Media xəbərlərində diqqətli olmalıdır
Kriminal hadisələrin, qətl və intiharların KİV-də tirajlanması məqbul sayılmır
(əvvəli ötən sayda)
Zorakı hadisələrin, amansız qətllərin, dəhşətli qəzaların və intihar olaylarının Kütləvi İnformasiya Vasitələrində (KİV) işıqlandırılması, hətta bəzi media orqanları tərəfindən həddindən artıq tirajlanması ciddi müzakirə mövzularından olub. Çox vaxt psixoloqlar və ictimaiyyət nümayəndələri kriminal xəbərlərin yayılmasında mətbuatı qınayır, mediada dərc olunan pis xəbərlərin cəmiyyətdəki aqressiyanı artırdığını iddia edirlər. Bir çoxlarına görə, bu cür hadisələrin mediada geniş şəkildə işıqlandırılması intihar və zorakılığa meyilli insanları təşviq edir. Hətta bu məsələdə sovet təcrübəsindən danışanlar da var.
Onların fikrincə, sovet dövründə bu kimi halların gizlədilməsi, zorakılığa səbəb olan çağırış və görüntülərin yayılması qadağan olunmuşdu. Əslində mətbuatın bu cür xəbərlərlə bağlı oynadığı rol bir çox mərkəzlər tərəfindən araşdırılıb. Məsələn, ABŞ-ın Poynter İnstitutunun bu mövzuda hazırladığı bir neçə maddə var ki, bunlar intihar xəbərləri ilə bağlı xüsusi qəbul edilmiş xəbərçilik standartlarıdır. İnstitutun araşdırması göstərir ki, "körpüdən atladı”, "özünü yandırdı”, "boynuna ip keçirib özünü asdı” kimi spesifik detallar mediada başlıq kimi seçilməməlidir. Dəhşətli şəkildə ölmüş, intihar etmiş bir insanın şəkli, videogörüntüsü xəbər içində
verilməməlidir. İntihar hadisələri romantik üsul ilə təqdim edilməməlidir. Məsələn, "intiharla ölümə”, "intihara təşəbbüs” kimi başlıqlardan qaçınmalıdır. Ölüm və qəza hadisələrini xəbərə çevirərkən jurnalist özündən bəsit açıqlamalar gətirməməlidir. Belə hadisələrdən ilk xəbər olaraq, ya da böyük başlıqlarla istifadə olunmamalıdır. Düz xəbər kimi yazılmalıdır ki, oxucu, izləyici intihar xəbərlərində meyillənəcək bir tərəf tapa bilməsin. Həmçinin, belə xəbərlərin sonunda intihara meyilli olanlar üçün psixoloji dəstək ala biləcəkləri mütəxəssislərin əlaqə telefonları əlavə olunmalıdır”. Elə əksər ekspertlər də hesab edirlər ki, media oxucuya insanları intihara qədər aparan depressiya hadisələrinin əslində müalicə edilə bilən bir xəstəlik olduğunu çatdırmalı və müalicə üsulları mövzusunda xalqı məlumatlandırmalıdır. Problemli insanları mütəxəssislərdən kömək istəməyə cəsarətləndirməlidir. Ancaq təəssüflər olsun ki, bizdə buna diqqət edilmir. İntihar xəbərləri manşetlərə daşınaraq, sanki, insanlara qarşılaşdıqları çətinliklərdən sıyrılmaq üçün ölümdən başqa asan yolun olmadığını aşılayırlar. Təbii ki, mətbuatın bunu bilərəkdən etdiyini düşünmək doğru deyil. Reytinq xətrinə yarışa çıxmış saytlar, televiziyalar çox vaxt bu üsuldan istifadə etməyə məcbur qalırlar. Ancaq bunun qarşısı qəti şəkildə alınmalıdır. Söhbət gələcəyimiz olan gənclərdən və sağlam topluluqdan gedirsə, reytinq və İP-ni düşünmədən qurban verməyə dəyər.
Məsələyə münasibət bildirən tanınmış media eksperti, professor Zeynal Məmmədli deyib ki, hansısa qətl hadisəsini detalları ilə mətbuatda yaymaq son dərəcə yersizdir: "Televiziyadakı, mətbuatdakı redaktorlar, yayım idarəediciləri hara baxır, bilmirəm. Kriminal xəbərləri peşəkarlıq və etik baxımdan bu cür detallı vermək olmaz, amma bizim efirlər verirlər. Efir vaxtını doldurmaq, diqqət çəkmək, reytinq-filan öz yerində. Kriminal o zaman çoxalır ki, auditoriya toplasın. Bu isə əks effekt verir. Bizdə kriminal xəbərlər digər xəbərlərin, ciddi sosial araşdırmaların olmadığından alaq otu kimi boşluq tutur. Faktiki olaraq kriminal xəbərlər Azərbaycan teleməkanında alaq otu funksiyasını görür. Kriminalın nəyin nəticəsi olduğu məsələlərinə diqqət yetirilməlidir. Bunlar nəticədir, bəs hansı səbəblərdən baş verib? Bizdə isə səbəblərdən söhbət getmir və hadisə açıq şəkildə təqdim olunur”.
Z.Məmmədlinin sözlərinə görə, cinayətkar uşaqdırsa, azyaşlıdırsa, gəncdirsə, onların adları açıqlanmamalıdır. Eyni zamanda cinayətkarın milliyəti və yaxud regional mənsubiyyəti ilə bağlı detalların bildirilməməsi də vacib normalardır: "Ölənin və ya öldürənin peşəsini yaymaq nə dərəcədə vacibdir? Üstəlik, bu tipli xəbərlərdə nəyin necə olmasını açıqlamaq yolverilməzdir. Kriminal xəbərlərdə operativliyə qaçmaqdansa, bəzi detallara diqqət yetirmək lazımdır. Bəzən xəbərləri elə tez detalları ilə yayımlayırlar ki, hələ ölən və ya yaralananların ailəsinin xəbəri olmur və onlar efirdən eşidirlər. Bu, çox qorxunc haldır. Bunlar nəticə etibarilə medianın, xüsusən televiziyaların kommersiyalaşmasına aparır. Çünki reytinq naminə bunu tez verməklə insanlara necə ziyan vurduğunu bilməlisən. Jurnalistikada bu məsələdə konkret qayda düşünmək çətindir. Amma bir şey var, hadisə sənin və ya ailənin başına gələrsə, bu xəbəri necə verərdin? Bunu düşünüb yazmaq jurnalistləri etik olaraq yönəldəcək. Bu da jurnalistə həmin yazını xeyli redaktə etməyə və yaxşı mənada özünüsenzuraya gətirib çıxaracaq”.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli isə deyib ki, Azərbaycanda ümumiyyətlə, çox qəribə bir tendensiya var. Bütün neqativlərə görə mətbuatı ittiham edirlər: "Tutaq ki, hansısa bir məmur dövlətin ziyanına olan açıqlama verir, dərhal hamı medianın üzərinə düşür. Hansı ki bu xətanı KİV yox, məmur edib. Eyni ilə də kriminal xəbərlərə münasibətdə belədir. Məgər bu kriminalları törədən mediadır? Medianın işi xəbər verməkdir. Əgər ölkədə dəhşətli qətl olubsa, zorakılıq, qəddarlıq ifadə edən fotoların dərci istisna olmaqla mətbuat bunun xəbərini verməlidir. Əslində, bu cür ağır cinayətləri törədənlər ümumiyyətlə, sayt, qəzet oxumayan insanlardır. Mətbuatla, qəzet-kitabla maraqlanan ziyalı adamlar inanmıram ki, ağır kriminallar törətsinlər. Əksinə, cəmiyyətdə kriminalların sayının artması tamam başqa səbəblərdəndir - vəhşiliyi təbliğ edən seriallar, GMO ərzaqların yaratdığı aqressiya, sosial problemlər üzündən əksəriyyətin əsəblərinə hakim çıxa bilməməsi və bir də xəyanətlərin, dələduzluq əməllərinin çoxalmasıdır. Buna görə isə media yox, müvafiq dövlət qurumları, ictimai təşkilatlar məsuliyyət daşıyır”.
BDU-nun jurnalistika fakültəsinin müəllimi Vüqar Zifəroğlu bildirib ki, media ciddi psixoloji təsir gücünə malikdir: "Elə əslində bu səbəbdən də hesab edilir ki, media ilə kriminal hadisələrin
daha çox işıqlandırılması, istər-istəməz bu kimi halların artmasına da təkan verə bilər. Bu səbəbdən media quruluşlarının özləri bu kimi xəbərlərin yayımlanmasında müəyyən limitlər tətbiq etməlidirlər. Vurğulamaq lazımdır ki, kriminal hadisələrin xəbər olaraq təqdim edilməsi zamanı peşə etikasından irəli gələn norma və prinsiplərə də əməl edilməsi son dərəcə vacibdir. Məsələn, qətl yerinden reportaj zamanı qan ləkələrinin üstünün örtülməsi və ya meyitin şəklinin tam göstərilməsi kimi. Eyni zamanda kriminal hadisələrdə təqsirləndirilən şəxsin ad və soyadının birbaşa göstərilməsi də jurnalistin peşə etikası normalarına ziddir. Unutmaq olmaz ki, jurnalistikada başlıca prinsiplərdən biri olan - günahsızlıq prezumpsiyasına əməl etmək vacibdir. Ümumiyyətlə, media ciddi təsir gücünə malikdir və bu səbəbdən də kriminal xəbərlərlə bağlı limitlər və müəyyən məhdudiyyətlərin tətbiqi mümkündür. Qeyd etmək lazımdır ki, bəzi ölkələrdə belə məhdudiyyətlər tətbiq edilir. Kriminal xəbərlər yayımlanmamışdan qabaq isə, yaş məhdudiyyətini göstərən elan təqdim edilir”.
"Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca da deyib ki, media kütləvi informasiya vasitəsi olduğu üçün ondan maarifləndirici istiqamətdə istifadə olunur. Amma hər gün kriminal, zorakılıq və intihar mövzularının mediada "şok”, dəhşət” və s. başlıqlarla yayılması həqiqətən bir növ cəmiyyətdə bu cür halların təbliğ olunması kimi başa düşülür: "Bu bir növ "dəlinin yadına daş salmaq” kimi olur. Biz kriminal tipli xəbərləri demək olar ki, yaymırıq, ancaq bu vəziyyət oxucu sayına təsir edir. Ona görə də bütün media qurumları ümumi razılığa gəlib bu tip xəbərlərin yayılmasına qadağa qoymalıdır ki, cəmiyyətdə mənfi tendensiyalar azalsın. Hesab edirəm ki, bu, daha çox televiziyalara aiddir. Telekanallar qətl, zorlama, intihar xəbərlərini az qala sevinclə verirlər. Ona görə telekanallarda da bu tip verilişlər yığışdırılmalı, kriminal hadisələr adi xronika kimi verilməlidir”.
"ATVxəbər.az” saytının redaktoru Əziz Əlibəyli isə hesab edir ki, bu tendensiyadan narahat olmaq lazım deyil: "Əgər problem varsa, xəbər varsa, deməli fakt var, hadisə var. Bu halda onun kateqoriyasının əhəmiyyəti olmur.
Əsas hadisənin, informasiyanın məğzini təqdim etməkdir. İstənilən portalda, KİV-də bu tipli xəbərlər gedir və hamısının da müəyyən auditoriyası var. Bircə o qalır ki, auditoriya nəyi tələb edir, nəyi oxuyur. Bunu analiz etdikdən sonra vəziyyəti başa düşmək olar. Yəni alıcının və təqdimatın üst-üstə düşməsi təbiidir. Haçan cəmiyyətin intellektual səviyyəsi yüksələcək, o zaman mətbuat da məzmunca dəyişikliyə uğrayacaq”.
(davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb