Mənzili qeydiyyatsız olanlara şad xəbər...

Hündürlüyü 12 metrədək olan yaşayış evləri dövlət qeydiyyatına alınacaq
“Bakıda 500 mindən artıq sənədsiz ev var ki, onun 350 mininin sənədləşdirilməsi mümkündür”



Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə edilib. Qanuna dəyişiklik barədə məlumat verən Əmlak Məsələləri Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri İlqar Hüseynov deyib ki, qanuna dəyişiklik torpaq mülkiyyətçilərinin hüquqlarının qorunmasına və vətəndaş məmnunluğunun artırılmasına hesablanıb.

Qanun layihəsinə edilən dəyişikliklərə əsasən, icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evləri torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və yaşayış evinin istismara qəbul aktı olduğu təqdirdə daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq. Qanuna təklif edilən digər mühüm dəyişikliyə əsasən, 2013-cü ilin yanvarın 1-dək inşa edilmiş tikililərdə məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evlərinin qeydiyyatı üçün yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunacaq. Sadə dillə desək, 2013-cü il yanvarın 1-dək hündürlüyü 12 metrədək olan fərdi yaşayış evi inşa edənlər yalnız torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi təqdim etməklə daşınmaz əmlak üzərində mülkiyyət hüququna yiyələnəcək. Qanun layihəsi Milli Məclisin Plenar iclasına tövsiyə olunub.

"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqlinin sözlərinə görə, sözügedən dəyişikliklərin müsbət effekt verməsi üçün mütləq icra mexanizmi olmalıdır: "Təəssüflə qeyd etməliyəm ki, bir çox hallarda Azərbaycanda qəbul olunan qanunların icra mexanizmi ləngiyir. Bu da öz növbəsində vətəndaşlara xoş təsir bağışlamır və qanunun əhəmiyyətini kölgə altına salır. Ona görə də, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsinin qəbulu zamanı onun icra mexanizmini də müəyyənləşdirmək lazımdır. Bunun üçün də sənədsiz mənzillərin qeydiyyata alınması bir pəncərə sistemi ilə həyata keçirilməli, rüsumlar müəyyən edilərkən sənədsiz mənzil yerləşdiyi ərazilər nəzərə alınmalıdır”. Bakıda olan sənədsiz evlərin sayının beş yüz mindən artıq olduğunu vurğulayan Birlik sədrinin sözlərinə görə, həmin evlər sənədləşdirilsə, dövlət büdcəsinə kifayət qədər maliyyə daxil olar: "Sənədsiz evlərin təxminən belə olsa, neçə faizinin 12 metrədək olan yaşayış evləri olduğunu deyə bilmərəm, çünki bu istiqamətdə araşdırmalarımız olmayıb. Çox güman ki, Daşınmaz Əmlakın Reyestr Xidməti və müvafiq icra hakimiyyətlərində müəyyən statistik məlumatlar var. Ancaq bizim təşkilatın apardığı araşdırmalar göstərir ki, son 20 ildə Bakı-Abşeron ərazilərində hüquqi sənədi olmadan tikilən yarım milyona yaxın yaşayış binasının 30 faizə yaxını müxtəlif kommunikasiya xətlərinin üzərində və ya lap yanında yerləşdiyindən sənədləşdirilməsi mümkün deyil. Yəni ki, hansısa bir ərazi strateji əhəmiyyətli torpaqda və yaxud da neft mədənləri arasında yerləşir. Belə ərazilərdə yerləşən mənzil, obyekt hökmən sökülməlidir. Amma elə torpaq sahələri, əmlak var ki, onları sənədləşdirmək mümkündür. Bunlar hansısa mühafizə zolağından kənarda yerləşən, təhlükəsizlik qaydalarına cavab verən və yaşayış standartlarına uyğun tikililərdir. Bunlar isə ümumi rəqəmin 70 faizini təşkil edir. Bir sözlə, 500 min evin 350 mininin sənədləşdirilməsi mümkündür”.

Şəymən