
Merkel İlham Əliyevlə Qarabağdan danışıb
Almaniya kansleri: “Rusiya münaqişənin tənzimlənməsində açar rolunu oynayır”Azərbaycan prezidenti: “ATƏT-in Minsk Qrupu həmsədrləri və bu ölkələrin prezidentləri də “status-kvo”nun qəbuledilməz olduğunu elan ediblər"

"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Angela Merkellə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Prezident bildirib ki, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən 4 qətnamə 20 il əvvəl qəbul edilib və sənədlərdə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən tez bir zamanda və qeyd-şərtsiz çıxarılması nəzərdə tutulub. Ancaq təəssüflər olsun ki, bu qətnamələr yerinə yetirilməyib: "Bunun üçün mexanizm yoxdur. Etnik təmizləmə törədən, beynəlxalq hüququ pozan, ərazi işğal edən Ermənistana qarşı sanksiya tətbiq olmayıb. Biz münaqişənin tez bir zamanda sülh yolu ilə həllini istəyirik. Təmas xəttində baş verən son hadisələr göstərdi ki, atəşkəs kövrəkdir və dayanıqlı deyil. Ermənilər təmas xəttində təxribatlar törətdi, biz də özümüzü, dinc vətəndaşlarımızı müdafiə etməliydik. Həmin vaxt ermənilər tərəfindən 8 mülki vətəndaş öldürüldü”. Dövlət başçısı qeyd edib ki, "status kvo” dəyişməlidir: "ATƏT-in Minsk Qrupu həmsədrləri və bu ölkələrin prezidentləri də "status-kvo”nun qəbuledilməz olduğunu elan ediblər. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir”. Prezident ötən ay Vyanada üç həmsədr ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunduğunu xatırladıb: "Biz orada substantiv danışıqların başlanması, atəşkəs rejiminin möhkəmlənməsi barədə qərara gəldik”.
"Dağlıq Qarabağ tarixi Azərbaycan torpaqlarıdır”
Azərbaycan Prezidenti bildirib ki, Ermənistan güc yolu ilə Azərbaycana məxsus əraziləri işğal edib: "Dağlıq Qarabağ tarixi Azərbaycan torpaqlarıdır. Onlar Xocalıda soyqırım törətdilər. Dünyanın 10 ölkəsi bunu soyqırım kimi qəbul edib. Bu soyqırım çoxdan deyil, beynəlxalq ictimaiyyətin gözü qabağında baş verib. Ermənilər işğal etdikləri ərazilərdə tarixi abidələrimizi, məscidlərimizi dağıdıblar. 20 ildən çoxdur, həmin əraziləri tutublar və beynəlxalq hüquqdan imtina edirlər. Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın işğal olunmuş ərazilərinin işğaldan azad olunması ilə mümkündür. Ermənilər zaman-zaman təmas xəttində təxribatlar törədirlər. Bu da danışıqlar prosesini pozmaq məqsədilə edilir. Lakin son aprel təxribatında onların nəticələrlə bağlı səhv hesablamaları oldu. Biz öz ərazilərimizin bir hissəsini azad edə bildik. Bu, Ermənistan rəhbərliyinin unutmamalı olduğu dərsdir. Onlar ABŞ, Fransa və Rusiya liderlərinin "status-kvo”nun qəbuledilməz olması ilə bağlı bəyanatlarını dinləməlidirlər”.
"Rusiyanın Ermənistana silah satması Azərbaycanda allergiya yaratmır”
Prezident İlham Əliyev deyib ki, Rusiya Azərbaycanla qonşu, dost ölkədir: "Rusiya ilə yaxşı, konstruktiv münasibətlərimiz mövcuddur. Azərbaycanın Rusiya ilə təhlükəsizlik, nəqliyyat, ticarət sahəsində yaxşı münasibətləri var. Rusiyanı strateji tərəfdaş hesab edirik. Rusiyanın da Azərbaycana münasibəti eynidir. Moskvanın Ermənistana silah satması Azərbaycanda allergiyaya səbəb olmur. Lakin bu, Ermənistanda allergiya doğurur”. Dövlət rəhbəri vurğulayıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan aldığı silahlara görə pul ödəyir: "Azərbaycan təkcə Rusiyadan deyil, həmçinin Türkiyə, İsrail, Belarus və İrandan silah alır. Çünki biz silahlı qüvvələrimizi müasirləşdirməliyik. İşğal altında olan və çətin geosiyasi konfiqurasiyada yerləşən dövlət bunu etməlidir. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Biz Rusiyanın burada rolunu pozitiv qiymətləndiririk. Ümid edirik ki, Rusiya, Fransa və ABŞ bütün potensialından istifadə edərək Ermənistanı ona məxsus olmayan torpaqlardan çıxmağa inandıracaq”.
"Avropa İttifaqı səylərimizə böyük dəstək verir”
Prezident bildirib ki, Almaniya ilə Azərbaycan arasında aktiv siyasi dialoq mövcuddur: "Bu kimi görüşlər vacib məsələlər barədə fikir mübadiləsi aparmaq üçün geniş imkanlar açır. Mən Alman-Azərbaycan biznes forumunda iştirak etdim. Bu əməkdaşlığın regionda sülh və sabitliyə yol açacağına ümid edirəm. Görüşdə enerji təhlükəsizliyi məsələsi də müzakirə olundu. Azərbaycan genişmiqyaslı enerji layihələri həyata keçirir. Avropa İttifaqı səylərimizə böyük dəstək verir. Bu baxımdan "Cənubi Qaz Dəhlizi” layihəsi tədarükçü kimi bizə enerji diversifikasiyası, Avropaya isə yeni qaz mənbəyi imkanı verir. Bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edir. Azərbaycan bu sahədə yenidir. Layihənin həcmi 45 milyard dollardır”. Prezident İlham Əliyev Angel Merkelə Azərbaycandan keçməklə, Avropa və Asiyanı birləşdirəcək nəqliyyat xətti barədə məlumat verdiyini də bildirib: "Bu nəqliyyat xətti iki qitə arasında etibarlı əlaqə quracaq. Biz bunu da ilin sonunda istifadəyə vermək niyyətindəyik”.
"Azərbaycan demokratiya və insan haqları prinsipinə sadiqdir”
Dövlət başçısı bəyan edib ki, Azərbaycan demokratiya və insan haqları prinsipinə sadiqdir: "Azərbaycandakı siyasi vəziyyətin müzakirə edilməsinin tərəfdarıyıq. Bu məsələlərin inkişafı üçün, o cümlədən sərbəst toplaşma, ifadə azadlığı sahəsində bir sıra addımlar atılıb. Azərbaycanda internet azaddır. Həmçinin ölkəmizdə din və etiqad azadlığı mövcuddur. Bu il Azərbaycanda "Multikulturalizm ili” elan edilib. Azərbaycanda müxtəlif dinlər harmoniyada yaşayır”.
"Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır”
Almaniya kansleri Angela Merkel də Prezident İlham Əliyevlə təkbətək görüşdə ikitərəfli münasibətlərin intensivləşdirilməsi, Azərbaycandakı iqtisadi vəziyyət, neft və qaz qiymətlərinin hazırkı qiymətləri barədə müzakirələr apardıqlarını deyib. Merkel bildirib ki, mövcud vəziyyət ölkədə iqtisadi islahatlara töhfə verib: "Azərbaycandakı sosial vəziyyətlə bağlı müzakirələr apardıq. Ümid edirəm ki, alman fondları yenidən Azərbaycanda işləyəcək. Aprelin əvvəllərində atəşkəsin pozulmasının şahidi olduq. Münaqişənin diplomatik və sülh yolu ilə həllini istəyirik. Düşünürəm ki, tərəflər danışıqlar masası arxasında əyləşməlidir. Biz təkcə həmsədrlərin deyil, bütün Minsk qrupunun bu prosesdə fəal iştirakını dəstəkləyirik”. Bununla yanaşı, Almaniya kansleri qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində açar rolunu oynayır: "Şübhəsiz ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində həlledici rol oynayır. Biz burada Minsk Qrupunun həmsədrləri olaraq Rusiya hökumətini, habelə ABŞ və Fransa hökumətlərini dəstəkləmək üçün öz əlaqələrimizdən istifadə edəcəyik”.
İsmayıl