Keçmiş məmurun güllələnməsini qadın sifariş edib
Daxili İşlər Nazirliyi aprelin 11-də Binəqədi rayonunun Cavadxan küçəsində kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımovu güllələyən şəxslərin tutulması ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində sabiq məmura avtomat silahdan atəş açmaqla xəsarət yetirən Bakı şəhər sakini, əvvəllər oğurluğu maddəsi ilə məhkum olunmuş Ramil Hüseynli tutulub. Onun Binəqədi rayonu ərazisində kirayədə yaşadığı evdən "AKM” markalı silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb. Ətrafında aparılmış tədbirlərlə R.Hüseynlinin həmin cinayəti paytaxt sakini Günel Süleymanovanın sifarişi ilə törətməsi, habelə açdığı atəş nəticəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mühafizə otağının pəncərə şüşəsinə və Bakı şəhər sakini Xəzər Cəfərzadəyə məxsus "Niva” markalı avtomobilə ziyan dəyməsi də müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə G.Süleymanova da tutulub.
Hüseyn Qasımovdan qisas almaq məqsədi ilə ona qarşı silahlı insident yaratdığını vurğulayan 33 yaşlı Günel Süleymanova istintaqa ifadəsində sabiq məmurun onu zorladığını deyib: "Məqsədim onu qorxutmaq idi. Mən deməmişdim ki, avtomatdan istifadə edilsin. Dedim ki, qorxudun”.
Daha sonra Günel Sahib adlı tanışına hadisə ilə bağlı məlumat verərək, ondan kömək istəyib: "Dedim ki, qisas almaq istəyirəm. O da cavab verdi ki, bir dostum var, ona deyərəm”.
Adam oğurluğuna görə 12 il həbsdə yatan 33 yaşlı Ramil Hüseynli isə hadisə zamanı istifadə etdiyi "AKM” markalı silahı vaxtilə Qazaxıstandan 28 min rubla aldığını deyir. O, bu hadisəni törətmək üçün Günel Süleymanovadan 40 min manat alacaqmış.
Qeyd edək ki, silahlı insident zamanı daban nahiyyəsindən güllə yarası alan H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb. Güllə yarası alan H. Qasımovun əvvəllər Bərdə Rayon İcra Hakimiyyətində işlədiyi müəyyən olunub. Hazırda cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda davam etdirilir.
Paytaxtda baş verən silahlı insidenti şərh edən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlqar Altay isə deyib ki, cinayətkar xarakterli insanların daha sərt cəzalarla islah olunmasının zəruriliyini qeyd edib. Onun sözlərinə görə, xüsusən də məhkəmə orqanları belə məsələlərə ciddi yanaşmalı və təqsirləndirilən şəxslərlə bağlı daha sərt tədbirlər görməlidirlər: "Həssas dönəmdə yaşayırıq. İqtisadi çətinlik, maddi problemlər insanları istənilən cinayətə sövq edə bilər. Sabiq məmurun güllələnməsinin arxasında qisas və ya pul faktoru ola bilər. Sözsüz ki, bütün bunlar istintaq nəticəsində aydınlaşacaq”.
İ. Altayın sözlərinə görə, bu hadisədə diqqət çəkilməli olan əsas məsələ evdən aşkarlanan silahların haradan və necə peyda olmasıdır: "DİN-in məlumatında əks olunub ki, saxlanılan şəxsin kirayədə yaşadığı evdən silah, 22 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.
Həmin şəxsin bu silahları necə əldə etməsi ciddi şəkildə araşdırılmalıdır. Hesab edirəm ki, hüquq-mühafizə orqanları ictimai sabitliyi, ictimai asayişi qorumaq üçün hüququn müəyyən etdiyi çərçivədə tədbirlər görməlidir. Silahların alqı-satqısı və istifadəsi üzrə qanunun tələbləri yerinə yetirilməlidir. Bu işlərlə məşğul olacaq xüsusi strukturlar var və onlar öz vəzifələrini icra etməlidir. Xüsusilə də maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Cəza tədbirləri vaxtında görülməlidir ki, başqalarına da görk olsun. İnsanlar dərs alsınlar. Mühafizə tədbirləri də gücləndirilməlidir. İndiki halda bizim üçün ən əsas mövcud sabitliyin qorunmasıdır”.
Şəymən