Məlumatlar təxribat ola bilər

“Əgər Kreml problemin həllində maraqlı idisə, niyə düşməni silahlandırmaqda davam edir”


Dağlıq Qarabağ münaqişəsi ətrafında qeyri-müəyyənlik davam edir. Bununla yanaşı, müharibə xəbərdarlıqları da artmaqdadır. Şübhəsiz ki, yaranmış kritik vəziyyət prosesdə "açar” rolunu oynayan Rusiyanı rahatsız etməyə bilməz. Bu səbəbdən müharibə riskini azaltmağa çalışan Moskvanın Ermənistana təzyiq göstərməyə hazırlaşdığı barədə iddialar dolaşmaqdadır.

Yayılan məlumatlara görə, Rusiya xüsusi xidmətinin agentləri qondarma rejimin təmsilçilərinə və Qarabağda yaşayan ermənilərə baş çəkməyə başlayıblar. Hətta onlardan biri "Moskovski komsomolets” nəşrinin əməkdaşı ilə görüşüb və Qarabağa getmə səbəbini şərh edib. Deyib ki, onların əsl məqsədi ərazilərin Azərbaycana qaytarılması məsələsində Qarabağ separatçılarının ovqatını öyrənmək, onları "təslim” olmağa məcbur etmək olub. Ekspertlərin fikrincə, düşmən ölkədə həqiqətən də Qarabağla bağlı həyəcan artıb. Bu da Ermənistanın gerçək sahibi Rusiyanın problemlə bağlı hansısa qəfil qərar verə biləcəyi ehtimalından qaynaqlanır. Ermənilər anlayırlar ki, Dağlıq Qarabağ məsələsində Kreml üçün "erməni maraqları” deyilən məfhum mövcud deyil. Lakin Rusiya kəşfiyyatçılarının ermənilərə təzyiq etdiyi iddiası ilə razılaşmayan politoloqlar da var.

 Məsələn, siyasi ekspert Qabil Hüseynli "Şərq”ə bildirib ki, yayılan məlumatlar provokasiya da ola bilər: 

"Rusiya xüsusi xidmət orqanlarının kiçik erməni qrupları ilə iş aparması, onları nəyəsə razı salması inandırıcı görünmür. Moskva həqiqətən problemin həllində maraqlı olsaydı, Azərbaycan vasitəsi ilə İrəvana ciddi təzyiq göstərər və münaqişənin sonlanmasına nail olardı. Qarabağ erməniləri Azərbaycanın iqtisadi rifahını çox gözəl bilirlər, anlayırlar ki, dövlətimizin tabeliyində olsalar, yaxşı ömür sürərlər. Rusiyanın ən böyük səhvi Ermənistanın Azərbaycanı "təhdid etmə” cürətinə qədər gəlib çıxmasına şərait yaratmasıdır. Əgər Kreml problemin həllində maraqlı idisə, niyə düşməni silahlandırmaqda davam edir. Ona görə də deyilənlərin reallığı əks etdirmədiyi qənaətindəyəm. İstəyimiz odur ki, Rusiya iddiaların əksinə, Dağlıq Qarabağda vəziyyəti daha da gərginləşdirməsin, müharibəni qızışdırmasın. Prosesdən kənarda dayanmağı kifayətdir ki, biz öz məsələmizi həll edək”.

İsmayıl