Medianın menecment “dərdi”

Ekspertlər ölkə mediasının ən əsas probleminə fərqli yanaşır




Çağdaş dövrdə jurnalistika təkcə nəzəriyyə ilə deyil, həm də texniki biliklərə yiyələnmək zərurəti ilə şərtlənən sahə kimi dəyərləndirilir və qeyd olunur ki, informasiya texnologiyalarının imkanlarından geniş istifadənin jurnalistikada yeni yanaşma və tendensiyaların vüsət almasına səbəb olur. İnkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirdikdə aydın görmək olar ki, belə dövlətlərdə media, o cümlədən mətbu orqanlar reklam sarıdan heç bir korluq çəkmirlər. Azərbaycanda sözügedən sahədə vəziyyətə gəlincə, təəssüf ki, bu sahədə hələ lazımi inkişaf nəzərə çarpmır. Daha doğrusu, qəzetlərin əksəriyyəti hələ də reklam sarıdan ciddi korluq çəkirlər.

Əsas səbəb isə potensial reklamçıların KİV-lə işləməkdən yayınmasıdır. Araşdırmalar göstərir ki, burada əsas günahkar tərəf kimi özəl sektor özü çıxış edir. Belə ki, özəl sektor KİV-lə, xüsusən də qəzetlərlə işləməkdə o qədər də maraqlı deyil.

Bu problemlər isə birmənalı olaraq, Azərbaycanda mediada menecment sahəsində vəziyyətin qənaətbəxş olmadığı faktını ortaya çıxarır. Elə ekspertlər də etiraf edirlər ki, hələ Azərbaycan mediasında menecer fəaliyyəti öz sözünü deyə bilmir. Media menecmenti dəyişən auditoriya ilə ayaqlaşmaq və bütün istifadə olunan sistem və iş axınının auditoriyaya düzgün tərzdə çatdırılması və yeniliklərin yaradılması ilə bağlı olan mövzudur. Həmçinin, buraya bazarda fərqlənən və seçilən tərkibə malik məzmunun çatdırılması da aiddir.

Azərbaycanda KİV-lərin biznesin bir növü kimi inkişaf edə bilmədiyini təəssüflə vurğulayan Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə bunun da subyektiv səbəbləri olduğunu deyib:

"Başlıca səbəb odur ki, qəzetlərin menecmenti (idarəedilməsi) düzgün qurulmayıb. Əksər hallarda menecer (baş redaktor) qəzetin yayım, abunə, reklam və xəbər siyasətini uzlaşdıra bilmir. Obyektiv səbəblər isə ölkədə reklam bazarının və yayım imkanlarının məhdudluğudur”. 

İnternet mediasının sürətli inkişafının yeni şəraitin yaranmasına səbəb olduğunu qeyd edən S.Verdizadə hesab edir ki, hazırda Azərbaycanın çap mediası tarixinin ən çətin dövrünü yaşayır: "Hətta yaxşı idarəçi belə vəziyyəti yaxşılaşdırmağa qadir deyil. Digər bir problem isə odur ki, Azərbaycan mediasında əmək bölgüsü düzgün aparılmayıb. Bütün səlahiyyətlər baş redaktorların əlində cəmlənib.

Halbuki baş redaktor işəgötürən deyil. Onun vəzifəsi yayım siyasətini həyata keçirməkdir. Məsələn, kommersiya direktoru təsisçiyə, yəni işəgötürənə tabe olmalı olduğu halda baş redaktora tabedir.
Əmək bölgüsünün düzgün aparılmaması menecmentlik institutunun inkişafını əngəlləyir. Loru dildə desək, baş redaktor pul dərdi çəkməməlidir, amma bizdə baş redaktorlar gecə-gündüz fikirləşirlər ki, ayın axırında əməkdaşların maaş və qonorarını necə ödəsinlər. Mediada əmək münasibətləri düzgün tənzimlənməyənə kimi menecmentlik institutu inkişaf etməyəcək”.

Demokratik Jurnalistlər Liqasının sədri, tanınmış jurnalist Yadigar Məmmədli isə deyib ki, yeni media menecer probleminin müəyyən mənada həllinə nail olsa da, ənənəvi mediada bu problem qalmaqdadı:

"Bir neçə il əvvəl print mediada menecer məsələsi geniş şəkildə müzakirə predmeti olsa da, mediamız bu sahəyə sahiblənə bilmədi. Ənənəvi media yeni metodlardan istifadədə nədənsə, bir az fəal deyil”.
Y.Məmmədlinin sözlərinə görə, normal şərait daxilində peşəkar menecerlərin potensialından istifadə etməklə bir çox uğurlara nail olmaq olar. Elə bir cəmiyyət yoxdur ki, orada çalışanlar hər bir sahədən 100 faiz razı qalsınlar. Analoji hal bizdə də var.

Problemin həlli yollarına gəldikdə isə DJL sədri bildirib ki, bütün problemlərin kökündə Azərbaycanda bazar münasibətlərinin tam şəkildə liberallaşa bilməməsi dayanıb. Bütün aparıcı ölkələrdə mətbuat bir biznes sahəsidir və bu sahə ilə məşğul olanlar bazar hesabına öz gəlirini əldə edir. Azərbaycanda isə media bazarının mövcud durumu göz önündədir: 

"İdeal heç nə yoxdur. Sözsüz ki, biz mövcud problemləri aradan qaldırmaqla bu sahənin də inkişafına nail ola bilərik. Sadəcə, bazar münasibətlərinin liberallaşması üçün vacib addımları atmaq lazımdır. Əgər mətbuatın maddi-texniki bazası yüksələrsə, bu sahəyə menecer axını da müşahidə olunar. Bu gün istehsal şirkətlərində çalışan menecerlərin əməkhaqqı ilə mediada çalışan menecerin maaşı arasında dağlar qədər fərq var. Məhz bu səbəbdən də heç bir kadr öz potensialından mediada istifadə etmək istəmir. Haqlı olaraq, hər bir menecer daha yüksək maaş vəd edən şirkətlərə üstünlük verir”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də Azərbaycan mediasında media menecerlərinin olduqca azad olduğunu və onların fəaliyyətinin gözə çarpmadığını deyib: 

" Bu, səbəbsiz deyil. Çünki bütün dünyada media, qəzetçilik həm də bir biznesdir. Azərbaycanda isə media hələ həm də bir biznes kimi formalaşa bilməyib. Reklam bazarının olmaması, şirkətlərin reklam verməyə həvəsli olmaması və sağlam iqtisadi rəqabətin olmaması media menecerlərinə zərurəti minimuma endirir. Ümid edirəm ki, qarşıdakı illərdə bu sahədə irəliləyiş olacaq”.
Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov da o fikirdədir ki, müasir mediada menecer probleminin müəyyən mənada həllinə nail olunsa da, ənənəvi mediada bu problem qalmaqdadır. Nədənsə, ənənəvi media yeni metodlardan istifadədə bir qədər fəal deyil.

Onun sözlərinə görə, normal şəraitdə peşəkar menecerlərin potensialından istifadə etməklə bir çox uğurlara nail olmaq olur: 

"Elə bir cəmiyyət yoxdur ki, orada çalışanlar hər bir sahədən 100 faiz razı qalsınlar. Təbii ki, analoji vəziyyət bizdə də var. Bütün aparıcı ölkələrdə mətbuat biznes sahəsidir və bu sahə ilə məşğul olanlar bazar hesabına öz gəlirini əldə edir. Azərbaycanda isə media bazarı hələ də dövlətin maliyyə dəstəyi olmadan özünü tam saxlaya bilmir. Mövcud durum göz önündədir. Şübhəsiz ki, biz mövcud problemləri aradan qaldırmaqla bu sahənin də inkişafına nail ola bilərik. Ona görə də bazar münasibətlərinin liberallaşması üçün vacib addımları atmaq lazımdır. Əgər mətbuatın maddi-texniki bazası daha çox yüksələrsə, bu sahəyə menecer axını da müşahidə olunacaq. Hazırda istehsal şirkətlərində çalışan menecerlərin əmək haqqı ilə mediada çalışan menecerin maaşı arasında fərq çox böyükdür. Məhz bu səbəbdən də heç bir kadr öz potensialından mediada istifadə etmək istəmir. Haqlı olaraq, hər bir menecer daha yüksək maaş vəd edən şirkətlərə üstünlük verir”.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrətə görə, bəzi mətbuat orqanlarının maddi və texniki imkanları kifayət qədər yüksək səviyyədədir və heç bir şikayətləri yoxdur. Belə qurumlarda menecmentlik institutu da özünü doğruldub: 

"Amma məsələyə ümumi yanaşsaq, Azərbaycanda bu institut hələ də oturuşmayıb. Qəzetlərin əksəriyyətində baş redaktorlar həm də baş direktor vəzifəsini icra edir. Daha doğrusu, redaksiyanın bütün işləri ilə baş redaktorların özləri məşğul olur. Halbuki onlar daha çox yaradıcılıq işi ilə məşğul olsalar, bu, bir növ keyfiyyətin də yüksəlməsinə gətirib çıxara bilərdi. Belə ki, əksər redaksiyalarda media menecerləri olmadığı üçün bütün baş redaktorlar bütün idarəetməni üstlənir və bu da keyfiyyətin aşağı düşməsinə gətirib çıxarır”.

Media menecerlərinin konkret vəzifələrinə gəldikdə isə A.Həsrət bildirib ki, menecmentlik birbaşa idarəetmə ilə bağlıdır: "Bu institut bir biznes strukturu olaraq qəzetlərin idarə edilməsində başlıca rol oynayır. Mətbuat orqanlarının maliyyə məsələsi, inkişafı, tanıdılması, reklam işləri və bazarda mövqelərinin daha da möhkəmlənməsi məsələləri ilə məşğul olur. Təbii ki, bu işdə yaradıcı kollektivlə koordinasiya da öz yerində olmalıdır. Bunu arxa plana keçirmək olmaz. Menecerin işi oturub məqalə yazmaq və ya şərh vermək deyil, menecer redaksiyanın idarəetməsini baş redaktorun çiyinlərindən alır. Qərb ölkələrində bu işlə məşğul olanların ayrıca komandası belə var. Həmin komanda müxtəlif strukturlara bölünür. Onlar da öz səlahiyyətləri üzrə fəaliyyətlərini davam etdirirlər”.

Azərbaycanda media menecerlərinin peşəkarlığına gəldikdə isə ekspert deyib ki, kadrları da mühit yetişdirir:

"Əslinə qalsa, Azərbaycanda peşəkar menecerlərin formalaşması üçün yetəri qədər imkanlar var. Sadəcə, bizim aparıcı kütləvi informasiya vasitələrimiz ayrıca menecerlik institutunun formalaşmasında maraqlı olmalıdırlar. Müşahidələrimə əsasən deyə bilərəm ki, bəzi KİV-lərdə media menecerliyinin müxtəlif atributları gözə çarpmaqdadır. Yəni, yaradıcı jurnalistika ilə məşğul olmadan sırf qəzetin satılması və reklam işinin təşkili ilə məşğul olur. Bütün bunları nəzərə alaraq, "Azərbaycanda media menecerləri yoxdur” demək də doğru deyil. Az da olsa, bu struktur formalaşıb. Son olaraq onu da deyim ki, redaksiyalarda yaradıcılıqla biznes fəaliyyətinin biri-birindən ayrılması ümumi işin xeyrinə olan bir prosesdir. Məncə, aparıcı KİV-lər media menecerləri ilə işləməkdə maraqlı olmalıdırlar”.
Azərbaycanda son illər internet medianın sürətlə inkişaf etdiyini vurğulayan "Azxeber.com” portalının baş direktoru Əfsələddin Ağalarov deyib ki, bunun fonunda media menecmentliyi sahəsində vəziyyət qənaətbəxş hesab olunmur: "Sözsüz ki, bunun da subyektiv və obyektiv səbəbləri var. Əsas səbəb bu sahənin ayrıca dərs kimi tədris olunmamasıdır. Eyni zamanda bu səhəyə kütləvi marağın olmaması və şirkətlərin reklama büdcə ayırmaması bu sahənin inkişafını əngəlləyir. Bir çox şirkətlər reklamları öz əllərində cəmləşdiriblər, yalnız özlərinin yaxın ətrafında olan qurumlara reklam verir. İctimai rəyə təsir imkanları güclü olan, böyük oxucu kontingentinə sahib olan saytlar və informasiya agentlikləri isə reklam bazarında sıxışdırılmış vəziyyətə düşürlər”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb