Məmməd İsmayılın əsərləri Rumıniya və Moldovyada çap olunub - FOTOLAR

Türkiyədə yaşayan həmyerlimiz, şair Məmməd İsmayıl ədəbi fəaliyyətiylə poeziyamızın üfüqlərini genişləndirməyə davam edir. Şair bu ilin sentyabr ayında Rumıniyanın Kraiova şəhərində "Mihail Eminesku" Beynəlxalq Akademiyasının təşkil etdiyi altıncı "Mihail Eminesku" Dünya Şiir festivalında iştirak etmişdir. Bu, şairin Rumıniyaya Dünya şeir festivalına ikinci gedişi idi. Festival ərəfəsində həmyerlimizin həm Moldovya və həm də Rumınyada kitab və qəzetlərdə əsərləri çap olunmuşdur.
Moldovyanın "Literatura Arta" qəzeti ("Ədəbiyyat qəzeti") 17 avqust nömrəsində qəzetin baş redaktoru, şair Nikolay Dabijanın ön sözüylə M.İsmayılın 19 şeirini çap etmişdir. Şeirlərin tərcüməsi də N.Dabijaya aiddir.
Dünya şeir festivalı ərəfəsində Kişinyovun "Editura pentru Literatura şi Arta” nəşriyyatı isə rumındilli poeziyanın ən önəmli şairlərindən olan Nikolay Dabijanın tərcüməsində həmyerlimizin "Sporırea Tacerıı” ”(İdmançı səssizliyi”) adlı şeirlər kitabını nəfis şəkildə çap etmişdir. Kitabın təqdimatı Rumıniyanın Kraiova şəhərinin milli kitabxanası salonunda "M.Emuneskü” Dünya şeir festivalının açılış mərasimində keçirilmişdir.
 Kitabın tərcüməçisi və ön sözünün müəllifi M.İsmayılı festival iştirakçılarına belə təqdim etmişdir:..” Məmməd İsmayıl metafora sehirbazı və ruhun gizli poetik ovqatını şeirlərinə ustalıqla gətirə bilən böyük şairdir. Onun şeirləri Rumın ədəbiyyatı oxucularının qapısını döyməyə gəlmiş, onu - çağımızın ən görkəmli şairlərindən biri kimi qarşılamaq boynumuzun borcudur. Sanki onun şeirləri başqa bir yerdə yox, elə bizim yerlərdə yaranmış və bir təsadüf nəticəsində bizdən bir sürəliyə ayrı düşmüş, indi yenidən öz ilkinliyinə qayıdır...”
M.İsmayılın əsərlərinə rumun dilində nəşr olunan "Mihail Emunesku" Dünya şeir antologiyasında"nda da yer verilmişdir. Antologiyada şarin beş şeiri yer almışdır. 
Bundan başqa indiyə qədər keçirilən festivallarda Kraiova şəhərində yazılmış şeirlərdən ibarət Rumın dilinə çevrilmiş "Graiova, mon amour" adlı şeirlər kitabı da işıq üzü görmüşdür. Bu anologiyada da M.İsmayılın bir şeiri yer almışdır.
Rumıniyanın dünyaca ünlü heykəltaraşı "Öpücük”, "Nəhayətsizlik” və "Əbədiyyət” əsərlərinin müəllifi Konstantin Brancusinin vətəni Tirqu-jium şəhərinin incəsənət muzeyinin sərgi salonlarında dünyanın bir çox şairləri ilə yanaşı, Məmməd İsmayılın fotoşəkillərinə və 10 yaşlı Draqoş Boqdanın çəkdiyi karikaturlarına da yer ayrılmışdır.
Bunlarla bərabər həmyerlimiz festivalın sonunda "Mixail Eminesku "Uluslararası Akademiyası” və "Mixail Eminesku"Avropa Fondunun fəxri diplomu və Mixail Emunesku medalıyla təltif olunmuşdur.
Gülzar İsmayıl
Çanaqqala-Türkiyə