Mediamızın menecer və menecment problemi var

Müşfiq Ələsgərli: “Ölkəmizdə KİV-ə kommersiya qurumundan daha çox, təbliğat orqanı kimi baxıldığından, hansısa menecerin burada xarüqələr yarada biləcəyindən danışa bilmərik”
Vüqar Zifəroğlu: “Medianın düzgün idarəçiliyi müasir dövrün başlıca tələbidir”


Elçin Bayramlı: "Bizdə mətbuatda da azsaylı menecerlər var ki, qəzetin,jurnalın, saytın gəlir əldə etməsi üçün effektli iş apara bilirlər”



Çağdaş dövrdə jurnalistika təkcə nəzəriyyə ilə deyil, həm də texniki biliklərə yiyələnmək zərurəti ilə şərtlənən sahə kimi dəyərləndirilir və qeyd olunur ki, informasiya texnologiyalarının imkanlarından geniş istifadənin jurnalistikada yeni yanaşma və tendensiyaların vüsət almasına səbəb olur.

İnkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirdikdə aydın görmək olar ki, belə dövlətlərdə media, o cümlədən mətbu orqanlar reklam sarıdan heç bir korluq çəkmirlər. Azərbaycanda sözügedən sahədə vəziyyətə gəlincə, təəssüf ki, bu sahədə hələ lazımi inkişaf nəzərə çarpmır. Daha doğrusu, qəzetlərin əksəriyyəti hələ də reklam sarıdan ciddi korluq çəkirlər. Əsas səbəb isə potensial reklamçıların KİV-lə işləməkdən yayınmasıdır. Araşdırmalar göstərir ki, burada əsas günahkar tərəf kimi özəl sektor özü çıxış edir. Belə ki, özəl sektor KİV-lə, xüsusən də qəzetlərlə işləməkdə o qədər də maraqlı deyil.
Bu problemlər isə birmənalı olaraq, Azərbaycanda mediada menecment sahəsində vəziyyətin qənaətbəxş olmadığı faktını ortaya çıxarır. Elə ekspertlər də etiraf edirlər ki, hələ Azərbaycan mediasında menecer fəaliyyəti öz sözünü deyə bilmir. Media menecmenti dəyişən auditoriya ilə ayaqlaşmaq və bütün istifadə olunan sistem və iş axınının auditoriyaya düzgün tərzdə çatdırılması və yeniliklərin yaradılması ilə bağlı olan mövzudur. Həmçinin, buraya bazarda fərqlənən və seçilən tərkibə malik məzmunun çatdırılması da aiddir.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin sözlərinə görə, termin olaraq "effektiv idarəçilik” anlayışını ifadə edən menecerliyə Azərbaycan media industriyasında daha çox marketinq və reklam işinin qurucusu, ümumilikdə KİV-in iqtisadi fəaliyyətini yönləndirən vəzifə kimi baxılır: 

"Media ekspertləri də Azərbaycan mediasının menecment problemlərindən danışanda bu kontekstdə diqqət yetirir, daha konkret desək, KİV-in yayım və reklam işinin necə qurulmasından bəhs edirlər. Məncə, biz nə qədər ki, KİV-in menecment problemini bu iki detalla məhdudlaşdıracağıq, o sürədə KİV-in nə iqtisadi təminat problemini həll edə biləcəyik, nə də uğurlu KİV meneceri məsələsinə gəlib çata biləcəyik. Bu yolda ilk addım KİV-lərin mahiyyətinə baxış müstəvisi konkretləşməlidir; KİV-lər bir kommersiya qurumu olaraq qəbul edilməyincə, KİV-ə baxış kommersiya obyekti kontekstində olmayınca, burada hər hansı uğurlu menecer işinin qurulmasından söhbət gedə bilməz. Normal olaraq KİV-lərin iqtisadi əsasları ilk növbədə reklam gəlirlərindən (ən azı 75 faizi), yayımdan və digər mənbələrdən formalaşmalıdır. Və KİV təsis edən, KİV sahibi olan şəxs və ya qurum da, məhz həmin gəlirdən öz payını götürmək üçün bu KİV-i təsis edir, yaradır. Əgər KİV iqtisadi baxımdan rentabelli olarsa, təbii ki, onun sahibi də savadlı, bacarıqlı menecerlər işə götürməklə işini daha effektiv qurub daha çox gəlir götürməyə çalışar. İndiliksə, ölkəmizdə KİV-ə kommersiya qurumundan daha çox, təbliğat orqanı kimi baxıldığından, siyasiləşmə amili yüksək olduğundan, ayrılıqdan hansısa menecerin burada xarüqələr yarada biləcəyindən danışa bilmərik”.

M.Ələsgərlinin sözlərinə görə, KİV-in təkcə reklam və yayım işində deyil, ümumilikdə idarəçiliyində dəyişiklik olmalıdır: 

"Bizdə hələ də baş redaktor KİV-in rəhbəri kimi qəbul olunur. Baş redaktor həm işəgötürəndir, həm yayıma, həm reklama nəzarət edən səlahiyyətli şəxsdir, həm də işçiləri əmək haqqı ilə təmin edir. KİV-lərdə effektiv idarəçilik işi qurmaq üçün ilk növbədə bu absurd yanaşma aradan qalxmalı, KİV-lərin strukturlarında ciddi islahatlar aparılmalıdır. Necə olmalıdır məsələsi, artıq geniş bir müsahibənin mövzusudur. Əlbəttə, Azərbaycan KİV-ində ümumiyyətlə menecer işinin qurulmadığını deyə bilmərik. Effektiv idarəçilik işi quran, həm yayım, həm də reklam işini həll edib özünün iqtisadi müstəqilliyini təmin edən KİV-lərimiz var. Düzdür, belə KİV-lər say baxımından ümumi media məkanında 10 faizindən də az yer tuturlar. Amma fakt budur ki, belələri mövcuddur və başqalarına da nümunə ola bilərlər. Amma ümumilikdə söhbət Azərbaycan media məkanında menecer institutunun formalaşmasından və oturuşmasından gedirsə, bəli, burada problemlər var və həll edilməlidir”.
İxtisaslı media menecerlərinin hazırlanmasına gəldikdə isə JuHİ rəhbəri bunun asan məsələ olduğunu deyib: "Əvvəla, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bu fənn tədris olunur. Düzdür, adı menecerlik deyil, səhv etmirəmsə, "Jurnalistika: idarəçilik və iqtisadi təminat” başlığı ilə tədris olunan fənnin daxilindədir. Amma hər halda tədris olunur və bu sahəni bilənlər var. Digər tərəfdən, zərurət yaranarsa, jurnalist təşkilatları bacarıqlı menecerlərin hazırlanması üçün seminarlar, kurslar keçirə, layihələr icra edə bilərlər. Yetər ki, KİV-lərin mahiyyətcə yeniləşmək istəkləri və iradələri olsun”.

Media menecmentinin xüsusi bir istiqamət olduğunu vurğulayan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib ki, müasir media-menecer müxtəlif sosial qruplar və aktiv ictimai subyektlər arasında kommunikasiyanı təşkil edən vasitəçidir: 

"Bu cür peşəkar insan özündə yalnız jurnalist bacarığını deyil, eyni zamanda menecer, iş adamı və analitik xüsusiyyətlərini birləşdirməli, istər mediakontentin hazırlanması, istərsə də media məhsulunun təqdim edilməsi proseslərində kreativ təfəkkürə malik olmalıdır. İndi eyni sualı mən sizə verirəm: Siz bizim media orqanlarının neçə faizində bu fəaliyyəti hiss edirsiniz? Təbii ki, buna böyük ehtiyac var. Çünki media həm də bir biznes institutudur. Və müasir dövrdə informasiya və analitika ən çox dəyər verilən və qiymətli məhsullardan hesab edilir. Bu səbəbdən medianın düzgün idarəçiliyi müasir dövrün başlıca tələbidir. Təəssüf ki, bu işi görəcək kadrlar barmaqla sayılacaq qədər azdır. Ümumiyyətlə, bu sahəyə hələ diqqət yetirilmir. Bu isə yanlış yanaşmadır. Media menecmenti fənni tədris edilməlidir ali məktəblərin jurnalistika fakültələrində. Bu ən azı nəzəri cəhətdən gələcəyin jurnalistlərinə bunun nə demək olduğunu bilməyə yardım etmiş olar”.

Media menecerləri ilə reklam menecerlərini eyniləşdirməyin kökündən yanlış olduğunu vurğulayan V.Zifəroğlu media menecerinin yalnız reklam işi ilə məşğul olmadığını bəyan edib: 

"Onunla reklam menecerləri məşğul olur. Bax, bizim elə bədbəxtliyimiz bundadır ki, biz hələ media meneceri ilə reklam menecerinin fərqini bilmirik! Media menecment - bütünlükdə media idarəçiliyidir. Reklam menecerliyi isə burada bir parçadır”.

Kapitalizm sistemində medianın həm də biznes obyekti olduğunu, gəlir əldə etmək məqsədi güddüyünü vurğulayan "Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlının sözlərinə görə, bunu isə menecmentlər və menecerlər edir: 

"Media orqanının bütün fəaliyyəti bazara hesablanır, cəmiyyətin maraqları arxa plana keçir. Düzdür, bəzi media orqanları mənsub olduqları dövlətin və ya təşkilatın təbliğini aparır və biznes marağı güdmür, lakin bu halda da cəmiyyətin bəşəriyyətin mənafeyi arxa plana atılmış olur. İnkişaf etmiş kapitalist ölkələrinin mediası böyük gəlirlər əldə edə bilirlər. Onlarda güclü menecment və menecerlik institutları formalaşıb”.

Azərbaycan mediasının heç vaxt bazar mediası olmadığını qeyd edən E.Bayramlı hesab edir ki, ona görə də bizim mətbuatda gəlir əldə etmək üçün xüsusi menecerə ehtiyac olmayıb: "TV-lər haqda isə bunu demək olmaz. Özəl TV-lərin bütün fəaliyyəti reklam və şou üzərində qurulub ki, burada əsas məqsəd çoxlu gəlir əldə etməkdir. Müşahidələr göstərir ki, TV menecerləri bu işi yaxşı bacarırlar, tamaşaçı nifrətini qazanmaq xatirinə olsa belə milyonlarla gəlir əldə edə bilirlər.

Ümumiyyətlə, bizdə mətbuatda da azsaylı menecerlər var ki, qəzetin, jurnalın, saytın gəlir əldə etməsi üçün effektli iş apara bilirlər. Lakin mətbuatda bu, çox kiçik səviyyədə əmələ gəlir. Çünki oxucu bazası zəifdir. Reklam verənlər də mətbuatda yox, TV-də reklam verməyə üstünlük verirlər. Buna görə də mətbuatda peşəkar menecerlik işi olmalıdır, dövrün tələbləri belədir. Lakin burada əsas məqsəd pul qazanmaq naminə bütün kriteriya və maraqları gözardı etmək yox, nüfuz və reytinq qazanmaq olmalıdır. Bu halda gəlir də olacaq, media orqanının davamlılığı, gəlirliliyi təmin ediləcək”.

Həmkarımızın sözlərinə görə, saytlar çoxlu oxucu toplamağı yalan və şişirdilmiş xəbərlərlə reallaşdırmaq istəyirlər, bunun üçün aldadıcı başlıqlar, saxta məlumatlardan istifadə edirlər. İlk vaxtlar bu bir az effekt verir: 

"Lakin son nəticədə bu tam tərsinə effekt verir və qazanılanlar tam itirilir. Çünki düzgün menecment yoxdur, sabahı yox, bu günü düşünürlər, strateji təfəkkür yoxdur.
Fikrimcə, print medianın yeni renessansı mümkün olmayacaq, internet mediada isə bu, çox uzun vaxt aparacaq. Tezliklə, strateji düşüncəyə, dəyərləri ayaqlamadan həm nüfuz, həm gəlir əldə etməyə imkan verəcək menecerlərin ortaya çıxacağı inandırıcı deyil. Buna həm jurnalistikamız, həm də oxucu kütləmiz hazır deyil. Ona görə də, yaxın dövrdə print və internet mediamız yaxşı gəlir əldə edə bilməyəcəklər. TV-lərdə (özəl TV-lərdə) isə onsuz da bütün məqsəd bundan ibarətdir və bu vəzifənin öhdəsindən müvəffəqiyyətlə gələ bilirlər”.
Davamı olacaq...

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb