Elman Mustafayev: “O da çoxunu seçib götürürdü demək olar ki, ancaq iyirmi faizini geri qaytarırdı”“Nə qədər elektron kitablar yayılsa da, son zamanlar gənclər kitablara daha çox maraq göstərirlər. Yenidən kitab oxumağa qayıdış hiss olunur”
Ədəbiyyatla, kitabla maraqlanan hər kəs Elman dayını tanıyır. Kitabşünas Elman Mustafayev. Ölkə ədəbiyyatına şair və yazıçılar qədər xeyir verən bu kişi, ömrünün demək olar ki, yarısından çoxunu kitabçılığa, kitab satışına həsr edib. Köhnə, yeni çap olunan, hər kitab mağazasında tapılmayan kitabları "Elman dayının kitab evi”ndən əldə etmək mümkündür. "Qız qalası”nın yaxınlığında yerləşən bu kitab evi paytaxtın ən tanınmış kitab mağazasıdır.
Kitablarla maraqlanan zaman fürsətdən istifadə edib, Elman dayı ilə, kitabla, hazırda kitaba marağın olması ilə bağlı söhbət etdik.
Bu sahədə böyük təcrübəsi olan Elman dayı 48 ildir kitab mağazasının müdiri kimi çalışır...
- Bu fəaliyyətimin 5 ilində - 1980-1985-ci illəri Bakı Kitab Evinin ilk direktoru olmuşam. Kitab evinin divarında asdığım şəkil də 1981-ci ildə Heydər Əliyevlə görüşümdə çəkilib. H.Əliyev kitablarla bağlı mənimlə tez-tez məsləhətləşirdi.
- Son zamanlarda gənclərin kitab oxumağa marağının azalması ilə bağlı fərqli mülahizələr irəli sürülür. Siz necə fikirləşirsiz, doğrudan da gənclərdə kitab oxumağa maraq azalıbmı?
- Bilirsiniz, artıq texnologiyanın inkişafı dövrüdür və xüsusilə internetin geniş yayılması ilə artıq çox şey elektronlaşıb. Kitabların da elektron variantının çoxalması gəncləri kitab almaqdan bir qədər soyutdu. Amma nə qədər elektron kitablar yayılsa da, son zamanlar gənclər kitablara daha çox maraq göstərirlər. Yenidən kitab oxumağa qayıdış hiss olunur. Artıq əksəriyyət başa düşür ki, elektron vasitələr kitabı əvəz edə bilməz. Elektronikanın da inkişafında ilk mənbə kitabdır.
- Kitablarla maraqlananlar, oxucularınız əsasən gənclər olur, yoxsa müxtəlif yaşın nümayəndələri?
- Bütün yaşda insanlar kitab alır. Amma əlbəttə, gənclər daha çox olur. Bu da sözsüz ki, yaxşı haldır. Lakin müəyyən çətinliklər də var ki, məsələn, əlifbanın dəyişməsi ilə bağlı oxucularda oxumaqda problemlər yarandı. Bəzi yaşlı nəslin nümayəndələri latın əlifbası ilə oxumaqda çətinlik çəkir. Gənc nəsil isə maraqlandıqları kirilcə yazılmış bəzi kitabları çətinliklə oxuyur. Amma yenə də mən deyim ki, kitaba olan həvəs bütün yaşın nümayəndələrində kifayət qədərdir.
- Bəs oxucuların maraq dairəsi barədə nə deyə bilərsiz? Hansı kitablar daha çox tələb edilir?
- Hər yaşın nümayəndələrinin fərqli maraq dairəsi var. Məsələn, gənclərin bir qrupu detektiv ədəbiyyat oxuyur, bir qrupu klassikaya üstünlük verir və çox sevindirici haldır ki, gənclər hətta fəlsəfi əsərlərlə də maraqlanırlar. Klassik fəlsəfi əsərləri oxuyurlar. Mənə bu mövzularda suallar verirlər, mən də onlarla məmnuniyyətlə söhbət edirəm.
- Heydər Əliyev hansı kitabları oxuyurdu, necə kitablarla maraqlanırdı?
- Mən qeyd edim ki, Heydər Əliyev, şübhəsiz, çox geniş intellektə malik insan idi. Kitabların, elmlərin demək olar hamısı ilə maraqlanırdı. İstər Azərbaycan ədəbiyyatı, istərsə də xarici ədəbiyyatdan nümunələr oxuyurdu. Mən Bakı Kitab Evində işlədiyim müddətdə ayda bir dəfə onun şəxsi kitabxanası üçün kitablar göndərirdim. Mən göndərdiyim kitabların çoxunu seçib götürürdü demək olar ki, ancaq iyirmi faizini geri qaytarırdı.
- Sizin kitabxananızda hər növdə kitab var. Müasir Azərbaycan yazarlarının əsərləri də kifayət qədərdir. Oxucularınız necə, müasir yazarların əsərləri ilə maraqlanırlarmı?
- Əvvəl də dediyim kimi, hər oxucunun öz maraq dairəsi var. Xarici klassik ədəbiyyata və Azərbaycan klassik ədəbiyyatına daha çox marağın olduğunu müşahidə etmişəm. Amma müasir yazarlardan da oxunan müəlliflər çoxdur. Məsələn, gənc yazarlardan Seymur Baycan, Əli Əkbər, şairlərdən Ramiz Rövşənin kitablarını tələb edirlər.
- Bu yay keçirilən Olimpiya Oyunları vaxtı ölkəmizə gələn turistlər kitablarla maraqlanırdılarmı? Kitabxananızı ziyarət edən əcnəbilər oldumu?
- Təəssüf ki, yox. Çünki onda başqa qayğılar var idi. Həmçinin belə fikirləşirəm ki, o əcnəbilərin maraq dairəsi olduqca qıt və bəsit idi. Onları bizim ədəbiyyata, memarlığa, incəsənətə aid olan dəyərli nümunələr maraqlandırmadı.
- İndi əsasən gənclər tərəfindən təşkil olunan "Book kafe”lər var ki, kitab oxumaqçün şərait yaradılıb. Bu təşəbbüsə münasibətiniz necədi?
- Çox yaxşı qarşılayıram. Bu, mədəniyyətin yüksək göstəricisidir. Gənclərin bir problemi də vaxt itkisidir. Gənclər vaxtının boş hissəsini kitabxanalarda, "book kafe”lərdə keçirməklə yaxşı biliyə və dünyagörüşünə yiyələnə bilərlər. Bir səhifədən belə insanlar nəsə öyrənir. Mən bu yaxınlarda kitab haqqında aforizmləri oxuyurdum. Orda deyilir ki, nəsillər, sülalələr, imperiyalar gəlib-gedir, amma kitab qalır. Kitab bütün gəlib gedənlərin varlığını gələcək nəsillərə ötürür. Buna görə də kitab böyük gücə malikdir.
- Bir "kitabçı” olaraq oxuculara, gənclərə tövsiyələriniz varmı?
- Bizim gözəl gəncliyimiz var. Mən hər gün gənclərlə ünsiyyətdə oluram. Mənim gənclərə tövsiyəm odur ki, hər sahəyə aid kitablarla maraqlansınlar. Öz ixtisaslarına aid olan əsərlərlə yanaşı, digər kitabları da oxusunlar. Bir rus mütəfəkkirinin fikrinə uyğun olaraq "sutka ərzində vaxt tapın, yarım saat bədii ədəbiyyat oxuyun, yoxsa insanın beyni quruyar”. Ona görə gənclər kitablarla dostluq etsinlər. Əsasən bədii ədəbiyyat nümunələrini oxusunlar. Kitabın insana verdiyini başqa heç nədə tapmaq olmaz.
Aysel Aslan