Mediamızda ekstremal boşluqlar var

Səxavət Məmməd: “Qərargahda jurnalistlərin işləməsi üçün şərait yaradılmalıdır”
Elməddin Muradlı: “Azərbaycanda ekstremal jurnalistika ənənəsinin formalaşdırılması üçün xüsusi kurslar və təlimlərin keçirilməsinə böyük ehtiyac var”



Müşfiq Ələsgərli:"Jurnalistlərin ekstremal durumlarda davranması ilə bağlı xüsusi qaydalar var”



(Əvvəli ötən sayımızda)

"Gilavar” hava-ekstrim idman klubunun 3 üzvünün itkin düşməsi fövqəladə hallarda medianın davranış qaydalarını gündəmə gətirib. Günlərdir kütləvi informasiya vasitələrinin baş xəbərini itkin düşmüş alpinistlərlə bağlı məlumatlar təşkil edir. Hazırda hansı informasiya saytına nəzər yetirsən, qarşıya ilk çıxan hər kəsin taleləri ilə bağlı böyük intizarla sevindirici bir xəbər gözlədiyi bu 3 alpinistin fotosu olacaq. Demək olar bütün ölkə alpinistlərdən xəbər gözləyir. Məhz bunu nəzərə alan media da xəbər sarıdan qıtlıq çəkilməməsinə çalışır. Lakin bu çalışmalarda istəyərəkmi, istəmədənmi, yanlışlıqlara da yol verilir. Mövzu bununla bağlıdır; jurnalistlərin fövqəladə hallarda davranış bacarığı və peşəkarlığın qorunub saxlanması.

Təəssüf ki, son günlər media, daha çox da məhz internet mediası tənqid hədəfi oldu. Xəbər saytlarının məlumat yaymaq yarışında birincilik qazanmaq ehtirası alpinistlərin ailələrinin də, dostlarının da sərt təpkisi, tənqidi ilə üzləşdi. Hətta sosial şəbəkələr və xəbər saytlarında aparılan yazışmaları, paylaşımları ağır sözlərlə təhqir edənlər də oldu. Efir yayımında bu sözlər heç şübhəsiz, siqnallarla əvəz olunardı. İctimaiyyət onları eşitməsin deyə.

Bu da bir çox xəbər saytlarının qeyri-peşəkarlığından xəbər verirdi. Yenə də xəbəri, hətta yalan, şayiə olsa da, birinci yaymaq uğrunda mübarizə gedirdi.

İnformasiya saytlarının xəbər "yarışı”na dözməyən "Gilavar” hava ekstrim idman klubu bəyanat yaydı və yalan xəbər yayanları sərt sözlərlə tənqid edib və bu məsələ ilə bağlı yanlış informasiyalar verildiyini qeyd edib. İtkin düşmüş alpinistlərin axtarışları ilə bağlı yaradılmış Əməliyyat Qərargahı da xəbər saytları və sosial şəbəkələrdən narazılıq edib. Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək Nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyə edib. Əməliyyat Qərargahı informasiyalar verilərkən FHN-in rəsmi xəbər saytına istinad edilməsinin zərurət olduğu deyilib.
Alpinistlərlə bağlı paylaşımlar o vəziyyətə çatdı ki, "Gilavar” hava və ekstrim idman klubu artıq məlumatların verilməyəcəyini bəyan etmək məcburiyyətində qaldı.

Qeyd edək ki, oxşar hallar tez-tez təkrarlanır. Gündəlik həyatda rastlaşdığımız hadisələr zamanı sosial şəbəkələrdə, informasiya saytlarında bəzən etik çərçivələrə sığmayan, qarşı tərəfi incidə biləcək, həmçinin xəbərçilik baxımından da zərərli məlumat yayımı halları baş verir. Belədə istər-istəməz düşünürsən; insan taleyi xəbər yayımından bu qədərmi önəmsizdir?

Digər tərəfdən də jurnalistlərin də haqlı iddiaları var. Onlar ekstrim vəziyyətlərdə jurnalistin peşəkarlığını itirməməsini vacib şərt sayır və qarşı tərəfin də onların informasiya əldə etmək haqqını tanımasını tələb edir.

Jurnalistlər gerçək hadisələr barədə ictimaiyyəti operativ qaydada necə məlumatlandırmalıdır? Media cəmiyyətdə yüksək həddə çatan təşvişin, gərginliyin qarşısını almaq üçün hər hansı maarifçilik işini görə bilərmi?

Media ekspertləri və jurnalistlər Azərbaycan reportyorlarının ekstremal şəraitdə iş aparmaları qaydalarının təkmilləşdirilməsinə ciddi ehtiyac olduğunu deyirlər. Bəzi ekspertlər hesab edirlər ki, ekstremal şərait üçün jurnalistlər xüsusi olaraq yetişdirilməli və təlimlərdən keçməlidirlər. Amma bunun əksini söyləyənlər də var. Onların fikrincə, jurnalist iğtişaşlı meydanlarda iştirak edə-edə vəziyyətdən çıxmağın yolunu öyrənməlidir.

Ölkə.az saytının reportyor-jurnalisti Səxavət Məmməd məsələ ilə bağlı "Şərq”ə açıqlamasında deyib ki, jurnalistin işi yazmaqdır:

"Alpinistlərin itkin düşməsi bizim ölkədə hər gün rast gələcəyimiz hadisələrdən deyil. Hadisə baş verəndən sonra aşağı-yuxarı hər kəs yeni xəbər gözləyir, məlumat əldə etmək istəyir. Oxucularla yanaşı, jurnalistlər də yeni məlumatlar əldə edib yazmağa çalışırlar. Jurnalistlər yaxşı bilir ki, bu xəbərin oxucuları var. Bu, normal bir haldır. Düzdür, bəzi xəbərlər məni də təəccübləndirdi. Çünki alpinistlərin itkin düşməsi xəbəri çıxdı, ancaq dolğun məlumat yayılmadı. Qısa-konkret bildirildi ki, 3 alpinist dağa səfər edib, onlarla əlaqə kəsilib. Şəxsən könüllü olaraq alpinistlərin axtarışında iştirak etmək və oradan xəbər yaymaq üçün müraciət etdim, o qədər sənədləşmə, icazələr tələb etdilər ki, geri çəkilməli oldum”.

Beynəlxalq təcrübəyə istinad edən həmkarımız deyib ki, hadisə baş verəndən dərhal sonra qərargah qurulmalıdır. Həmin qərargahda jurnalistlərin işləməsi üçün şərait yaradılmalıdır: "Ancaq bizdə bunu da etmədilər. Qərargahdan kənarda qalan jurnalist məcburən digər yerlərdən aldığı informasiyaları yaymağa başlayır. Digər yerlərdən əldə edilən informasiyalar isə hər zaman doğru olmur. Yanlış informasiyaların çıxmasının əsas səbəbi qərargaha jurnalistlərin buraxılmamasıdır.

Türkiyəli xilasedicilər və alpinistlərlə əlaqə saxladım. Onlarla bu məsələ barədə söhbət etdim, öncə bildirdilər ki, niyə alpinistlərin siqnalverici cihazları işləmir? Onlar da bizim medianı izləyir və qeyd etdilər ki, alpinistlərin gedəcəyi marşrut niyə dəqiq deyilmir?

Ekstremal jurnalistika təlimlərində olan zaman bizə öyrətdikləri bu oldu ki, jurnalist baş verən hadisə ilə bağlı məlumat əldə etdikdən sonra gəlib həmin məlumatı qərargahda dəqiqləşdirməlidir. Yəni jurnalistin qərargaha girib çıxmasında heç bir maneə olmamalıdır. Bu zaman xəbər həm operativ, həm də qıcıq yaratmayan olur. Bizdə isə tam fərqli oldu. Hadisə baş verəndən bir neçə gün sonra bir qrup jurnalisti apardılar əraziyə. Bunun isə heç bir anlamı, mənası yoxdur. Bu, jurnalistləri əraziyə aparmaqdan daha çox reklama bənzəyirdi”.

S.Məmmədin sözlərinə görə, Azərbaycanda ən asan şey jurnalistləri tənqid etməkdir. Heç kim öz işinə tənqidi yanaşmır, dara düşəndə jurnalistləri tənqid edir. Bu bir növ özünü sığortalamaqdır: "Öncə "Gilavar” hava-ekstrim idman klubu cavab versin görək o alpinistlərin üzərində siqnalverici cihaz niyə yoxdur? Olubsa da niyə işləmir? Gedəcəkləri marşrut haqqında niyə dəqiq məlumat verilmir? Siqnalverici cihazsız, dəqiq marşrutsuz dağa səfər etmək harada yazılıb, hansı qaydaya uyğundur? "Gilavar” hava-ekstrim idman klubunun rəhbərliyi bunlara cavab versin, ondan sonra jurnalistləri təniqdə başlasın. Bu hadisədə tənqid olunası bir yer varsa, o da "Gilavar” hava-ekstrim idman klubudur”.

"Üç-nöqtə” qəzetinin redaktoru Elməddin Muradlı isə hesab edir ki, Azərbaycanda ekstremal jurnalistika hələ tam formalaşmayıb: "Əslində bu da mənim üçün üzücü bir haldır. Mənim nəzərimdə ekstremal şəraitdə jurnalistika daha gözəl və maraqlıdır”. E.Muradlı Azərbaycanda ekstremal jurnalistika sahəsində mitinqlərlə bağlı müəyyən təcrübə olduğunu desə də, onun fikrincə, hansısa fövqəladə hadisə zamanı bir az qarışıqlıq yaranır. İşin yaxşı tərəfi isə odur ki, bütün hallarda jurnalistlər biri-birlərini informasiya ilə təmin edirlər: "Məlumat bir mənbədən yayıldığı üçün yanlışlıq olmur. Amma bir məsələ də var ki, informasiya savaşında belə şeylər qəbul olunmur. Hər kəs özünə işləyir, mən də bunun tərəfdarıyam. Sadəcə, peşəkar jurnalistlər az olduğu üçün belə hallarda cəmiyyət çaşqınlıq içində qalır. Bizdə bəzi jurnalistlər informasiyanı şişirtməyə meyiliddir. Kimsə kimdənsə daha irəli düşüb informasiyanı çox oxutmaq naminə belə şişirtmələrə getməməlidir. Bu heç də yaxşı hal deyil və peşəkar jurnalistikanın prinsiplərinə ziddir.

Reytinq naminə insanları təşvişə salmaq olmaz. Ekstremal jurnalistikanın da öz prinsipləri var. Dağın başında da olsa, informasiyanı dəqiqləşdirmək hər bir jurnalistin borcudur”.

E.Muradlının sözlərinə görə, Azərbaycanda ekstremal jurnalistika ənənəsinin formalaşdırılması üçün xüsusi kurslar və təlimlərin keçirilməsinə böyük ehtiyac var: "Mənasız media layihələrindənsə bu sahəyə diqqət göstərmək lazımdır. İldə bir neçə dəfə jurnalistləri yığıb rayonlara aparırlar. Bir-iki seminar, sonra da yeyib-içmək. Adı da o olur ki, filan təşkilat möhtəşəm bir layihə həyata keçirib. Ortada isə həmin layihənin nə bir nəticəsi olur, nə də jurnalistlər üçün faydalı bir şey əhəmiyyət kəsb edir. Sadəcə olaraq, gecə-gündüz iş başında olan jurnalist, heç olmasa, bir neçə gün istirahət edə bilir. O cür layihələrin tək əhəmiyyəti bundan ibarətdir, başqa bir faydası yoxdur. Hesab edirəm ki, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin əməkdaşları necə təlimlər keçirsə, jurnalistlər üçün də o cür təlimlər keçirilməlidir. Real ekstremal şərait yaradıb, canlı göstərmək lazımdır. Bunu elə ali məktəblərdə də eləmək olar”.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli isə deyib ki, jurnalistlərin ekstremal durumlarda davranması ilə bağlı xüsusi qaydaları var. Onun sözlərinə görə, media işçiləri müharibə və digər ekstremal vəziyyətlərin olduğu yerə getdikləri zaman əvvəlcədən hazırlaşmalıdır:

"Əlavə olaraq jurnalistlərin fəaliyyəti və həyatı sığorta olunmalıdır. Əgər jurnalist təhlükəli bölgəyə gedirsə, xüsusi geyimlərlə təchiz edilməlidir. Bunların hamısı öncədən bəlli olan təhlükəli yerlərə gedildiyi zaman həyata keçirilir. Amma terror hadisələri gözlənilmədən baş verir və o zaman jurnalistlərin hazırlıq üçün imkanları olmur. Hazırda dünyanın hər yerində terror hadisələri baş verir. Bunu nəzərə alaraq əksər peşəkar redaksiyalar, media orqanları öz əməkdaşları üçün təhlükəsizlik təlimləri keçirlər. Həmin təlimlərdə peşəkar qurumların əməkdaşları da iştirak edir və jurnalistləri məlumatlandırırlar. Yəni həm öz sağlamlıqlarını qorumaq, həm də oradan lazımi informasiyaları almaq üçün hansı üsullara əl atmaq lazımdırsa, onları media nümayəndələrinə izah edirlər. Hesab edirəm ki, müvafiq qurumlar bu məsələni xüsusi nəzarətdə saxlamalıdır. Çünki indiki halda ekstremal durumlar həddindən artıq çoxalıb. Fikrimcə, jurnalistlərin təlimlərdə iştirak etməsi daha intensiv hal almalıdır. Jurnalistlər ixtisasından asılı olmayaraq, təhlükəsizlik təlimatları barədə məlumatlı olmalıdırlar”. Ekspert deyib ki, bizim jurnalist təşkilatlarımız dəfələrlə media nümayəndələrinin təhlükəsizliyi ilə bağlı təlimlər keçirib. Bir çox beynəlxalq tədbirlərə də qatılırıq. Əksər ölkələrdə jurnalistlər üçün vahid formada təhlükəsizlik gödəkçələrinin tikilməsi prosesinə başlanılıb. Bunlar jurnalistlərin seçilməsi, müxtəlif proseslərdən qorunması üçün olduqca zəruridir. Düzdür, bahalı geyimlərdir, amma hesab edirəm ki, artıq Azərbaycanda da bunun tətbiq olunmasının vaxtı çatıb”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb