İş yerində intiharların məhz işdəki problemlərlə bağlılığı yoxdurBir nəfər vəfat edəndə, ətrafdakı adamlar “öldü, canı qurtardı” deyir. Bu da psixikası zəif insanlar üçün intiharı şərtləndirən fitil rolunu oynayır
Fərqanə Mehmanqızı: "Sosial şəbəkələr intihar hadisələrini çox şişirdir. Bu kimi hallar cəmiyyətə mənfi təsir edir və mənfi örnək rolunu oynayır”
Psixoloqlar hər zaman bu mülahizəni irəli sürür ki, intihar etmək istəyən adam, necə olursa-olsun, istəyini həyata keçirəcək. İntiharçılar, sadəcə, bunun üçün "uyğun vaxtı” gözləyir. Kimisi evdə tək qalmağından istifadə edir, kimisi də intihar üçün gizli məkanlar, gediş-gəlişin az olduğu, anbar, zirzəmi, tövlə, axur kimi yerləri seçir. Yüksəkdən dibə (binalardan, eyvandan özünü atanlar) - həyatın sonuna enənlər də az deyil.
Bəziləri də iş yerində intihar edir. İş yerində intihar xəbərinin ardınca, adətən "yəqin işlədiyi yerdə problemləri varmış, müdirlə yola getməyib, bəlkə də borcu varmış” kimi fikirlər səsləndirilir. Burada həqiqət payı görəsən nə qədərdir? Son iki gündə iş yerində iki intihar hadisəsi qeydə alınıb. Hadisələrdən biri Novxanı bağ massivində yerləşən villalardan birində baş verib. Bağ evində gözətçi işləyən şəxs zirzəmidə özünü asaraq intihar edib.
Digər faciəvi hadisə isə Xaçmaz rayonunda baş verib. Rayon mərkəzindəki "Yelkən” kişi geyimi mağazasında satıcı işləyən 37 yaşlı kişi özünü bel kəməri ilə asıb.
Bu insanlar həyatlarına qəsd üçün niyə işlədikləri yeri seçib?
"Mənim pasiyentlərimdən biri özünü avtomobilin önünə ataraq intihar etmək istəmişdi”
Psixoloq Fərqanə Mehmanqızı "Şərq”ə açıqlamasında intihar hadisələrində məkanların xüsusi seçilməsinin xarakterik olmadığını dedi:
- Düşünmürəm ki, iş yerində intiharların məhz işdəki problemlərlə bağlantısı olsun. Çünki intiharlar üçün məkanlar xüsusi olaraq seçilmir. İntihar etmək istəyənin bunun üçün xüsusi bir məkan seçməsi çox nadir görünən haldır. İntihar edəcəyini qətiləşdirmiş adam sadəcə, bunu necə həyata keçirmək barədə düşünür. Mənim pasiyentlərimdən biri özünü avtomobilin önünə ataraq intihar etmək istəmişdi. Nəticədə qolu amputasiya edilmişdi. Sonra o şəxsi bizim yanımıza gətirdilər, psixoloji müalicə aldı, terapiya kursu keçdi. Və həyatla barışdı. İntihara cəhd edən insanın düşüncələri yalnız bununla məşğul olur, məkan seçimi aparmır. Fürsət yaranan kimi, istəyini icra edir. İntihar fikrinə düşmüş insan üçün baş verən hər hadisə onu intihara daha da yaxınlaşdıran bir təkandır. İş yerində yaşadığı problem, ailəsinin yaşamını təmin edə bilməməsi, həyat yoldaşından fiziki və ya mənəvi zərbə alması, bunlar hamısı intihar fikrini dərinləşdirir. Bəli, şantaj xarakterli intihara cəhdlər də var. Körpülərin üzərinə, hündürmərtəbəli binaların damına çıxmaq, müxtəlif çağırışlar etmək, bunlar hamısı diqqət cəlb etmək məqsədi də daşıya bilir. Bəzən insanların özünü təsdiqə, daha çox diqqətə və qayğıya ehtiyacları olur, yaxud da hansısa şıltaqlıqlarını, hətta arzularının həyata keçirilməsinə çalışırlar və intihara cəhd etməklə məqsədlərinə nail olacaqlarını düşünürlər.
F.Mehmanqızı bildirdi ki, intihar hallarının artmasında intiharçıların az qala "qəhrəman” kimi təqdim olunması da az rol oynamır:
- İntiharçılar bəzən sosial şəbəkələrdə qəhrəman kimi təqdim olunur. Guya ki, insanın hansısa problemi həll olunmadığından həyatına qəsd etməsi qəhrəmanlıqdır. Sosial şəbəkələr intihar hadisələrini çox şişirdir. Bu kimi hallar cəmiyyətə mənfi təsir edir və mənfi örnək rolunu oynayır. İntihara meylliyin yaranmasında valideynlər də məsuliyyət daşıyır. Baxın, bizim anaların sevimli "üsyan” forması var. Evdə işlər düz getməyəndə, uşaqlar dəcəllik, yaramazlıq edəndə analar "ölsəydim, canım qurtarardı” deyir. Bu da uşaqların şüuraltında kodlaşır; deməli, öləndə adamın canı qurtarır. Sonra uşaqlar hansısa bir problemlə qarşılaşanda, şüuraltındakı kod işə düşür. "Ölsəm, canım qurtarar” fikri hisslərə hakim kəsilir. Beləcə, intihara cəhd fikri özünə yer eləyir. Böyüklərimiz də səhv ifadələr işlədir və bunun kiməsə ölümcül zərbə vura biləcəyini ağıllarına da gətirmirlər. Bir nəfər vəfat edəndə, ətrafdakı adamlar "öldü, canı qurtardı” deyir. Bu da psixikası zəif insanlar üçün intiharı şərtləndirən fitil rolunu oynayır.
F. Mehmanqızı qeyd etdi ki, intihar insanın psixoloji durumu ilə bağlıdır və insan düşdüyü duruma müvafiq qərar verir:
- Təbii ki, rastlaşdığı problemlər insanın həyatına təsir edir. Depressiyanın müxtəlif növləri var. Özünəqapanma, aqressiya. İnsan tipindən asılı olaraq kimisi özünə qapanır, cəmiyyətdən təcridolmanı seçir, kimisi də aqressivləşir. Əlbəttə, işləmək, davamlı əmək haqqı almaq həyatın önəmli hissəsidir. İnsanlar var ki, məhz iş yerindən aldığı əmək haqqı ilə ayaqda qalmağa çalışır, ailəsini dolandırır. İş yerini itirmək onlar üçün fəlakətdir. Belə halda insan hər cür əmələ əl ata bilər. Amma intihar üçün məkanın xüsusilə seçilməsi kimi bir hal yoxdur. İntihar fikrinə düşən yalnız onu həyata keçirmək barədə düşünür. Yerin fərqi yoxdur.
"Narahatlığı olmayan intihara əl atmır”
Psixoloq Aydan Talıbova da bu fikirdədir ki, intihar edən üçün bunu harada icra edəcəyi önəmli deyil, əsas intiharı həyata keçirə bilməsidir:
- İntihar fikrinə düşmüş insan üçün zamanın, məkanın heç bir önəmi yoxdur. İntihar üçün adətən insan əhatəsindən kənar yerlər seçilir. İntiharın səbəbləri çox ola bilər. İş yerində də problem yaşaya bilər, ailədə, evdə də. Yalnız bu şəksizdir ki, insan son həddə çatdıqda intihar edir. Amma ətrafdakılar bunu hiss edə bilər. Çünki intihara cəhd fikri bir günün, bir saatın içində olan məsələ deyil. Bəlkə də aylarla həmin insan problem yaşayır. Amma ətrafdakılar buna diqqət yetirmir. İnsanın ruh halından xəbərsiz qalırlar. Ona görə də biz pasiyentlərimizin ailə üzvlərinə, yaxınlarına həmişə onları diqqətdə saxlamağı, qayğı ilə yanaşmağı tövsiyyə edirik. Söhbət təkcə intihara cəhd etmiş insanlardan getmir. Ümumiyyətlə, hər kəsdə psixoloji problemlər yarana bilər. Həyatın hansısa mərhələsində insan çətin dövr keçirə bilər. Bunu ən yaxşı hiss edən doğmalar, yaxınlar olmalıdır. Amma təəssüf ki, insanların biri-birinə diqqəti, qayğısı azalıb. İnsan təklik, tənhalıq hiss etdikdə, ətrafında ona kömək edəcək insanların olmadığını gördükdə həyatdan küsür.
A.Talıbova "ağrıdan qorxanlar "asan” intihar üsullarını seçir” fikrinə isə belə izah verdi:
- İntihar fikrinə düşmüş insan yalnız ölümü düşünür. Qarşıya qoyduğu məqsəd ölməkdir, şikəst olmaq deyil. Bundan çıxış edərək də elə vasitələr seçməyə çalışırlar ki, son olsun. Həyat bitsin. İntihar vəziyyətinə gətirib çıxaran hal affekt vəziyyətidir. Bu vəziyyətdə məkanın seçilməsi kimi bir "lüks” yaşana bilməz. İntihara cəhd o insanın artıq tükəndiyini göstərir. İnsanın bu həddə gəlib çatmasının qarşısı alınmalıdır.
Məlahət Rzayeva