"Mehriban Əliyeva və onun komandası Oyunların yüksək səviyyədə təşkili üçün inanılmaz bir iş görüb"




Əli Sağırkaya:  "Bu Oyunların təşkilati məsələlərini idarə etmək üçün peşəkar olmaq lazımdır. Bu peşəkarlıq, sadəcə, işləməklə qazanılmaz, həm də istedadın olması vacibdir"


"Azərbaycan "Bakı-2015”ə çox yüksək səviyyədə hazırlaşıb. Taekvondo yarışlarının keçirildiyi Baku Kristal Zalda hər cür şərait var. Burada son texnologiyalardan istifadə olunub. Bundan daha yaxşı təşkilatçılıq olacağını təsəvvür etmirəm. Xarici qonaqlarda idman obyektlərinin gözəl olduğunu etiraf edirlər. İlk Avropa Oyunlarında iştirak edən taekvondo üzrə milli komandalar üçün yüksək səviyyədə şərait yaradılıb.
Yarışların keçirildiyi məkanın dizaynı, istifadə olunan ləvazimat, elektron qoruyucular, dayanqın (döyüş meydanı) forması, hakimlər üçün yerlər –bir sözlə hər bir şey qaydasındadır. Bu baxımdan Azərbaycan artıq belə mötəbər yarışların keçirilməsi təcrübəsinə də yiyələnmiş oldu. Hesab edirəm ki, Azərbaycan hər bir yay və qış olimpiya oyunlarının keçirilməsi namizəd ola bilər”.

Bu fikirləri taekvondo yarışlarının son günündə Avropa Taekvondo Federasiyasının idarə heyətinin üzvü, Türkiyə Taekvondo Federasiyasının beynəlxalq əlaqələr üzrə koordinatoru, "Bakı 2015”-in taekvondo üzrə yarışlarının supervayzeri Əli Sağırkaya sherg.az-a danışarkən bildirib.
İlk Avropa Oyunlarının supervayzeri qeyd edib ki, yarışlar yüksək səviyyədə keçirilir: "Düşünürəm ki, bu yüksək səviyyəli təşkilatçılıq ilə Azərbaycan gələcəkdə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə ən real namizəddir. Gözəl mehmanxanalarınız, idman obyektləriniz mövcuddur, mükəmməl infrastruktur yaradılıb. Azərbaycan 2024-cü ildəki Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə namizədliyini irəli sürəcəyi təqdirdə inanıram ki, buna nail olacaq. Fikrimcə, bu böyük idman tədbirindən sonra Avropa AO tarixində belə bir yüksək təşkilatçılıq görə bilməz. Azərbaycan səviyyəni o qədər yüksəkdə saxladı ki, bu baxımdan daha ölkənizə heç bir ölkə çata bilməz. Mən Türkiyə vətəndaşı olaraq qardaş Azərbaycanın təşkilatçılığından həqiqətən qürurlandım”.
Əli Sağırkaya həmçinin deyib ki, "Bakı-2015”in açılış mərasimi həqiqətən fantastik idi: "Qardaş Azərbaycan öz tarixini, mədəniyyətini, ədəbiyyatını dünyaya təqdim edə bildi.
Azərbaycanın birinci xanımı, "Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və onun komandası Oyunların yüksək səviyyədə təşkili üçün inanılmaz bir iş görüb. Bu Oyunların təşkilati məsələlərini idarə etmək üçün peşəkar olmaq lazımdır. Bu peşəkarlıq, sadəcə, işləməklə qazanılmaz, həm də istedadın olması vacibdir. Gördüyüm qədər hər şey mükəmməl dərəcədə təşkil edilib. İnanılmaz hazırlıq prosesi olub. Yaradılan idman infrastrukturu Azərbaycan idmançılarının yarışlarda uğurlu nəticələr qazanmasına gətirib çıxarıb. Ona görə mən dünya səviyyəsində yarışlar təşkil edildiyi üçün bu işdə zəhməti olan hər kəsə, başda Azərbaycan Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva olmaqla minnətdarlığımı və təbriklərimi çatdırıram”.
Müsahibimiz Azərbaycanın bu yarışları keçirməklə ölkə haqqında yalnış təəssürat yaratmağa çalışanlara da mesaj göndərmiş olduğu fikrindədir: "Həmin dairələrə bu yarışların keçirilməsi özü-özülüyündə bir cavab oldu”.
Ölkəsinin taekvonda yarışlarında çıxışını Ə.Sağırqaya "Rio-2016” Yay Olimpiya Oyunlarına keçid kimi qiymətləndirib: "Türkiyədə taekvondoda bürünc medal qazandı. Bu Oyunlar həm də "Rio-2016” Yay Olimpiya Oyunlarına hazırlaşmaq üçün pillədir. Biz Türkiyə vətəndaşları olaraq azərbaycanlı idmançı qardaşlarımızın yarışlardakı nəticələrinə sevinirik. Çünki ulu öndər Heydər Əliyevin dediyi kimi Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir. Bizim uğurlarımız sizin qürurunuz, sizin uğurlarınız isə bizim qürurumuzdur”.

Vüqar Şahinoğlu