“Məqsəd Trampla Ərdoğanın yaxınlaşmasına mane olmaqdır”

“Terrorçular istənilən an mitinq bəhanəsiylə Ərdoğana zərər yetirə bilərdilər”


ABŞ hüquq-mühafizə orqanları Vaşinqtonda PKK-çılara müdaxilə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinin həbsinə dair qərar verib.

Bu barədə Vaşinqton polis idarəsinin rəisi Piter Nyuzem və şəhərin meri Muriel Bouzer birgə mətbuat konfransında bildiriblər. Barələrində axtarış elan edilən şəxslər arasında Ərdoğanın 9 mühafizəçisi, türk polisinin 3 zabitinin adı da var. Amerika rəsmiləri barələrində axtarış edilən şəxsləri ABŞ-a gələrək qanun qarşısında cavab verməyə çağırıb. Xatırladaq ki, Ərdoğanın Vaşinqton səfəri zamanı prezidentin mühafizəçiləri və etiraz aksiyası keçirən PKK terrorçuları arasında insident baş verib. 


Dövlət Departamenti bununla bağlı Türkiyəyə etirazını bildirib. Ankara isə ittihamları rədd edərək hadisənin ABŞ hakimiyyətinin lazımi təhlükəsizlik tədbirləri görmədiyindən baş verdiyini iddia edib. Türkiyə prezidenti Ərdoğan mühafizəçilərin həbsi barədə qərara kəskin etirazını bildirib. O deyib ki, Ankara həbs orderlərinin verilməsinə qarşı siyasi və hüquqi metodlarla mübarizə aparacaq: "Mən ABŞ-da olarkən PKK və FETÖ üzvləri dayandığım yerdən 40-50 metr aralıda etiraz aksiyası təşkil etdilər. Amma Amerika polisi heç nə etmədi. 

Əgər Türkiyədə belə bir hadisə olsaydı, təsəvvür edirsinizmi, nə olardı? Bizim iki vətəndaşımızı saxlayıblar. 12 mühafizəçim haqda həbs qərarı çıxarıblar. Bu nə qanundur? Əgər mühafizəm məni qorumayacaqsa, onda niyə onları Amerikaya aparırdım?”. 

Qərara münasibət bildirən siyasi ekspert Natiq Miri vurğulayıb ki, bunu Tramp administrasiyasının mövqeyi kimi qəbul etmək lazım deyil. Onun sözlərinə görə, Trampın çevrəsindəki şəbəkə başqa ölkələrlə münasibətləri pozmağa çalışır: 

"Mühafizəçilərin həbsi qərarı qardaş ölkəyə təzyiq xarakteri daşıyır. Əslində həmin şəbəkə yaxşı dərk edir ki, verilən qərar iki dövlət arasında əlaqələri ciddi surətdə zədələyəcək. Buna baxmayaraq, süni surətdə problem yaratmaqda israr edirlər. Fikrimcə, hazırda ABŞ-da gedən proseslərə Tramp və onun administrasiyası təsir etmək gücündə deyil”. 

Politoloqun sözlərinə görə, müəyyən güclər ABŞ-Türkiyə gərginliyi yaratmaqla Rusiya və İranın əlini gücləndirir: 

"Amerika Prezidenti xarici ölkələrə səfər edəndə onun bir neçə yüz metr radiusuna yaxınlaşmaq mümkünsüzdür. Ağ Ev rəhbəri elə ciddi səviyyədə qorunur ki, kartejinə belə yaxın düşmək olmur. Ancaq Türkiyə rəhbəri Ərdoğan ABŞ-a səfər etdiyi zaman 40 metrliyində PKK terrorçuları gəzməyə başlayır. Yoxlanılmadan aksiyaya buraxılan terrorçular istənilən an mitinq bəhanəsiylə Ərdoğana zərər yetirə bilərdilər. Şübhə yoxdur ki, məqsəd fitnə-fəsad çıxartmaqla Türkiyəyə siyasi təsir etmək, eyni zamanda Trampla Ərdoğan arasında yaxınlaşmaya mane olmaqdır. Ankara hökuməti buna adekvat cavab verməlidir. Əlbəttə, bu cavablar kontekstində ikili münasibətlərə ciddi ziyan dəyə bilər. Hətta ola bilsin, Ərdoğan ABŞ-a nəzərdə tutulan bütün səfərlərini dondursun. Amma sərt cavab vermək şərtdir”.

İsmayıl