Media nümayəndələri Əbülfəs Qarayevlə təmas qurdular

Tədbirdə nazirlikdə aparılan islahatlar, mətbuat orqanları ilə əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub




Azərbaycan Xalça Muzeyində Mətbuat Şurasının təşəbbüsü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Şuranın İdarə Heyətinin üzvləri, həmçinin informasiya agentlikləri, qəzetlərin baş redaktorları və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşü keçirilib. Tədbirdə nazirlikdə aparılan islahatlar, mətbuat orqanları ilə əməkdaşlığın genişləndirilməsi yolları, III Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq, forumun mediada işıqlandırılması ilə bağlı prioritet tövsiyələr, I Avropa Oyunları ilə əlaqədar nazirliyin vəzifələri, turizm müəssisələrində hazırlığın səviyyəsi kimi mühüm məsələlər müzakirə olunub.

Görüşdə çıxış edən mədəniyyət və turizm naziri Ə.Qarayev son illərdə rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən işlərdən, mədəniyyətimizin inkişafı, təbliği istiqamətində reallaşdırılan layihələrdən söz açıb.
Nazir qeyd edib ki, son aylar ərzində Mədəniyyət və Turizm Nazirliyi daxilində aparılan struktur dəyişikliklər ictimaiyyət nümayəndələri və kütləvi informasiya vasitələri ilə işin daha səmərəli qurulmasına, yeni dövrün tələblərinə cavab verən layihələrin reallaşmasına xidmət edir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bu cür görüşlərin böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, bu görüşlər media təmsilçilərinə rəhbər qurumların nümayəndələri ilə hər hansı problemin, mövzunun müzakirəsinə və həllinə müsbət təkan verir: "İlin sonuna qədər bir sıra dövlət qurumlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu gün Azərbaycanda 40-a yaxın qəzet nəşr olunur, demək olar ki, hər həftə yeni xəbər portalları yaradılır. Onu da deyim ki, başqa ölkələrdə olduğu kimi, Azərbaycan jurnalistikasında həm maliyyə, həm də peşəkarlıq baxımından müəyyən problemlər var. Ən böyük problem isə jurnalistlərin ixtisaslaşmasıdır. Maliyyə problemləri bəzi məqamlarda imkan vermir ki, kütləvi informasiya vasitələri çoxsaylı jurnalistlərlə çalışsın. Buna səbəb isə bir jurnalistin müxtəlif sahələrdə çalışmasıdır. Ümumiyyətlə, jurnalistikada ciddi islahatların olmasına ehtiyac var. Ötən il qabiliyyət tələb edən imtahanlarda jurnalistika ixtisasında oxumaq istəyən 200 abituriyentdən 50 nəfər daxil olub. İllər keçdikcə, peşəkar jurnalistlərin sayı da artacaq”.
Ə.Amaşov həmçinin onu da vurğulayıb ki, Azərbaycanın idman jurnalistləri Avropa Olimpiya Oyunlarında olacaq 20 idman növünün hamısından yaza biləcək qədər ixtisaslı deyillər. Jurnalistlərimiz ancaq özümüzdə olan idman növlərindən yaza bilirlər.
Görüşdə iştirak edən baş redaktorlar mədəniyyət və turizm sahəsindən yazan jurnalistlərə treninqlər keçirilməsi, müxtəlif müsabiqələr təşkil edilməsi, mədəniyyət müəssisələrinə jurnalistlərin sərbəst girişinin təmin olunması, Azərbaycanın turizm potensialının xaricdə təbliği, mədəniyyət və turizm obyektlərində Azərbaycan dilinin qorunması və s. məsələlər barədə fikirlərini bildirib, təkliflərlə çıxış ediblər.
Müzakirədə SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək son illər Azərbaycanda mədəniyyət və turizm sektorunda baş verən köklü dəyişikliklərdən, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında bu sahədə aparılan islahatlardan danışıb və təkliflər irəli sürüb.
B.Quliyev bu görüşün I Avropa Oyunları ərəfəsində baş tutmasını vacib amil kimi dəyərləndirib: "Mövqeyindən, sosial yönümündən, siyasi baxışlarından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı ölkəmizin maraqları naminə var-qüvvəsi ilə çalışmalı, gücünü ortaya qoymalıdır”. SƏS Media Qrupu rəhbərinin növbəti təklifi milli mətbəximizin dünyaya təbliğ olunması və turizm mərkəzlərində, restoranlarda qida rasionundan düzgün istifadə edilməsi ilə bağlı olub. Eyni zamanda B.Quliyev milli adət-ənənələrimizin, bayramlarımızın təşkilində, icra edilməsində bəzi təhrifçiliyə yol verilməsindən danışıb, misal olaraq ötən əsrlə bu gün keçirilən Novruz bayramının arasındakı fərqləri göstərib”.
Görüş barədə təəssüratlarını "Şərq”ə bölüşən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də Əbülfəz Qarayevlə media nümayəndələri arasında baş tutan görüşün əhəmiyyətindən söz açıb: "Görüşün keçirilməsində məqsəd Mədəniyyət və Turizm Nazirliyinin bu günə qədər həyata keçirdiyi tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması, media nümayəndələri ilə "Bakı -2015” Avropa oyunları ilə əlaqədar nazirliyin vəzifələri və qurumun bundan sonrakı əməkdaşlığın perspektivlərinin müzakirəsindən ibarət idi. Tədbirdə iştirak edən baş redaktorlar öz təklifləri və sualları ilə nazirə müraciət etdilər. Qənaətimcə, görüş kifayət qədər əhəmiyyətli və səmərəli keçdi. Orada səsləndirilən təkliflərin də nəzərə alınacağı nazir tərəfindən xüsusi vurğulanıb”.
E.Mirzəbəylinin sözlərinə görə, məmur-media münasibətlərinin tənzimlənməsi üçün bu cür görüşlərin keçirilməsinə çox böyük ehtiyac var və hər zaman bu cür tədbirləri müsbət qiymətləndirmişəm: "Hesab edirəm ki, Mətbuat Şurasının bu istiqamətdəki fəaliyyəti çox təqdirəlayiqdir və bu prosesin davamlı olacağını düşünürəm. Bəzən elə məsələlər olur ki, onların yüksək vəzifəli şəxslərlə müzakirə edilməsinə və dövlət maraqlarına uyğun ortaq məxrəcin tapılması zəruridir”.
Şəymən