Generalların istefaya göndərilməsi və təcili səfərbərlik bunu sübut etdi
Ermənistanda təhsillə əlaqədar orduya çağırış möhləti ləğv edilir. Məlumata görə, hökumət məsələyə dair qanun layihəsini parlamentə təqdim etmək niyyətindədir. Bu barədə hökumət aparatının rəhbəri David Arutunyan bildirib. Onun sözlərinə görə, 18 yaşına çatmış şəxslər ordu sıralarına çağırılmalıdır: "Bir ay ərzində müvafiq qanun layihəsi parlamentə təqdim ediləcək. İstisnalar yalnız hərbi sənaye ilə əlaqəli ixtisaslara şamil olunacaq”.
Bunu Ermənistan ordusunun acizliyi ilə izah edən politoloq Elşad Mirbəşir "Şərq”ə söyləyib ki, 4 günlük müharibə Ermənistan Prezidenti Serj Sarkisyan mifini dağıdaraq bütün reallıqları üzə çıxardı: "S.Sarkisyan dezinformasiya yayırdı ki, guya, Ermənistan ordusu nəyəsə qadirdir. Amma aprelin əvvəlində baş verən hadisələr göstərdi ki, separatçı rejimin silahlı birləşmələri heç nəyə qadir deyil. Bundan başqa, ötən günlərdə Sarkisyan müdafiə nazirinin müavini daxil olmaqla bir neçə generalı istefaya göndərdi. Bu da düşmən ölkənin müdafiə sistemində ciddi problemlərin olmasından xəbər verir. Texniki təchizat və döyüş hazırlığı baxımından Ermənistan ordusu çox qabiliyyətsiz orduya çevrilib”.
Ekspertin qənaətincə, səfərbərliyin elan olunması və yüksək rütbəli generalların istefaya göndərilməsi bir daha sübut etdi ki, Ermənistan hakimiyyəti çaşqın vəziyyətdədir: "Sarkisyan yaranmış vəziyyətin girovuna çevrilib. Onun qərarları ölkəsini xaosa bürüyüb. Sarkisyanın fikirləri ilə XİN rəhbərinin açıqlamaları arasında ciddi fərqlər müşahidə olunur. Bu da ondan xəbər verir ki, hakimiyyətdə ciddi ajiotaj mövcuddur. Məğlubiyyətdən sonra Sarkisyan elektoratını tamamilə itirib. Hazırda Ermənistan cəmiyyətində onun heç bir sosial bazası yoxdur. Müxtəlif hiyləgər yolla itirilmiş imicini bərpa etməyə çalışır. Siyasi simasını geri qaytarmaq istəyir. Bu səbəbdən cəbhədə üstünlük əldə etmək niyyətindədir. Amma görünən odur ki, bunun üçün Sarkisyan hakimiyyətinin hərbi gücü yetərli deyil. Addımları da çarəsizlikdən irəli gəlir. Reallıqların göstərdiyi kimi, Ermənistanın nə insani, nə də maddi resursu var. Hesab edirəm ki, Sarkisyanın atacağı addımlar əvvəlcədən fiaskoya uğrayıb”.
Ayyət Əhməd