Media üçün təlimatlar hazırlanmalıdır
Kriminal hadisələrin, qətl və intiharların KİV-də tirajlanması narahatlıq yaradır
Zorakı hadisələrin, amansız qətllərin, dəhşətli qəzaların və intihar olaylarının Kütləvi İnformasiya Vasitələrində (KİV) işıqlandırılması, hətta bəzi media orqanları tərəfindən həddindən artıq tirajlanması ciddi müzakirə mövzularından olub. Çox vaxt psixoloqlar və ictimaiyyət nümayəndələri kriminal xəbərlərin yayılmasında mətbuatı qınayır, mediada dərc olunan pis xəbərlərin cəmiyyətdəki aqressiyanı artırdığını iddia edirlər.
Bir çoxlarına görə, bu cür hadisələrin mediada geniş şəkildə işıqlandırılması intihar və zorakılığa meyilli insanları təşviq edir. Hətta bu məsələdə sovet təcrübəsindən danışanlar da var. Onların fikrincə, sovet dövründə bu kimi halların gizlədilməsi, zorakılığa səbəb olan çağırış və görüntülərin yayılması qadağan olunmuşdu. Əslində mətbuatın bu cür xəbərlərlə bağlı oynadığı rol bir çox mərkəzlər tərəfindən araşdırılıb. Məsələn, ABŞ-ın Poynter İnstitutunun bu mövzuda hazırladığı bir neçə maddə var ki, bunlar intihar xəbərləri ilə bağlı xüsusi qəbul edilmiş xəbərçilik standartlarıdır. İnstitutun araşdırması göstərir ki, "körpüdən atladı”, "özünü yandırdı”, "boynuna ip keçirib özünü asdı” kimi spesifik detallar mediada başlıq kimi seçilməməlidir. Dəhşətli şəkildə ölmüş, intihar etmiş bir insanın şəkli, video görüntüsü xəbər içində verilməməlidir. İntihar hadisələri romantik üsul ilə təqdim edilməməlidir. Məsələn, "intiharla ölümə”, "intihara təşəbbüs” kimi başlıqlardan qaçınmalıdır. Ölüm və qəza hadisələrini xəbərə çevirərkən jurnalist özündən bəsit açıqlamalar gətirməməlidir. Belə hadisələrdən ilk xəbər olaraq, ya da böyük başlıqlarla istifadə olunmamalıdır. Düz xəbər kimi yazılmalıdır ki, oxucu, izləyici intihar xəbərlərində meyillənəcək bir tərəf tapa bilməsin. Həmçinin, belə xəbərlərin sonunda intihara meyilli olanlar üçün psixoloji dəstək ala biləcəkləri mütəxəssislərin əlaqə telefonları əlavə olunmalıdır”. Elə əksər ekspertlər də hesab edirlər ki, media oxucuya insanları intihara qədər aparan depresiya hadisələrinin əslində müalicə edilə bilən bir xəstəlik olduğunu çatdırmalı və müalicə üsulları mövzusunda xalqı məlumatlandırmalıdır. Problemli insanları mütəxəssislərdən kömək istəməyə cəsarətləndirməlidir. Ancaq təəssüflər olsun ki, bizdə buna diqqət edilmir. İntihar xəbərləri manşetlərə daşınaraq, sanki, insanlara qarşılaşdıqları çətinliklərdən sıyrılmaq üçün ölümdən başqa asan yolun olmadığını aşılayırlar. Təbii ki, mətubatın bunu bilərəkdən etdiyini düşünmək doğru deyil. Reytinq xətrinə yarışa çıxmış saytlar, televiziyalar çox vaxt bu üsuldan istifadə etməyə məcbur qalırlar. Ancaq bunun qarşısı qəti şəkildə alınmalıdır. Söhbət gələcəyimiz olan gənclərdən və sağlam topluluqdan gedirsə, reytinq və İP-ni düşünmədən qurban verməyə dəyər.
Məsələyə münasibət bildirən psixoloq Azad İsazadə deyib ki, kriminal hadisələr, intiharlar sovet dönəmində də olub. Ancaq ekspertin sözlərinə görə, SSRİ hakimiyyəti bu xəbərləri gizlətməklə yanaşı, eyni zamanda belə olaylara qarşı mübarizə də aparıb: "Sovet dövründə birmənalı şəkildə bu hadisələr gizlədilirdi. Çalışırdılar ki, belə halları azaltsınlar, səbəbləri araşdırsınlar. Ancaq söhbət ondan getmir ki, həmin quruluş insanları sevirdi, yox, sadəcə olaraq cəmiyyətdə hay-küy, qalmaqal yaranmasını istəmirdi. Yəni heç kim sovet cəmiyyətində işindən, həyatından narazı qalaraq özünə qəsd etməsin”.
A.İsazadənin sözlərinə görə, kriminal xəbərləri mediadan gizlətməklə onların qarşısını almaq mümkün deyil: "Məsələn, intihar etmək istəyən şəxs, mətbuat ondan xəbər tutsa da, tutmasa da, gec-tez özünü öldürəcək. Çünki onun intiharına səbəb ola biləcək şərait aradan qaldırılmayıb. Əlbəttə, düşünmək olar ki, bu cür xəbərlərin geniş şəkildə işıqlandırılması, medianın diqqətində olması intiharların və zorakılıqların sayının artmasına müəyyən qədər təsir edir. Ancaq birmənalı olaraq iddia edə bilmərik ki, medianın təsiri müsbətdir, yoxsa mənfi?”.
Psixoloq istənilən halda medianın bu cür xəbərlərə həssas olmasını vacib sayır: "Əgər bir insan özünü öldürmək istəyirsə, qətl törətmək istəyirsə, hansısa formada bunu edəcək. Ancaq bu o demək deyil ki, həmin adam medianın gördüyü kimi özünü yandırmasaydı, ipdən assaydı, sağ qalacaqdı.. Səbəblər aradan qaldırılmadığı təqdirdə cəmiyyətdəki bu cür hadisələrin qarşısını almaq mümkün olmayacaq. Ancaq medianın təsiri də olur. Misal üçün, vaxtilə Səddam Hüseynin asılması səhnəsi televizorda göstərildikdən sonra özünü asma cəhdləri çoxaldı. Bu cür nümayiş etdirmək bəlkə də düzgün deyil. Amma məlumatı verməkdə, yəqin ki, problem yoxdur. Sadəcə, bunun verilmə qaydaları üzərində işləmək lazımdır. Onu da peşəkarlar etməlidir. Fikrimcə, bu məsələdə ümumi fikrə gəlmək lazımdır. O cümlədən media üçün təlimatlar hazırlanmalıdır. Yəni nəyi demək olar, ya olmaz, nəyi göstərmək olar, nəyi olmaz. Ancaq ümumiyyətlə, heç nə göstərməmək, heç nə deməmək doğru deyil. Çünki intihar barədə məlumatlar onsuz da camaat arasında yayılır, indi internet əsridir. Deməli, biz bu prosesi sadəcə nəzarət altına götürməliyik”.
BDU-nun professoru, media eksperti Cahangir Məmmədli bu məsələnin kifayət qədər mübahisəli olduğunu bildirib: "Cəmiyyətə nəyi aşılayırsan, ondan nümunə götürür. Düşünmürəm ki, kriminal hadisələrin artması medianın bu barədə çox yazması ilə bağlıdır. Jurnalistikanın vəzifəsi maarifləndirməkdir. Mətbuat da bu hadisələri yaymaqla insanları pis vərdişlərdən əl çəkməyə çağırır. Şəxsən mən kriminal hadisələrin efirə çıxmamasının tərəfdarı deyiləm. Ölkədə baş verən xoşagəlməz hadisələrlə bağlı cəmiyyəti məlumatlandırmaq və insanları baş verənlərdən nəticə çıxarmağa səsləmək vacibdir. Hər bir media orqanı özünün informasiya siyasətindən çıxış edir. Oxucular, tamaşaçılar bu cür xəbərlərə meyilli olduğu üçün media da reklam bazarında özünə yer tutmaq və reytinq yığmaq üçün kriminal xəbərlərə üstünlük verir”. Professorun fikrincə, prinsip etibarı ilə bəzi məlumatları verməmək olar: "Ötən dəfə telekanallardan biri onu döydüyü üçün atasını öldürən oğlanı efirdə göstərdi. Oğlan deyir, "atam məni erməni kimi döydüyü üçün onu öldürdüm”. Yaxud da ölünün qızıl dişlərini çıxarmaq üçün qəbirin qazılması kimi hadisələrin işıqlandırılmasını düzgün saymıram. Çünki bu cür məlumatlar Azərbaycan xalqının aşağılanmasına xidmət edir. Amma ümumilikdə kriminal tipli məlumatların media vasitəsilə işıqlandırılması zəruridir”.
Xəbərlərin mahiyyətinin fərqli olduğunu bildirən media eksperti Ələsgər Məmmədli deyib ki, ictimai əhəmiyyət daşıyan informasiyalardan cəmiyyət xəbər tutmalıdır: "Ancaq davamlı olaraq hər hansı bir sayt yalnız ölüm xəbərlərini paylaşırsa, bu, cəmiyyətdəki real vəziyyəti əks etdirə bilməz. Normalda hər on min və ya yüz min nəfərə ölüm sayı bir nəfərdirsə, xəbərlərdə bu, bəzən 3-5 faizə gəlib çatırsa, demək burada disbalans var. Nəticə etibarı ilə biz elə etməliyik ki, bu xəbərlər cəmiyyətdəki bütün informasiyaları əhatə edən xəbərlər kateqoriyasında olsun və ictimai əhəmiyyət daşısın. O xəbərlər ictimai əhəmiyyət daşıyır ki, orada ya ölüm səbəbləri mübahisəlidir, ya ölümə təhrik və təşviq edilən məqamlarda kimlərsə suçludur. Bunlar hadisə kimi də önəm daşıyır”.
Ekspertin fikrincə, sıradan olan hər ölüm hadisəsini xəbərə çevirmək düzgün deyil. Belə ki, bir çox insanlar bu tip xəbərləri oxuduğu və ya seyr etdiyi zaman bəzən psixoloji təsirə düşüb həmin zəncirə qoşula bilər: "İntihar xəbərləri bəzən bu cür baş verir. Bəzi intiharların səbəbi də maraqlıdır. Məsələn, ana körpə dünyaya gətirir və dərhal intihar edir. Bunun səbəblərini tapmaq üçün ictimai diskussiya etmək lazımdır. Yəni bu hadisələrin hamısını gizlətmək olmaz. Media toplum mühəndisliyi deyil. Nəyi necə verəcəyini də qabaqcadan planlaşdırıb verə bilməz. Media aktual olduğunu, ictimai əhəmiyyət daşıdığını bildiyinə görə "xəbər” deyə hər şeyi ölçərək verməlidir. Əgər media "Cəmiyyət yalnız xoşbəxt olsun, orada heç vaxt bəd xəbər olmasın” deyərsə, öz vəzifəsini yerinə yetirə bilməz və toplum mühəndisliyinə başlamış olar”. Ekspertin sözlərinə görə, heç bir anlam daşımayan, cəmiyyətə heç bir mesaj verməyən məqamları media özü seçməli və xəbər kimi cəmiyyətə təqdim etməməlidir: "Media hər informasiyanı informasiya kimi təqdim edə bilirmi, yoxsa yalnız kriminallara yönəlir? Media hər məqamda diskussiya predmeti ola biləcək məqamı işıqlandıra bilmir, daha çox hüquq-mühafizə orqanlarının kriminal xronikasına yönəlir. Bu zaman kriminal xəbərlərin gündəmdəki yeri şişirdilmiş olur. Bu da ciddi şəkildə görüntü fərqliliyi yaradır. İnsanlar fərqli psixoloji duruma sahibdirlər. Hər xəbər hər insanı fərqli nəticəyə aparıb çıxarır. Bu həmçinin, ölümün adi bir hadisə olması anlamına səbəb olur. Kiminsə psixoloji problemi varsa, o da əlinə bir alət götürür, ya özünə, ya da başqasına xətər yetirir. Ona görə burada medianın peşəkarlığı önəmlidir ki, gerçək dəyəri olan, ictimai diskussiya yarada bilən informasiyaları ictimaiyyətə açsın”.
"YeniÇağ.az” saytının baş redaktoru Aqil Ələsgər deyib ki, mediada kriminal xəbərlər hər zaman olub. Burada tənqid olunan kriminal xəbərlərin ön plana çıxarılmasıdır: "Söhbət Uqandada olan bir cinayəti Kürdəmirdə baş vermiş kimi təqdim etməkdən gedir. Düşünün, Afrikada ibtidai icma quruluşundan qalan bir qəbilədə baş verən hadisə sırf tiraj yığmaq üçün manşetdən verilir. Bütün bunlar oxucuya təqdim edilə-edilə insanların həssaslığı azalır, refleksləri ölür. Bu səbəbdən də, həmin xəbərlərin ön plandan götürülməsi lazımdır. Çünki getdikcə, oxucu daha çox qalmaqallı xəbər istəyir. Mən "Yenicag.az”ın oxucu kontingentindən nümunə gətirmək istəyirəm. Nə zaman İŞİD-lə və ya bu kimi mövzularla bağlı yazı dərc olunur, digər mövzulardan üç dəfə artıq oxunur. Media da oxucunun zəif damarını yaxşı bildiyi üçün bu addımdan bəzən insafsızcasına istifadə edir ki, bu heç də doğru addım deyil”.
(davamı var..)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb