Mənası “sakit” deməkdir

“Əvvəllər kübar ailələrdə hətta qız uşaqlarına piano cehiz olaraq verilirdi”“Musiqi övladlara verilən bir əlavə ixtisas olmaqla yanaşı, onların tərbiyəsinə, həyat tərzinin formalaşmasına hesablanmış bir yol idi”
Səhər işə gələndə radioda pianonun sədaları altında Şopenin əsəri səslənirdi. Yadıma uşaqlığım düşdü. Rəhmətlik atamın pianoya olan hədsiz sevgisi vardı. Arzulayırdı ki, övladlarından biri pianist olsun. Klassikaya olan bağlılığı hər zaman diqqətimi çəkirdi. Bir gün evə pianino aldı.
Əslində o zaman üçün o qədər də ucuz deyildi piano almaq. İndiyə qədər yadımdadı. 975 rubl pul verdi pianoya. Evin ən yaxşı məkanında, görünən yerində pianonu köklədilər. Amma onu ifa edən kimsə yox idi. Atam ertəsi gün kiçik bacımı musiqi məktəbinə, fortopiano şöbəsinə yazdırdı. O gündən sonra atam evdə olanda (çox zaman işi ilə əlaqədar uzaq səfərlərdə olurdu tez-tez) axşamlar evdə pianonun sədaları eşidilirdi. Hətta evimizə gələn qonaqlara da bacım piano ifa edirdi. O məqamları bu gün də xatırlayanda qəribə bir nostalji duyğuların əsirinə çevrilirəm. Bu gün yenə piano ifasını eşidəndə arxada qalan uşaqlıq illərimin xoş anları yadıma düşdü. Bir də indi atamsız olan evimizin küncündə kökdən düşmüş piano gözümün önünə gəldi. O hiss mənə rahatlıq vermədi. İstədim pianodan, piano ifaçılırından yazım.
Piano barədə pianist, tanınmış musiqiçi Rəşad Hüseynovla həmsöhbət oldum. Pianoya inanılmaz bir bağlılığı var budəfəki müsahibimin. Onun sözlərinə görə, pianonun telləri insanı fərqli bir dünyaya apara bilir.
- Rəşad müəllim, piaona aləti digərlərindən hansı özəllikləri ilə fərqlənir?
- Musiqi özü bizim həyatımıza təsir edən bir vasitədir. Piano isə xüsusi özəllikləri olan musiqi alətidir. Adətən möhtəşəm musiqilər də elə piano, fortopianonun dilləri ilə yaranır. Ruh gözlə görünməz qeyri-adi bir varlıqdır. Səs də görünməyən təsir gücünə malik varlıqdı. Səsin də elmi tərəfləri var. Səs ruha toxuna bilən təsir gücünə malikdir. Pianonun da səsi psixoloji təsir gücünə malikdir.
Tamamilə fərqli bir alətdir. Piano dəstəkli bir çalğı alətidir. Onun adı italyan dilindən keçib, mənası piano - "sakit” deməkdir.
Pianoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanizmin köməyi ilə ötürülür.
- Hələ sovet dönəmlərində demək olar hər evdə pianoya rast gəlmək mümkün idi.
- Həqiqətən əvvəllər, biz uşaq olanda, demək olar hər evdə piano var idi. Mənim uşaqlığım rayonda keçib. Masallıda dünyaya göz açmışam. Amma kiçik yaşlarından evdə piano görmüşəm. Kübar ailələrin evində piano bir önəmli vasitə, aksessuar olub. Əvvəllər kübar ailələrdə hətta qız uşaqlarına piano cehiz olaraq verilirdi. Deməzdim ki, indi musiqiyə maraq azalıb. Amma indi musiqiyə yalnız gəlir yeri kimi baxırlar. Əvvəllər isə musiqi övladlara verilən bir əlavə ixtisas olmaqla yanaşı, onların tərbiyəsinə, həyat tərzinin formalaşmasına hesablanmış bir yol idi. Valideynlər musiqi məktəblərinə uşaqlarını yerləşdirməklə sanki həm də onları pis yoldan uzaqlaşdırmaqla, onların gələcəyini sığortalamış olurdular.
- Yəni musiqinin insanın xarakterinə, həyat tərzinə təsiri olur?
- Bəli. Yaxşı musiqi insanın ruhunu yeniləyə bilir. Alimlər də bunu sübut edib ki, musiqi ilə xəstəlikləri belə bəzən müalicə etmək olur.
- Yəni piano arxasında olanda siz özünüzü daha rahat hiss edirsiz?
- Təbii. Çünki pianonun dillərinə toxunduqca, o notların səsi gəldikcə, insan real dünyadan uzaqlaşır. O zaman sənin öz dünyan olur. Piano o qədər özəl bir musiqi alətidir ki, onu tək ifa etdikdə belə, sanki böyük bir əsəri mükəmməl təqdim etmək olur.
Dünyanın hər yerində piano, fortopiano vazkeçilməz bir musiqi aləti olduğu üçün böyük məkanların yaraşığına çevrilib. Baxın, istər böyük məkanlarda, restoranlarda, otellərdə, ziyafət məkanlarında rəsmi konsert məkanlarında piano, ya da fortopianonu mütləq görmək olur.
- Səhv etmirəmsə, övladınız da pianist olmaq arzusundadır.
- Mən bilmirəm o pianist olar ya yox, amma musiqi məktəbində fortopiano ixtisası üzrə təhsil alır. Onun yaşında uşaqlar küçədə indi futbol oynayanda, o, saatlarla evdə məşq edir. Pianist ən azı gün ərzində 3-4 saat məşq etməli, o aləti ifa etməlidir.
- Özünüzü royal arxasında necə hiss edirsiz?
- Düzünü desəm, o mənim həyatdakı ən yaxın dostumdur. Onun arxansına keçəndə, bu dünyadan tamamilə uzaqlaşmış oluram. Ruhum başqa bir dünya ilə təmasa keçir. Barmaqlarım klavişə,
pianonun tellərinə toxunanda mən özümü daha güclü hiss etmiş oluram. Ecazkar bir musiqi alətidir. Onu heç bir musiqi aləti ilə əvəzləmək mümkün deyil. Piano mənim üçün özəldir. Ona toxunmasam, onunla təmasda olmasam, özümü ruhsuz hiss etmiş olaram. Bəstələrimi onunla birgə yazmış oluram. Onun hər dili, hər notu mənə yeni bir dünyanı göstərmiş olur.
- Musiqi insanın xarakterinə təsir edə bilirmi?
- Musiqi insanın mənəviyyatına təsir edir. İnsanın kamilləşməsinə, hətta daha fərqli bir baxış bucağından baxmasına imkan yaradır. Mən piano arxasında olanda onunla təmasda olmuş oluram, hisslərimi onunla bölüşürəm, bəzən kədərimi ona çatdırıram, bəzən sevincimi pianonun dilləri ilə çatdırıram. Əgər bir gün mən pianoya toxunmasam, kökdən düşmüş piano kimi özümü hiss etmiş olaram. O mənim kamilləşməyimə, həyatda özümü tapmağıma təsir edən bir qüvvə olub.