni oxucunun tələbi olduğunu düşünənlər də var.

Mövzu ilə bağlı fikirlərini bölüşən "Yeni Müsavat” qəzetinin əməkdaşı, tanınmış jurnalist Elşad Paşasoy bunun kifayət qədər ciddi problem olduğunu deyib: "Əgər 140 il öncə Həsən bəy Zərdabi banisi olduğu "Əkinçi” qəzetində əsas diqqəti maarifləndirmə sahəsinə yönəltməyi vacib sayıb və buna nail olubsa, deməli, çağdaş zamanımızda əhalinin maarifləndirməsinin arxa plana keçməsində həm mətbuatın, həm də elə cəmiyyətin təqsiri var. Acınacaqlısı odur ki, bir sıra hallarda əhalinin maarifləndirilməsinə verilən önəmə görə, hətta bəzən sovet dövrünün Azərbaycan mətbuatı da nümunə olaraq xatırlanır. O zaman bir sıra yasaqlar, sərt senzura qaydaları olsa da, konkret sərhədlər çərçivəsində maarifləndirmə işləri KİV-in əsas vəzifələrindən biri idi. Müstəqil Azərbaycan mətbuatının bu məsələni prioritetləri sırasına aid etməməsinin ən başlıca səbəbi oxucu, tamaşaçı və dinləyicinin bu kimi materialları həzm etməyə hazırlıqlı olmamasıdır”.

E.Paşasoyun sözlərinə görə, bu gün mətbuat bazar qanunlarını ciddi şəkildə nəzərə alır və reytinq amilinə xüsusi önəm verir: "Tələb və təklif amili var. Əgər KİV orqanı əmin olsa ki, onun yaydığı maarifləndirmə materialı həssaslıqla qarşılanacaq, oxunacaq, baxılacaq, müzakirə mövzusu olacaq, o halda heç şübhəsiz bugünkü mənzərənin tam əksinin şahidi olarıq. Hətta o zaman şou-proqramların da efir vaxtının bir hissəsi maarifləndirməyə ayrılar. Təəssüf ki, ictimai rəy hələlik bunu diktə etmir. Bu gün cəmiyyətimizdə bir sıra qanun pozuntuları həm də ona görə baş verir ki, vətəndaşlar öz hüquqlarını kifayət qədər bilmir. Belə olan halda hüquqlarından bixəbər sürücü, ticarətçi, usta onu hansısa qanunsuzluğa sürükləyən, yaxud hüququnu pozan şəxsin yanında sonradan gözükölgəli olmaqla bərabər bir sıra imtiyazlarından da məhrum olur”.

Jurnalist vurğulayıb ki, hüquqlarını öyrənmək üçün maariflənmə həvəsinə düşənlərin də faizi ürəkaçan səviyyədə deyil: "Əgər hansısa qəzetə, sayta, yaxud radio-televiziyaya konkret bilgilərin verilməsi xahişi ilə davamlı müraciətlər olarsa, şübhəsiz ki, KİV rəhbərləri bu boşluğun doldurulması üçün maksimum səy göstərərlər. Ancaq mən bu vəziyyətə görə günahı təkcə cəmiyyətin də üzərinə yıxmağın tərəfdarı deyiləm. Burada medianın özündəki boşluqlar da sözünü deyir. Yazılı medianın dairəsi və tirajının elə də yüksək olmaması faktdır və bu minvalla mövcud KİV-lərin kifayət qədər cəlbedici və cəzbedici sahə sayılmayan maarifləndirmə fəaliyyətinə üstünlük verəcəyinə inam azdır. Lakin burada telekanalların kifayət qədər geniş imkanları var. Böyük tamaşaçı auditoriyasına malik olan yerli kanallar tədricən də olsa, maarifləndirmə işlərinə efir vaxtı ayırmaqla həm də əhalinin bu sahəyə olan "ölmüş” marağını qaytara bilərlər. Düzdür, dini, tarixi, mədəni, tibbi sahədə maarifləndirmə ilə bağlı müəyyən proqramlar var. Lakin şou verilişlər ilə müqayisədə bu proqramlar göldə damla kimidir. Ona görə də kompleks tədbirlərə ehtiyac var. Ola bilsin, KİV-lərin də bu sahəyə marağını artırmaq üçün ən azı "keçid” dövrü üçün müəyyən layihələr həyata keçirmək olar. Qəzetlərdə "Oxucu poçtu” rubrikasını yaradıb konkret müraciətləri cavablandırmaqla vətəndaşlarda maraq oyatmaq olar. Yaxud telekanallardakı müxtəlif sahələrə aid ekspertlərin tamaşaçılarla canlı ünsiyyəti bu boşluğun doldurulmasına xidmət edə bilər. KİV rəhbərlərinin, bu sahəyə məsul şəxslərin, Mətbuat Şurasının, KİVDF-nin, QHT-lərə Dövlət Dəstəyi Şurasının ortaq layihələri maarifləndirmənin "rentabelli” olması baxımından xeyli maraq oyada və bu sahədə canlanma yarada bilər”.

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib ki, dünyanın sürətlə qlobollaşması demək olar bütün sahələrdəki qanunauyğunluqları, hətta daşlaşmış ənənələri üyüdüb quma döndərdi. Xüsusən də media özünü yenidən yaratmağa məcbur oldu: "Sovet sistemi dağılana qədər SSRİ-nin tərkibində olan ölkələrin, o cümlədən Azərbaycanın mətbuatında Qərb mətbuatından fərqli olaraq, maarifçilik jurnalistikanın ana xəttini təşkil edirdisə, müstəqillik yönümüzü dəyişdi. Hazırda dünya mətbuatının əsas istiqaməti xəbər üzərində qurulub. Dünyanın sükanını əlində bərk saxlayan güclər elə mühit formalaşdırıblar ki, KİV-in mahiyyəti onların siyasətinə uyğunlaşdırılır. Jurnalistika bir növ çıxılmazlıq içindədir. Dərd orasındadır ki, həmin xəbər də xüsusi laboratoriyalarda hazırlanır. Məsələn, "İraqı işğal etmək lazımdır” xəbəri yayılmalıdı, amma "İraq nüvə silahı istehsal edib” xəbəri yayıldı. Birləşmiş Qərb ordusu İraqa, ordan da başqa müstəqil ölkələrə qoşun yeritdilər. İşğal sona çatdı və ikinci xəbər dünyanın gündəminə ötürüldü: - ABŞ mətbuatı yanlışlığa yol verib: İraqda nüvə silahı yox imiş. Hətta ABŞ-ın müdafiə naziri səhv xəbər yayıldığı üçün üzr də istəyir. Belə vəziyyətdə mətbuatın maarifləndirmə missiyasının gücü avtomatik yoxa çıxır. Digər tərəfdən, internet vasitəsi ilə bilgi almaq imkanları genişlənib. "Google”, "Yandeks” axtarış sistemləri, "Vikipediya” məlumat bazası, o cümlədən müxtəlif sahə saytları var. Daha ənənəvi mətbuatın maarifləndirməsinə ehtiyac qalmır. Yazacağımız, araşdırıb ortaya çıxaracağımız maarifləndirmə səciyyəvi məlumatlar bir düymənin altına yerləşdirilib. Qəzet almaqdansa, həmin düyməni basmaq oxucuya daha rahatdır”.

C.Musaoğlu düşünür ki, sanballı yazıları ilə seçilən mətbuatı geri qaytarmaq artıq mümkünsüzdür: "Ancaq ən azından qan saçan xəbərləri maksimum dərəcədə azaldaraq, onların yerini jurnalist əməyinin məhsulu olan yazılarla doldurmaqla, maarifçilik missiyasını geriyə qaytarmağa səy göstərmiş olarıq. Yenə də arzuladığımız nəticə əldə etmək baş tutan iş deyil. Media özü dəyişməklə oxucusunu da dəyişib. Qəzetlərin satıldığı bazarda oxucu axtarmaq əbəsdi. Oxucu xəbərlərin məngənəsinə düşüb”.

Tərcüməçi-yazar Əziz Rzazadə isə həmkarlarından fərqli fikirdədir. O hesab edir ki, medianın əsas funksiyası ancaq və ancaq məlumatlandırmaqdır: "Azərbaycan mediası maarifləndirmə dövrünü "Əkinçi” ilə tamamlayıb. Bundan da o tərəfə maariflənmə? Kütləvi savadsızlıq zamanı görün nə qədər arxada qalıb. Həm də maarif orta məktəbdən ali məktəbədək davam edir. Sonrası da ki, hamıya məlumdur: - maraq dairənə uyğun maariflən, vəssalam”.

Mətbuatın əyləndirmə funksiyasına isə jurnalist belə münasibət bildirib: "Əyləncə üçün məkanlar, özü də zövqə və imkana uyğun kifayət qədərdir. Medianın camaatı əyləndirməsinə ehtiyac yoxdur. Burda müşkül məsələ məlumatlandırmada, daha doğrusu, onun keyfiyyətindədir. Ucuzluqdan tutub hara qədər getmək olar ki?!

Bir halda ki, media artıq internet aləmindəki sadəcə "feyk”, yəni "yalan” adlanan xəbərləri də artıq ciddi məlumat kimi qəbul edir və ictimaiyyətə çatdırır. Bunlar düşünülməli ciddi məsələlərdir. Götürək elə son dezinformasiyanı, "Putin islamı qəbul edib”... Məgər bundan da ucuz bir hoqqanı nəşr etmək və "ciddi mediayam” deyə qürrələnmək! Düşünmək lazımdır, hara gedirik...”

(davamı var)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb