Mediada fotojurnalistika problemi...
Ekspertlər Azərbaycan mətbuatının ən ağrılı məqamından danışırlar
Medianı fotojurnalistikasız təsəvvür etmək çətindir. Jurnalistlər ictimai-siyasi həyatda baş verənləri sözlə, fotomüxbirlər isə görüntülərlə cəmiyyətə çatdırır. Bu ikisi bir yerdə tamlıq təşkil edir. Hadisələr söz və foto ilə birgə təsvir olunanda, daha dolğun və doyurucu qəbul edilir. Hətta bəzən bir yığın sözün deyə bilmədiyini bir neçə şəkil çox gözəl ifadə edə bilir. Ötən müddət ərzində Azərbaycanda fotojurnalistika sahəsində müəyyən inkişaf olsa da, bəzi qüsurlar özünü göstərir. Çox vaxt bəzi qəzet və saytlar hansısa xəbəri və ya reportajı mətnə uyğun olmayan şəkillərlə təqdim edirlər. Əksər hallarda isə müxtəlif mətnlər davamlı olaraq eyni şəkillərlə təqdim edilir ki, bu da oxucuları yorur. Əslində mətbuatda dərc olunan yazılarda şəkillərin düzgün yerləşdirilməsi ona görə xüsusi önəm kəsb edir ki, fotolar sərlövhələrdən sonra oxucuların diqqətini çəkən əsas faktorlardan biri kimi yazını insanların gözündə canlandırır, yazıya enerji verir və mövzunun oxunaqlığını, cazibədarlığını artırır.
(əvvəli ötən sayda)
Şəkillər yazı içində bir neçə formada, məsələn, böyük və ya kiçik ölçüdə, bir və ya bir neçə sayda, tam və ya kəsilmiş, yəni montaj edilmiş olaraq verilə bilər. Amma vurğuladığımız kimi, əsas məsələ fotoların yazıya uyğun seçilməsidir. Media ekspertlərinin narazılığına səbəb olan digər məsələ isə şəkillər üzərində onu ilk yayan media qurumlarına məxsus loqoların "göz deşməsidir”. Ekspertlərin fikrincə, şəkil üzərindəki hədsiz sayda və həcmcə iri loqolar orijinal fotoların effektliyini zədələyir, keyfiyyətini aşağı salır. Təəssüf doğuran hallardan biri isə mətbu orqanların çoxunda fotomüxbir və fotoredaktor ştatlarının olmamasıdır. "Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı "Şərq”ə bildirib ki, bəzən bir şəklin verdiyi mənanı 50 səhifə yazı verə bilmir: "Hesab edirəm ki, bu işə media qurumlarından öncə ali təhsil ocaqlarında diqqət yetirmək lazımdır. Təəssüflər olsun ki, fotojurnalistika sahəsində dünyanın əksər ölkələrindən geri qalırıq. Bəzən saytlarda gözəl bir yazıya elə bərbad şəkil qoyulur ki, məqalə bir dəfə də olsa oxunmur. Əksinə, ən zəif bir xəbəri elə foto ilə təqdim edirlər ki, yazı on min dəfə oxunur. Çox ciddi, düşündürücü məsələdir və mediamızın ağrılı yeridir. Burada həm redaksiyaların, həm də jurnalist yetişdirən universitetlərin üzərinə böyük yük düşür. Təəssüf doğuran hal odur ki, bizdə ixtisar başlayan kimi hamıdan qabaq fotomüxbirləri "qurban” verirlər. Əslində tam tərsi olmalıdır. Əgər redaksiyada 3 nəfər varsa, biri mütləq fotomüxbir olmalıdır. Biz buna önəm vermirik, çünki mənasını tam dərk edə bilmirik”. "Yeni Müsavat” qəzetinin əməkdaşı, tanınmış jurnalist Elşad Paşasoy "Şərq”ə deyib ki, foto yazının çatdırılmasında nəinki önəmli rol oynayır. Onun sözlərinə görə, hətta fotosuz yazı artıq müasir jurnalistikada "ruhsuz bədən” kimi bir şeydir: "Çağdaş dövrümüzdə foto bir, yaxud bir neçə yazını əvəz edir. Üstəlik, hansısa yazıların yaranmasına səbəb olur. Bəzən təqdim olunan fotodan çıxış edib yazılar yazmaq mümkün olur. Bu mənada jurnalist araşdırmalarında, reportaj, yaxud müsahibələrdə fotonun xüsusi çəkisi var, bu, danılmazdır. Foto yazını tamamlayır. Mediamızda təbii ki, bununla bağlı çatışmazlıq var. Amma fotojurnalistikada inkişafı danmaq olmaz və xeyli gənc fotoqraflarımız yetişməkdədir. Ancaq bu sahədəki problemlər, necə deyərlər, "şəkil qıtlığı”nın əsas səbəblərindən biri çoxsaylı media orqanlarının ayrıca fotoqraflarla təmin oluna bilməməsidir. Təbii ki, yaxşı fotoqraf normal maaşla təmin olunmaq istəyir. Lakin mediamızın imkanları bu tələblərə adekvat deyil. Mən fotoqraf olmasam da, çalışıram ki, hazırladığım materiallara özümün çəkdiyim fotoları da əlavə edim. Məncə, hər bir jurnalist hazırladığı materialın oxunaqlıq yükünü artırmasının qayğısına qalmalı və həm də yaxşı fotoqraf olmağa can atmalıdır”.
"Aznews.az” saytının baş redaktoru Elçin Zahiroğlu da vurğulayıb ki, foto, ümumiyyətlə görüntü, oxuculara səsdən və sözdən 5 dəfə çox təsir edir: "Çox əhəmiyyətli məsələ olsa da, Azərbaycan mediasında bu sahədə ciddi problemlər var. Redaksiyaların əksəriyyətində fotomüxbir ştatları yoxdur. Şəxsi şəkil bazası olmayan media qurumları "google”dan fotolar axtarıb tapırlar və yazılarda istifadə edirlər. Bu zaman keyfiyyətli və effektli fotolar tapmaq mümkün olmur. İnternetdən şəkil götürmək həm də piratçılığa, "oğurluğa” gətirib çıxarır. Çünki başqa media qurumuna məxsus fotolar alınarkən onun üzərindəki loqolar kəsilir, fotoşopla təmizlənir və redaksiyanın "öz şəkli” kimi təqdim olunur. Təbii ki, bu cür işin müsbət nəticəsi ola bilməz”. Baş redaktora görə, fotoların mövzuya uyğun olmaması, təkrarlanması şəkil qıtlığı ilə bağlıdır: "Foto bazası olmayan media orqanları hər dəfə eyni şəkillərə üz tutmağa məcbur qalırlar. Xarici ölkələrin təcrübəsinə baxdıqda görürük ki, onlarda bu sahə ilə məşğul olan ayrıca şəxslər var. Yəni redaksiyalarda fotoların keyfiyyətinə və yazıya uyğunluğuna nəzarət edən xüsusi adamlar çalışırlar. Ancaq bizdə vəziyyət fərqlidir. "Aznews.az”-da belə bir ştat yoxdur. Şəkil məsələsini adminin və ya növbətçi redaktorun üzərinə buraxırıq. Əlbəttə, prosesə belə yanaşma müəyyən problemlərə, yanlışlıqlara səbəb olur. Buna rəğmən mövcud imkanlar daxilində işimizi elə qururuq ki, şəkil keyfiyyətsiz olsa da, mövzuya uyğun olsun. Qeyri-ciddi saytlarda uyğunsuz və tərbiyəsiz şəkillərdən əlavə tiraj yığmaq üçün istifadə edirlər. Amma ciddi saytlar buna yol vermir. Hesab edirəm ki, internet-media inkişaf etdikcə, saytların maliyyə durumu düzəldikcə və peşəkarlıq çoxaldıqca, bu cür problemlər aradan qalxacaq. Hələki biz xəbərə üstünlük veririk, özəl şəkillər məsələsini sonrakı mərhələ hesab edirik”. "Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov isə fərqli fikirdədir: "Müasir jurnalistika ilk növbədə multimedia jurnalistikasıdır. O baxımdan xəbərlərdə multimedia kontentinin - xüsusilə də şəkil və videoların önəmi getdikcə artır. Amma məsələ ondadır ki, Azərbaycanda xəbər saytlarının əksəriyyətinin yığıldığı sxemlərdə logistik səhv var. Hər xəbərə mütləq şəkil qoymaq tələb olunur. Şəkil qoymayanda ana səhifədə boş çərçivələr görünür. Əslində bu, düzgün deyil. Lap redaksiyanın ştatında on fotoqraf olsa da, hər bir xəbərə uyğun şəkil təşkil etmək mümkünsüzdür. İstənilən halda boş yeri doldurmaq üçün "müşayiətçi” şəkillərə, illüstrasiyalara əl atmaq lazım gəlir. Halbuki, heç bəlkə də o xəbərin fotoya ehtiyacı yoxdur. Məsələn, "filan rayonda ağır qəza oldu” şəklinə niyə mütləq hadisə ilə heç bir əlaqəsi olmayan hansısa qəzanın şəklini qoymalıyıq ki? Bu, dediyim kimi, saytların quruluşunda olan logistik problemlə bağlıdır. Dünyanın məşhur, peşəkar media orqanlarına baxanda görürük ki, heç də hər xəbərə şəkil qoymurlar. Şəkil, ancaq ona ehtiyac olan halda qoyulmalıdır. Bizdə isə əksər hallarda ona görə qoyulur ki, saytın admin paneli belə tələb edir. Ümid edirəm, veb-dizayn nöqteyi-nəzərindən daha peşəkar yığılmış saytlara keçdikcə, bu problem aradan qalxacaq”.
"APA”-nın redaktoru Cavid İsmayıl bildirib ki, fotojurnalistika jurnalistikanın ayrılmaz hissəsidir: "Bəzən uzun-uzadı mətnlə izah edə bilmədiyin fikri bir foto ilə oxucuya çatdıra bilərsən. Bu baxımdan uyğun və keyfiyyətli fotonun seçilməsi jurnalist və onun yazısı üçün mühüm əhəmiyyət kəsb edir. Üstəlik, nəzərə alaq ki, texniki imkanların yüksək olması da keyfiyyətli foto təqdim etməyi mümkün hala gətirir. Bu sahəyə diqqətlə yanaşmaq lazımdır”. "Axar.az” saytının baş redaktoru Anar Niftəliyev məsələnin olduqca önəmli olduğunu deyib: "Xəbərin mahiyyətini özündə əks etdirən və məqalədə adı keçən şəxsin fotosunun verilməsi mühümdür. Radio-jurnalistikada səs, tele-jurnalistikada görüntü hansı əhəmiyyət daşıyırsa, qəzet və saytlarda da foto o qədər əhəmiyyətlidir. İndi mobil telefonların funksiyası genişdir, normal foto çəkməyə də imkan verir və daşınması asandır. Yəni diktofonu, fotoaparatı əvəz edə bilir. Amma bu o demək deyil ki, hər jurnalist telefondan fotomüxbir səviyyəsində istifadə etmək bacarığına sahibdir. Məncə, problem burdan başlayır. Hesab edirəm ki, onlayn mediada çalışan həmkarlarımızın üstünə daha bir yük düşür. İndiyə qədər xəbər işləməyi, məqalə yazmağı və s. işləri görürdük. İndi isə admin-paneldə işləməyi, xəbərə, müsahibəyə və s. uyğun foto çəkməyi, sosial şəbəkədən istifadəni bacarmalıyıq. Hazırda elə buna çalışırıq”. Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, hazırda xəbəri oxucuya çatdırmağın özü jurnalistikada ciddi problemə çevrilib: "Yeni texnologiyalar imkan verir ki, istənilən məsələ ilə bağlı orijinal fotolar çəkib oxuculara təqdim edək. Şəkilsiz yazıların dərc edilməsi KİV-in oxunaqlığına ciddi zərbə vurur. Digər tərəfdən jurnalistin peşəkarlığını şübhə altına alır. Foto seçimində diqqətli olmaq lazımdır. Şəkillərin kopyalanması, eyni fotonun təkrar-təkrar verilməsi peşəkarlığın aşağı səviyyədə olduğunu göstərən amillərdəndir. Oxucular hər dəfə eyni şəkli gördükdə həmin sayta ikinci dəfə baxmaq istəmir. Çünki oxucuda elə rəy yaranır ki, əgər foto eynidirsə, deməli, yazının mahiyyəti də təkrar olacaq. Ona görə də vaxtını sərf edib mövzunu axıra kimi oxumur. Oxucunu yazıdan daha çox görüntü cəlb edir. Əgər şəkil seçimi yanlış olarsa, yazının mahiyyəti nə olursa-olsun, oxunma şansı aşağı düşür”. Ekspertə görə, problem mütləq şəkildə həllini tapmalıdır: "Maliyyə çətinliyi ucbatından bəzi KİV-lər fotomüxbir ştatlarını ixtisar ediblər. İlk baxışdan bu qərarın o qədər də ziyanı olmur. Çünki indiki texnoloji şərtlər jurnalistlərin həm də fotomüxbir kimi çalışmasına imkan verir. Hazırda istənilən jurnalist əlindəki smartfon telefonla şəkil çəkib öz yazısına əlavə edə bilər. Bununla problem həllini tapmış kimi görünsə də, peşəkar fotoqraflıq başqa şeydir. KİV özünün peşəkarlığını göstərmək istəyirsə, təcrübəli fotoqrafdan istifadə etməlidir. Əgər müəyyən səbəblərdən mümkün deyilsə, onda redaksiyalar ayrı tədbirlər görə bilərlər. Məsələn, seminarlar keçirə, jurnalistləri fotoqraf kurslarına göndərə bilərlər”.
İsmayıl