"Mediamıza ən böyük zərbələr bu cür "reket"lərdən gəlir" - Münasibət





"Reket jurnalistlərlə aparılan mübarizəni yüksək dəyərləndirirəm. Mətbuatımız reketlərdən qurtulmalıdır”.

Bunu "Sherg.az”a açıqlamasında "Milli.az” saytının baş redaktoru Anar İmanov deyib.

Baş redaktor bəyan edib ki, illərlə davam edən mübarizə mediamızda reket sayına ciddi təsir edib. Onların sayı kəskin şəkildə azalıb: 

"Mediamızda peşəkarlıq artır, ildən-ilə KİV-lər inkişaf edir. Bu məsələdə Mətbuat Şurasının əməyi böyükdür. Təsadüf deyil ki, məhz bu fəaliyyətə görə MŞ-nın rəhbərliyi və üzvləri artıq hədəf seçilib. Onlar haqda "reketlər” silsilə uydurmalar, nağıllar yazıb, ictimai rəyi çaşdırmağa çalışıblar. Çünki bilirlər ki, Mətbuat Şurası onları rahatlıqla ifşa edə bilər. 

Mən belələrinin həbs edilməsinin tərəfdarıyam. Çünki bunlar artıq jurnalist deyil, cinayətkardırlar. Onlar heç vaxt jurnalist olmayıblar və olmayacaqlar. Həmin adamlarla hüquq-mühafizə orqanları məşgul olmalıdırlar. Təəssüf edirəm ki, belələrinə görə əsl jurnalistlərə hörmət edilmir. Hazırda mediamıza ən böyük zərbələr elə bu cür "reket"lərdən gəlir. Buna görə də mediamız bu "ləkədən” tezliklə qurtulmalıdır”.

Qeyd edək ki, İkram Rəhimovun rəhbərlik etdiyi "Realliq.info” və digər "reket” informasiya saytların qanunsuz fəaliyyəti ifşa olunub. Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində İkram Rəhimovun ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayaraq onlardan vəsait tələb etdiyi, əsasız olaraq Mətbuat Şurasının rəhbərliyini və üzvlərini hədəfə aldığı müəyyən edilib. DTX-nın xüsusi əməliyyatı sayəsində İ.Rəhimov saxlanılıb.

İsmayıl