Medianın Qarabağ mövzusu...
Münaqişədən yazan jurnalistlər diqqətli olmalıdır
Qarabağ mövzusunun dünya ictimaiyyətinə çatdırılmasında medianın rolu əvəzsizdir. Bugünə qədər müxtəlif təşkilatlar tərəfindən "Qarabağ həqiqətlərinin mediada düzgün təbliği” istiqamətində həyata keçirilən çoxsaylı layihələrin əsas məqsədi də Qarabağ mövzusunun KİV-lərdə geniş işıqlandırılmasına nail olmaqdır. Media qurumları çalışmalıdır ki, qərəzli onlayn mətbuatda və sosial şəbəkələrdə Qarabağ problemi haqda yanlış informasiyaların qarşısının alınmasına dəstək versin. Təbii ki, Qarabağ münaqişəsinin işıqlandırılmasında jurnalistlərin peşəkarlığı da mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın müxtəlif bölgələrində, xüsusən cəbhə bölgəsində və məcburi köçkünlərin kompakt məskunlaşdığı ərazilərdə keçirilməsi də məhz media nümayəndələrinin təkmilləşdirilməsinə xidmət edir.
Cəbhə bölgəsində baş verənləri bilavasitə izləmək imkanı əldə edən jurnalistlər münaqişə ilə bağlı daha düzgün, ətraflı və təsirli məqalələr yaza bilirlər.
Bəs Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsinin xarici və yerli mediada təbliğatı kifayət qədər güclüdürmü? Vurğulayaq ki, informasiya müharibəsinin media qolu son dönəmlər fərqli strategiyası ilə diqqət çəkir. Belə ki, forumlarda, sosial şəbəkələrdəki qarşılıqlı söyüşmələr çoxdandır öz yerini düşünülmüş informasiya yayımı taktikasına verib.
Məsələyə münasibət bildirən Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz hesab edir ki, internetin bünövrəsi qoyulan gündən virtual dünyada Azərbaycana qarşı savaş açan ermənilərin mövqeləri son illərdə əhəmiyyətli dərəcədə susdurulub: "Xarici ölkələrə gedib-gələnlər bildirirlər ki, artıq erməni yalanları dünyada qəbul olunmur. Çünki ölkədə əhəmiyyətli sayıla biləcək sayda yeni informasiya resursları yaradılıb. Dövlət bu işə vəsait ayırır”. O.Gündüz deyib ki, bu iş proqram xarakterli olmalıdır: "Layihə yox, sistemli şəkildə işlər görülməlidir ki, dünyada Azərbaycan mətbuatının sözü keçsin”.
"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev "Şərq”ə verdiyi açıqlamada mətbuatın səviyyəsini ümumən qənaətbəxş hesab etsə də, bəzi istiqamətlərdə müəyyən problemlərin olduğunu vurğulayıb: "Mediamız bir çox sahədə yaxşı işləyir. Bu, bir neçə istiqamətdə özünü göstərir. Birinci istiqamət Qarabağ probleminin beynəlxalq hüquq normalarına uyğun həll olunması yönündə dövlət siyasətinin və diplomatiyasının izah olunması, müdafiəsi və cəmiyyətə çatdırılmasıdır. Bu istiqamətdə KİV-lərin böyük rolu var. Müşahidələrimə əsasən deyə bilərəm ki, bu sahədə mediamız ciddi problem yaşamır. İkinci istiqamət isə Qarabağ münaqişəsinin həlli prosesində ermənilərin ideoloji təxribat mərkəzlərinin Azərbaycanda ictimai rəyi çaşdırmağa yönəldilmiş fəaliyyətlərinin ifşa olunmasıdır. Bu sahədə də medianın fəaliyyəti tam ideal olmasa da, qənaətbəxş sayıla bilər. Amma bəzi çatışmazlıqlar mütləq deyilməlidir. Çünki müəyyən hallarda mediamız erməni təxribat mərkəzlərinin yalan və uydurma informasiyalarının təsiri altına düşürlər. Məsələn, elə bu günlərdə erməni informasiya mənbələrinin yaydığı yalan bir məlumat bizim bəzi internet saytları tərəfindən çox səbatsızcasına tirajlandı. Ancaq sonradan bu informasiyanın tamamilə yalan olduğu təsdiqləndi. Ermənilər hətta ad və soyad göstərməklə guya bizim əsgərlər haqda məlumat yayırdılar. Təəssüflər olsun ki, bir sıra media qurumlarımız həmin yalan informasiyaları erməni saytına istinad edərək verirlər. Zaman-zaman belə tələlərə düşdüyümüzü etiraf etmək lazımdır”.
Dünya miqyasında ermənilərin apardığı ideoloji müharibənin və informasiya savaşının təsirlərinin azaldılması yönündə medianın rolundan danışan baş redaktor bu sahədəki fəaliyyətimizi qənaətbəxş saymayıb: "Bunun obyektiv səbəbləri var. Söhbət ondan getmir ki,
Azərbaycan mediası zəifdir. Sadəcə olaraq erməni lobbisi sayəsində düşmən media çox güclü fəaliyyət göstərir. Ermənilərin xaricdəki media strukturları uzun illərdir müxtəlif ölkələrdə fəaliyyət göstərirlər. Amma bizim sistem 15-20 il öncə qurulub. Ümid edirik, hazırda bu istiqamətdə apardığımız işlər gələcəkdə böyük nəticələr verəcək və bu sahədə erməniləri üstələyəcəyik. Lakin görməli olduğumuz işlər çoxdur”.
A.Quliyev Qarabağ mövzusunda yazı yazan jurnalistlərin peşəkarlıq səviyyəsinə də münasibət bildirib: "Bu istiqamətdə əsasən iki məsələyə toxunmaq istərdim. Birincisi, KİVDF artıq 5 ildən çoxdur ki, ən müxtəlif mövzular üzrə jurnalistlər arasında müsabiqələr elan edir. Qəzetlər arasında layihə müsabiqələri keçirir və bu müsabiqə mövzularının hamısında Qarabağ həqiqətlərinin təbliğ olunması və dünyaya çatdırılması hər zaman qırmızı xətlə göstərilir. Təbii ki, dövlətin bu prosesə çox böyük nəzarəti var. Yəni dövlət çalışır və dəstək verir ki, mediada dərc olunan Qarabağ mövzusundakı yazılar güclü, effektli və səriştəli olsun. Müşahidələrimə görə, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində medianın fəaliyyəti, qələmə alınan yazıların səviyyəsi 5 il bundan əvvəllə müqayisədə xeyli dərəcədə inkişaf edib. Digər istiqamət isə Müdafiə Nazirliyinin xətti ilə jurnalistlər arasında aparılan treninqlər, müxbirlərin cəbhə bölgəsinə aparılmasıdır. Bunlar da sözsüz ki, öz təsirini göstərir. Lakin təkrar edirəm, onlayn media sahəsində hələ də səbatsız fəaliyyət göstərənlər var. Bunların fəaliyyəti bəzi hallarda "düşmən dəyirmanına su tökməkdən” ibarət olur. Ancaq fikrimcə, zamanla bunlar aradan qalxacaq”.
Mətbuat Şurasının idarə heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət isə bəyan edib ki, medianın Dağlıq Qarabağla bağlı yazılar dərc etməsində ciddi çatışmazlıqlar mövcuddur: "Qarabağla, ümumiyyətlə, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı yazılarda çox zaman dayaz və düşünülməmiş, bir qədər də boğazdan yuxarı yazılara rast gəlirik. Ola bilsin, həmin yazılar yazarların xoş məramından irəli gəlir. Amma ümumilikdə bizim əleyhimizə işləyir. Çünki əsaslandırılmamış faktlar, üstəlik, pafosu bol olan məqalələr birmənalı olaraq beynəlxalq tribunalarda bizim əleyhimizə istifadə edilir. Şəxsən mən beynəlxalq tədbirlərdə bunun şahidi olmuşam. Ermənilər bizim hətta 70-ci dərəcəli media orqanında yayımlanan yanlış informasiyanı xaricdə üzümüzə çırpırlar ki, "bax, görürsüz, bütün dünyanın bildiyi faktları siz təhrif edirsiz” və s. Yaxud buna bənzər məsələlərdə bizə problem yaradırlar. Bu baxımdan istər ölkə daxilində, istərsə də ölkə xaricində Qarabağla bağlı, bütövlükdə Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı peşəkarlıqdan uzaq, dayaz yazılar ziyanımızadır. Düşünürəm ki, Azərbaycan mediasında çalışan jurnalistlərin, yaxud da bu sahə ilə bağlı məqalə hazırlayan adamların peşəkarlığı yüksək olmalıdır. Həmin şəxslər öz üzərlərində çalışmalıdır. Mümkündür ki, jurnalist tarixçi olmasın, yaxud məsələnin mahiyyətini yetərincə təhlil edə bilməsin. Ancaq belə halda jurnalist bu sahənin mütəxəssislərinə müraciət etməlidir ki, sabah ermənilərin qabağına bu materialları çıxaranda çətin vəziyyətə düşməyək”.
A.Həsrətə görə, jurnalistlərin cəbhə bölgəsinə aparılması məsələnin bir tərəfidir, amma tamamı deyil: "Qarabağın və ətraf rayonların işğalı məsələsi kompleks yanaşma tələb edir. Müdafiə Nazirliyi jurnalistlərimizi cəbhə bölgəsinə apara bilər. Ordakı həyat tərzini göstərər, əsgərlərimizin əhval-ruhiyyəsi ilə müxbirlərimizi tanış edər və s. Bunlar yaxşı haldır və ictimai rəyə təsir edir. Amma bunlar məsələnin sadəcə bir yönüdür. Bilirsiz ki, Azərbaycanda hərbi sirlərin qorunması ilə bağlı ciddi problemlər var. Yəni əsgərlərin bir yerdən başqa yerə hərəkət etməsi, hərbi texnikanın daşınması ilə bağlı jurnalistlərimiz çox zaman fərqinə varmadan zərərli yazılar qələmə alırlar. Bir az həvəslənərək deyirlər ki, "baxın, bizim nə qədər tankımız var, onlar cəbhə xəttinə doğru hərəkət etdilər” və s. bu cür pafoslu xəbərlər verirlər. Onlar düşünürlər ki, bununla Azərbaycanda ictimai rəyin yüksəlməsinə xidmət edirlər. Ancaq əslinə qalanda belə yazılarla düşmənə informasiya ötürmüş olurlar. Bu istiqamətdə jurnalistlərimizin peşəkarlaşmasına böyük ehtiyac var. Belə məsələlərdə çox diqqətli olmaq lazımdır”.
Mətbuat Şurasının üzvü deyib ki, Azərbaycanda hərbi xəbərlərin yayılmasının tək mənbəyi Müdafiə Nazirliyi olmalıdır: "Yəni nazirliyə istinad edilmədən "cəbhə xəttində hərəkətlilik oldu, kimsə öldürüldü, top atıldı” kimi xəbərlər verilməməlidir. Nazirlik hansı xəbərləri yayırsa, media da həmin informasiyaları yaymalı, əlavə heç nə qatmamalıdır. Əgər jurnalistin əlinə hardansa bir xəbər düşürsə, o, xəbəri mütləq şəkildə Müdafiə Nazirliyinə təsdiqlətməlidir”.
A.Həsrət bildirib ki, Ermənistan mediası və bütövlükdə ermənilərin təbliğat maşını təmiz Azərbaycan dilində çox ciddi şəkildə fəaliyyət göstərirlər: "Ermənilər azərbaycanlı adlar altında sosial şəbəkələrdə qeydiyyatdan keçirlər və hətta türkçü qruplara qəbul olunurlar. Onlar orada Azərbaycan əleyhinə fəaliyyət göstərirlər və yanlış xəbərləri, dezinformasiyaları bizim mediaya ötürürlər. Təəssüflər olsun ki, mediamız "hardan gəlir-gəlsin, təki xəbər olsun” prinsipləri ilə informasiyanın ağına-bozuna baxmırlar”.
Tanınmış jurnalist Qarabağ mövzusunda qələmə alınan yazılarda ekspertlərin mövqeyinin olmasının önəmli olduğunu vurğulayıb: "Cəbhə, ordu, döyüşlə bağlı xəbərləri yazan jurnalistlər ciddi şəkildə peşəkar olmaqla bərabər yaxşı mütəxəssislərlə də işləməlidirlər. Özlərindən nə qədər əmin olsalar belə, ekspertlərlə məsələni dəqiqləşdirmədən yazını yaymamalıdırlar. Eyni zamanda son məqam olaraq Müdafiə Nazirliyi ilə xəbərləri təsdiq etməlidirlər. Əgər bu ardıcıllığa məhəl qoyularsa, ortaya effektli yazılar qoymaq olar”.
(davamı var)
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb