Məşhur telelayihələr Azərbaycan efirində sönük görünür
Televiziyalarımızda ya konsertdir, ya da dava-dalaş, saçyoldu Artıq yetər! Milli Teleradio Şurası bu vəziyyətə əməlli-başlı əncam çəkməlidir
Milli Teleradio Şurası qollarını çırmayıb işə keçmək istəyir. "Televiziya və radio yayımı haqqında” qanuna təsdiqlənmiş dəyişikliklərlə MTRŞ-yə telekanallarla bağlı birbaşa ölçü götürmək səlahiyyəti verilib. Və MTRŞ da əlinə düşmüş bu səlahiyyətdən istifadə edəcək artıq. İşartılar da görünür. MTRŞ-nin hüquq şöbəsinin müdiri Nemət Cavadov musavat.com-a açıqlamasında bəzi verilişlərin qeyri-etik, səviyyəsiz olmasından, canlı yayımda iştirakçıların və hətta aparıcıların da təhqiramiz ifadələr işlətməsindən, belə verilişlərin cəmiyyət üçün heç bir müsbət örnək daşımadığından danışıb və konkret ad çəkib: "Adam içində” verilişi.
Şöbə müdiri aşkar işarə edib ki, "Adam içində” "qırmızı xətti” keçib və qapanması labüd görünür.
Çox əcəb. Zatən tamaşaçı bu tip verilişlərdən bezib. Və ümumiyyətlə, Azərbaycan televiziyalarında yayımlanan verilişləri köklü şəkildə arıtlamaq gərəkdir. Ancaq prosesin sonunda yerdə nə qalacaq, demək çətindir. Çünki telekanallardakı verilişlərin, demək olar, 90 faizi çıxdaşlıqdır. Verilişlərin əksəriyyəti "brak” məhsul kimi məişət tullantıları üçün nəzərdə tutulmuş zibilliyə atılmalıdır. Televiziyalarda son iki gündə iki "yeni” layihə görünüb. Biri Türkiyə televiziyalarında uzun müddət yayımlanmış "Böyük risk”, biri də yenə Türkiyə televiziyalarında çoxdan izlənilən "Yetənək sizsiniz” verilişinə bənzədilməyə çalışılan "Özünü tanıt” və "61” verilişidir. Yəni, vallah, deməkdən də yorulmuşuq, yazmaqdan da. Dünyaca məşhur telelayihələrin hansısa ölkənin televiziyasında yayım hüququ əldə etməsi çox normal haldır. Buna bir sıra ölkələrdə rast gəlinir. "Böyük risk” telelayihəsi, Rusiyada "Svoya iqra” adıyla yayımlanıb. Və çox da baxımlı, cəlbedici veriliş olub. Amma bizimkilər dünyaca məşhur telelayihələri elə bərbad kökə salırlar ki, baxılası olmur. Adını çəkdiyim bu iki veriliş də istisna olmadı. Baxmayaraq ki, birində tanınmış aparıcı Leyla Quliyeva, digərində isə Murad Dadaşov və Aygün Kazımova kimi məşhur isimlər var. Səbəb, yəqin ki, tele-peşəkarlığın lazımi səviyyədə olmamasıdır. Türkiyədəki telekanalların birində yayımlanan "Böyük risk” layihəsi necə baxımlı, həvəsləndirici idisə, Leyla xanımın təqdimatındakı veriliş bir o qədər darıxdırıcı və cansıxıcı idi. Məlumat üçün deyək ki, telelayihənin Türkiyə variantında veriliş həftənin 5 günü yayımlanırdı, bir iştirakçı 3 dəfə ard-arda böyük məbləğdə uduşa sahib olurdusa, qalib elan edilirdi, digər iştirakçılara da udduqları məbləğ təqdim edilirdi. Bizim azərbaycansayağı variantda isə ilk oyunda qalib gəlmiş iştirakçıya sonrakı oyunlarda iştirak etmək təklif olunur və əgər o razılaşarsa və daha bir neçə oyunda iştirak edib qalib gələrsə, sonda avtomobil sahibi olmaq şansı əldə edir. Bizimkilər hələ də anlamır ki, sürət və cəldlik əsrində iştirakçı ilə birgə tamaşaçını da yormaq onu itirmək deməkdir. Açıq deməliyik ki, bu verilişdə nə sürət vardı, nə cəldlik. İştirakçılar sanki yuxulayırdılar. Leyla Quliyeva isə sadəcə gözünə eynək taxmaqla fərqlənməyə çalışmışdı. Amma tamaşaçı onu yenə də "Avroviziya” aparıcısı olaraq görürdü. Məşhur aktyor Səlçuq Yöntəmin aparıcılığındakı "Böyük risk”i izləyənlərin Leyla Quliyevanın "61”ini cansıxıcı görməsi tamamilə anlaşılandır. "Özünü tanıt” telelayihəsi isə Murad Dadaşov və Aygün Kazımova isimlərinin məşhurluğuna "bel bağlayır”. Ancaq heç də möhkəm bağ sayıla bilməz. Xüsusilə Aygün Kazımovanın hazırda enişdə olduğu diqqətə alınarsa. Bunu zaldakı izləyicilərin sayı da bəlirləyirdi. Açıq görünürdü ki, zal boşdur. Verilişə maraq yoxdur. Hardan olsun ki. Kimlər gələcək ki bu verilişə? Oxuyanlar və oynayanlar. Başqa kimimiz var?!
Telekanallarımız belə məşhur layihələri "milliləşdirmək” istədikdə mövcud riskləri gözə almalıdırlar. Azərbaycan nə Rusiyadır, nə Türkiyə. Burada nə Rusiya məktəbliləri kimi, 1 dəqiqədə 30 suala cavab verə bilən məktəblilər var, nə də Türkiyə kimi geniş əraziyə malik ölkə deyil ki, hər verilişdə zalı tamaşaçı ilə doldura biləsən. Hətta oyun zallarının tərtibatında da geri qalırıq. Bizdə həmin görüntü, həmin işıq effekti alınmır. Məşhur telelayihələr Azərbaycan efirində boz və sönük görünür. Yəqin, lazımi texnikanın olmaması və əlbəttə ki, qeyri-peşəkarlıq özünü mənfi baxımdan göstərir. Geri qalırıq. Hər cəhətdən. "O səs Türkiyə” telelayihəsinin "Azərbaycanın səsi” variantı da uğursuz alındı. Halbuki, "tvitter” izləyiciləri eyni telelayihənin Rusiya, Ukrayna, hətta Hindistan variantını izləməkdən yorulmurdular. Yəni, bizimkilər nəyə əl atırsa, onu pis günə qoyur. "Məni yarımdan soruş”u yada salaq. Sizcə, bu verilişi Türkiyənin "Kanal D”sində illərdir yayımlanan və sözün həqiqi mənasında reytinqdən düşməyən (bunu hər buraxılışda uduşa avtomobil qoyulması sübut edir) "Mən bilməm, eşim bilir” verilişi ilə müqayisə etmək olardımı? Bizdə qaliblərə də ya "süpürgə” verirdilər, uzaqbaşı şirəçəkən maşın. Məlumdur ki, bu telelayihə aparıcı Zaurun həyat yoldaşını belində gəzdirməsi ilə fiaskoya uğradı. Hazırda "Space” telekanalında yayımlanan "Cehiz” verilişində pis çıxmasın, endirimdə olan "kitayski” malları iştirakçılara "sırıyırlar”. Qısası, dünyaca məşhur telelayihələr Azərbaycan efirində özünün süqutunu yaşayır.
İllər əvvəl, Rusiya telekanalları "Fabrika zvyozd” layihəsinə başladı. Adından da göründüyü kimi, layihənin məqsədi "ulduz” istehsalı ilə məşğul olmaq idi. Və oldular da. Zatən Rusiya estradası hər zaman zirvədə olub. Bunu etiraf etməliyik. Amma di gəl ki, bizimkilər "qonşudan qalma dala” prinsipini rəhbər tutaraq azərbaycansayağı müğənni istehsalına başladılar və "Yeni ulduz”, "Xalq ulduzu”, "Toylar kralı”, "kraliçaları” layihələri ard-arda sıralandı, tamaşaçılar artıq sayı belə unutdular. Birinci, ikinci, üçüncü... "Müğənni istehsalına” elə aludə oldular ki, bir türlü son verə bilmədilər. İndi də oxşar layihələr davam edir. Beşillik plan doldururmuş kimi, ölkəni başdan-ayağa müğənnilərlə doldururlar. Sonra da müğənnilər verilişlərə çıxmaq üçün sıraya düzülüb. "Ay Zaur” nə İlahə İbadovadan, nə də Gülaydan can qurtara bilir. Üstəlik, hər kvartalda başqa yenilər də üzə çıxır. İndi gəl, bunlara veriliş çatdır görüm, necə çatdırırsan. Yəqin, buna görədir ki, şou-verilişlərin sayı bu qədər artıb. Verilişlərin sayı müğənniciklərin sayı ilə düz-mütənasib olmalıdır. Əks halda, müğənnilər harada, necə reklam olunar? Bəziləri də, müğənniliyi atıb aparıcılığa keçib. Müğənnilər aparıcılıq edir, aparıcılar müğənnilik. Aktyorlar, məzhəkəçilər də bir tərəfdən. Hərə bir veriliş açır, 3-4 müğənnini dəvət edir, lağ-lağı, qeybət, süni gülüşlər, əttökən hərəkətlər. Televiziyalarımızda ya konsertdir, ya da dava-dalaş, saçyoldu. Hansı aparıcı istəyirsə ki, verilişi "baxımlı” olsun, mütləq Əli Mirəliyevi dəvət edir. Vaxtilə toylarda əsl krallıq etmiş bu müğənni də onların felinə düşür. Evdən qaçan arvadlar, arvadını döyən kişilər. Telekanallardakı verilişlərə baxan bir əcnəbi səhvən belə başa düşər ki, bu ölkədə nə hüquq-mühafizə orqanları var, nə də səhiyyə strukturu, nə məhkəmə, nə də istintaq. Çünki bütün bu vəzifələri televiziyalar öz üzərinə götürüb. Xəstələri bunlar sağaldır, evsizlərə bunlar ev tapır, ərsizlərə ər, uşaqlara ata tapan da televiziyalardır. Anlamaq olmur, bəs bu ölkənin icra strukturları nə işlə məşğuldur? Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi nə işlə məşğuldur? Televiziyalarda əcaib və həqiqətən də analoqsuz vəziyyət hökm sürür. Dərd burasındadır ki, televiziya rəhbərləri, hətta bəzi həmkarlarımız da səviyyəsiz, düşük verilişlərə "haqq qazandırıb” "tamaşaçı bunu istəyir” deyərək xalqı aşağılayırlar. Guya ki, bizlər Çingiz Abdullayevə qulaq asacaq səviyyədə deyilik. Öz qəbahətini başqalarına yükləməyə nə var. Həm də əlində efir kimi silah varsa. Amma yox. Artıq yetər! Milli Teleradio Şurası bu vəziyyətə əməlli-başlı əncam çəkməlidir. Səlahiyyət də verilib, çox şükür! İşə başlamağın əsl vaxtıdır.
Məlahət Rzayeva